Mobil versiya
Azər Badamov: “Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası yalnız bir dövrün deyil, bütövlükdə müasir Azərbaycan tarixinin təməlini təşkil edir”
Tarix: 01-10-2025 | Saat: 17:31
Bölmə:Manşet / Siyasət | çapa göndər

Azər Badamov: “Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası yalnız bir dövrün deyil, bütövlükdə müasir Azərbaycan tarixinin təməlini təşkil edir”

“Hər bir xalqın taleyində elə anlar olur ki, həmin məqamda düzgün seçim dövlətin, gələcək nəsillərin müqəddəratını müəyyənləşdirir. 1993-cü ilin yay-payız ayları Azərbaycanda məhz belə tarixi dövr idi. Dövlət müstəqilliyini yenicə bərpa etmiş ölkəmiz daxili çəkişmələr, siyasi xaos, vətəndaş müharibəsi təhlükəsi, torpaq itkiləri və iqtisadi böhran girdabında idi. Belə bir məsuliyyətli anda xalq çıxış yolunu böyük siyasi təcrübəyə və dövlətçilik təfəkkürünə malik dahi şəxsiyyətin – Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışında gördü. 1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkiləri xalqımız üçün qurtuluşun başlanğıcı oldu. Azərbaycan vətəndaşları böyük səs çoxluğu ilə Heydər Əliyevi ölkənin Prezidenti seçərək, dövlətin gələcəyini inamlı əllərə tapşırdılar. Bu taleyüklü seçimlə müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji əsasları qoyuldu, müstəqilliyin qorunması təmin olundu.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Badamov deyib.

Hakim partiya təmsilçisi fikirlərini davam etdirərək bildirib ki, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti Vətənə sədaqətli xidmətin bariz nümunəsi olub: “1993-cü il oktyabrın 10-da andiçmə mərasimində xalqa sədaqət andı içən Ümummilli Lider Heydər Əliyev ölkəni parçalanmaq təhlükəsindən xilas etdi. Ulu Öndər ilk növbədə böyük şəxsi həyati risklər bahasına qeyri-qanuni silahlı dəstələri zərərsizləşdirdi, dövlət çevrilişi cəhdlərinin qarşısını aldı, ölkəni sabitlik yoluna çıxardı. İqtisadiyyatın bərpası, neft strategiyasının həyata keçirilməsi, Bakı-Tbilisi-Ceyhan kimi qlobal enerji layihələrinin əsasının qoyulması Ümummilli Liderin Vətənə sədaqətli xidmətinin bariz nümunəsidir. Ulu Öndər hələ prezidentliyə başladığı ilk gündən bəyan etmişdi: “Həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcəyəm.” O, sözünə sadiq qalaraq, bütün fəaliyyətini Azərbaycanın inkişafına sərf etdi. Heydər Əliyev dövlət idarəçiliyində sistemli islahatlar apararaq, xalqı dövlətə inandırdı və gələcək nəsillərə güclü dövlətçilik irsi miras qoydu.”

Daha sonra A.Badamov Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasından bəhs edərək bunları deyib: “Müstəqilliyin ilk illəri ağır faciələrlə yadda qaldı. 20 Yanvar, Xocalı soyqırımı, Laçın və Şuşanın işğalı xalqımızın faciəli taleyinin acı səhifələridir. Siyasi səriştəsiz rəhbərlərin – əvvəl Vəzirov-Mütəllibov, daha sonra Xalq Cəbhəsi-Müsavat cütlüyünün səhv addımları ölkəni uçuruma sürüklədi. Yalnız xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra müstəqilliyin itirilməsi təhlükəsi aradan qaldırıldı. Ümummilli Lider ölkənin hüquqi və siyasi-iqtisadi suverenliyini möhkəmləndirdi. Dövlət idarəçiliyi bərpa olundu, ordu quruculuğu istiqamətində ardıcıl tədbirlər görüldü, Ermənistanın yeni hücumlarının qarşısı alındı. Cəmiyyətdə sabitlik yaradıldı və məhz bu sabitlik iqtisadi yüksəlişə yol açdı. Müstəqil Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi qəbul olunması da məhz Ulu Öndər Heydər Əliyevin siyasi iradəsinin nəticəsi idi. Heydər Əliyev siyasi kursunun əsasında üç mühüm hədəf dayanırdı: müstəqilliyin möhkəmləndirilməsi, beynəlxalq nüfuzun artırılması və sosial-iqtisadi tərəqqi. Bu kurs zamanın sınağından uğurla çıxdı və Azərbaycanın sabit inkişafının qarantına çevrildi. Ulu Öndər həmçinin dövlətçiliyin mənəvi dayağını – Azərbaycançılıq ideologiyasını yaratdı. Bu ideologiya təkcə ölkə daxilində deyil, həm də bütün dünya azərbaycanlılarını vahid milli düşüncə ətrafında birləşdirdi. Tarixi yaddaşın bərpası, milli ruhun gücləndirilməsi və vahid məfkurə ilə hərəkət etmək ideyası müasir Azərbaycanın güclənməsində həlledici rol oynadı.”

Sonda millət vəkili Heydər Əliyev siyasi kursunun bu gün də dövlətçiliyimizin ən mühüm dayağı olduğunu qeyd edib: “2003-cü ildən etibarən cənab Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirir. Bu kursun nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilib. Enerji layihələri tam reallaşdırılıb, ölkə iqtisadiyyatı misli görünməmiş sürətlə inkişaf edib, sosial rifah əhəmiyyətli dərəcədə yüksəlib. Ordunun güclənməsi və nəhayət, 2020-ci ildə torpaqlarımızın işğaldan azad olunması da məhz həmin siyasi irsin davamı oldu. Möhtərəm dövlət başçımız bu kursu XXI əsrin çağırışlarına uyğunlaşdıraraq Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırıb. Bu gün biz qətiyyətlə deyə bilərik ki, Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası yalnız bir dövrün deyil, bütövlükdə müasir Azərbaycan tarixinin təməlini təşkil edir. Onun yaratdığı siyasi xətt bu gün də dövlətçiliyimizin dayağıdır. Cənab Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə bu kurs daha da zənginləşdirilərək Azərbaycanı yeni zirvələrə aparır. Xalqın qurtuluş seçimi – Heydər Əliyev yolu – bu gün müstəqil, güclü və qalib Azərbaycanın əsas inkişaf modelidir” – deyə, Azər Badamov fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-10-2025