Mobil versiya
Azərbaycan və İtaliya münasibətləri yeni mərhələyə qədəm qoyur
Tarix: 06-05-2026 | Saat: 09:53
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan və İtaliya münasibətləri yeni mərhələyə qədəm qoyur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Nazirlər Şurasının sədri Giorgia Meloninin 2026-cı il mayın 4-də Azərbaycana səfəri zamanı verdiyi bəyanatda iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində uğurla inkişaf etdiyini bildirib.

Dövlət başçısı qeyd edib ki, 2014 və 2020-ci illərdə imzalanmış strateji tərəfdaşlığa dair bəyannamələr Azərbaycan ilə İtaliya arasında əlaqələrin əsasını təşkil edir və bu sənədlərdə əksini tapan müddəalar artıq praktik müstəvidə öz təsdiqini tapıb. Prezident İlham Əliyev vurğulayıb ki, Giorgia Meloninin Ermənistan səfərindən sonra Azərbaycana gəlməsi xüsusi rəmzi əhəmiyyət daşıyır və bu, ölkəmizə göstərilən hörmətin bariz nümunəsidir. O, bu səfərin regionda formalaşan yeni əməkdaşlıq mühitinə də müsbət təsir göstərəcəyini qeyd edib.

Prezident bildirib ki, Azərbaycan ilə İtaliya arasında siyasi əlaqələr ən yüksək səviyyədədir və iqtisadi əməkdaşlıq da dinamik inkişaf edir. Onun sözlərinə görə, İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır və ötən il iki ölkə arasında ticarət dövriyyəsi təxminən 12 milyard dollar təşkil edib. Energetika sahəsində əməkdaşlığın xüsusi yer tutduğunu deyən dövlət başçısı qeyd edib ki, Azərbaycan İtaliyanın həm neft, həm də qaz təchizatında ikinci yerdə qərarlaşıb.

İlham Əliyev diqqətə çatdırıb ki, İtaliya bazarı Azərbaycan üçün strateji əhəmiyyət kəsb edir. Ötən il ixrac edilən 25 milyard kubmetr təbii qazın 9,5 milyard kubmetri məhz İtaliyaya göndərilib. Bu həcmin artırılması məqsədilə tərəflər arasında müzakirələr aparılıb və bu istiqamətdə Trans Adriatic Pipeline layihəsinin genişləndirilməsinin vacibliyi vurğulanıb. Prezident əlavə edib ki, enerji sahəsində əməkdaşlıq Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına da mühüm töhfə verir.

Prezident həmçinin yeni əməkdaşlıq istiqamətlərindən biri kimi hərbi-texniki sahədə tərəfdaşlığın perspektivli olduğunu bildirib. Bu çərçivədə birgə istehsalın təşkili və İtaliya texnologiyalarının Azərbaycan investisiyaları ilə birləşdirilməsi imkanlarının müzakirə olunduğu qeyd edilib. Bununla yanaşı, yüksək texnologiyalar, sənaye və innovasiya sahələrində də əməkdaşlığın genişləndirilməsi üçün potensialın mövcud olduğu vurğulanıb.

Dövlət başçısı bildirib ki, Azərbaycan Dövlət Neft Fondu tərəfindən son illərdə İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollar sərmayə yatırılıb və bu investisiyaların yeni layihələrə yönəldilməsi məsələsi də gündəmdədir. Bu addımların iki ölkə arasında iqtisadi tərəfdaşlığın daha da dərinləşməsinə xidmət etdiyi qeyd olunub.

İlham Əliyev vurğulayıb ki, İtaliya şirkətləri Azərbaycanda uzun illərdir uğurla fəaliyyət göstərir və hazırda onların sayı 130-a yaxındır. Xüsusilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında İtaliya şirkətləri tərəfindən 23 layihə icra olunur və bu göstərici üzrə İtaliya qabaqcıl mövqedədir. Prezident bu bölgələrdə həyata keçirilən layihələrin bərpa və yenidənqurma prosesinə mühüm töhfə verdiyini diqqətə çatdırıb.

Dövlət başçısı iki ölkə arasında əməkdaşlıqda təhsil sahəsinin də mühüm yer tutduğunu qeyd edib. O bildirib ki, ötən il Bakıda İtaliya-Azərbaycan Universiteti fəaliyyətə başlayıb və artıq 500-dən çox tələbə burada təhsil alır. Prezidentin sözlərinə görə, bu ali təhsil ocağı gələcəkdə iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcək, eyni zamanda yeni nəsil peşəkar kadrların yetişməsində mühüm rol oynayacaq.

Sonda Prezident İlham Əliyev Azərbaycan ilə İtaliya arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin gələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə edib və bu səfərin ikitərəfli əlaqələrin inkişafında yeni mərhələnin başlanğıcı olacağını vurğulayıb.

Lamiyə Həsənzadə
Azim Müzəffərov adına Saray qəsəbə 2 nömrəli tam orta məktəbin direktoru




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-05-2026