Mobil versiya
Kamaləddin Qafarov: “İtaliya ilə əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib”
Tarix: 06-05-2026 | Saat: 10:04
Bölmə:Manşet / Siyasət | çapa göndər

Kamaləddin Qafarov: “İtaliya ilə əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib”

“Mayın 4-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni arasında keçirilən görüş və səsləndirilən bəyanatlar iki ölkə arasında münasibətlərin bugünkü səviyyəsini bir daha aydın şəkildə nümayiş etdirdi.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O, bildirib ki, artıq Azərbaycan ilə İtaliya arasında əlaqələr sadəcə diplomatik çərçivədə deyil, strateji tərəfdaşlıq səviyyəsindədir. “Təsadüfi deyil ki, ölkələrimiz arasında iki mühüm strateji tərəfdaşlıq sənədi mövcuddur və bu sənədlər sayəsində əlaqələr daha da dərinləşib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan ilə İtaliya arasında münasibətlərin hazırkı mərhələsi təkcə diplomatik əməkdaşlıq deyil, eyni zamanda qarşılıqlı maraqlara söykənən strateji tərəfdaşlıq modelinin uğurlu nümunəsi kimi qiymətləndirilə bilər. İtaliya ilə əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi də əlbəttə ki, təsadüfi deyil. Bu münasibətlər uzun illər ərzində formalaşmış etimada, sabit siyasi dialoqa və ortaq iqtisadi maraqlara əsaslanır. Xüsusilə yüksək səviyyəli qarşılıqlı səfərlər tərəflər arasında siyasi iradənin möhkəm olduğunu nümayiş etdirir və əməkdaşlığın gələcək inkişafı üçün əlverişli zəmin yaradır. İtaliya hazırda ölkəmizin birinci ticarət tərəfdaşıdır. Bu isə təkcə iqtisadi maraqların deyil, eyni zamanda siyasi və humanitar sahələrdə etibarlı əməkdaşlığın bariz nümunəsidir.”

Millət vəkili qeyd edib ki, enerji sahəsində əməkdaşlıq Azərbaycan-İtaliya münasibətlərinin əsas sütunlarından biri olaraq qalır: “Azərbaycanın ixrac etdiyi təbii qazın əhəmiyyətli hissəsinin məhz İtaliya bazarına yönəlməsi bu ölkənin Avropanın enerji təhlükəsizliyində oynadığı rolun bariz göstəricisidir. Prezident İlham Əliyevin qeyd etdiyi rəqəmlər – 25 milyard kubmetr ixracın 9,5 milyardının İtaliyaya çatdırılması – tərəfdaşlığın real iqtisadi məzmununu açıq şəkildə ortaya qoyur. Bu kontekstdə Trans Adriatic Pipeline layihəsinin əhəmiyyəti xüsusi qeyd olunmalıdır. Cənub Qaz Dəhlizinin əsas komponentlərindən biri olan bu layihə təkcə enerji daşımalarının texniki təminatı deyil, həm də Avropa ilə Azərbaycan arasında strateji körpü rolunu oynayır. Layihənin genişləndirilməsi ilə bağlı müzakirələrin aparılması isə əməkdaşlığın perspektivlərinin daha da geniş olduğunu göstərir. Ümumilikdə, bu səfər və səsləndirilən bəyanatlar Azərbaycan-İtaliya əlaqələrinin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Strateji tərəfdaşlıq artıq yalnız bəyanat səviyyəsində deyil, konkret iqtisadi layihələr və qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq mexanizmləri ilə möhkəmlənir. Bu isə həm regional sabitlik, həm də Avropanın enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-05-2026