Mobil versiya
Səttar Möhbalıyev: Ulu Öndər Heydər Əliyev Azərbaycançılıq məfkurəsinin banisi və dünya azərbaycanlılarını birləşdirən liderdir
Tarix: 30-09-2025 | Saat: 10:04
Bölmə:Manşet / Siyasət | çapa göndər

Səttar Möhbalıyev: Ulu Öndər Heydər Əliyev Azərbaycançılıq məfkurəsinin banisi və dünya azərbaycanlılarını birləşdirən liderdir

Ulu Öndər Heydər Əliyev demişdir: “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” 1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkiləri Azərbaycan xalqının taleyində dönüş nöqtəsi oldu. Qurtuluşa gedən yolun başlanğıcı kimi tarixi dəyərini uzun illər saxlayacaq. Bu seçim sadəcə siyasi akt deyil, dövlətçiliyin xilası idi. Müstəqilliyin ilk illərində baş verən səriştəsiz idarəçilik, vətəndaş qarşıdurması, xarici qüvvələrin təxribatları ölkəni məhvə aparırdı. Xalq böyük səs çoxluğu ilə Ulu Öndər Heydər Əliyevi Prezident seçməklə dövlətçiliyin bünövrəsini möhkəmləndirdi, bugünkü qüdrətli Azərbaycanın təməl daşını qoydu. Seçkidən cəmi bir həftə sonra – 1993-cü il oktyabrın 10-da keçirilmiş andiçmə mərasimində Ulu Öndər Heydər Əliyev xalq qarşısında söz verdi ki, ömrünün sonuna qədər Azərbaycan xalqına sədaqətlə xidmət edəcək. Bu sadəcə bir vəd deyildi, tarixin yaddaşına yazılmış bir missiya idi.

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Fikirlərini davam etdirən millət vəkili bildirib ki, 1991–1993-cü illər Azərbaycan üçün hərc-mərclik, anarxiya və idarəetmənin iflici ilə yadda qaldı. Məhz həmin dövrdə xalq xilaskarlıq ümidini Ulu Öndər Heydər Əliyevdə gördü. 1993-cü ilin iyununda xalqın təkidli dəvəti ilə Bakıya qayıdan Ulu Öndər həyatını təhlükəyə ataraq Gəncədə qiyamın qarşısını aldı və dövlətçiliyi xilas etdi. Azərbaycanın müstəqilliyinin qorunması üçün ilk və ən vacib addım ictimai-siyasi sabitliyin təmin edilməsi oldu. Qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, dövlət çevrilişlərinin qarşısı alındı, vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı. Ordu quruculuğuna başlanıldı ki, bu da sonrakı illərdə ərazi bütövlüyümüz uğrunda mübarizənin təməli oldu. Beləliklə Ulu Öndər Heydər Əliyev fenomeni siyasət ustalığına və dövlətçilik məktəbinə çevrildi. Əslində Ulu Öndər Heydər Əliyev fenomeni yalnız xilaskarlıqla məhdudlaşmır. O, həm də siyasi idarəetmə məktəbinin banisi idi. Dərin zəkası, realist baxışı, beynəlxalq aləmdə balanslı siyasət yürütmək məharəti ilə fərqlənirdi. Dünyanın ən məşhur siyasətçiləri belə onun uzaqgörənliyinə heyran qalırdılar. Siyasi peşəkarlığına görə ona “siyasət nəhəngi”, “siyasət qrosmeysteri” deyirdilər. O, milli ideologiyanı – azərbaycançılıq məfkurəsini yaratmaqla bütün dünya azərbaycanlılarını bir amal ətrafında birləşdirdi.

Millət vəkili fikirlərinin davamı olaraq bildirdi ki, Ulu Öndər Heydər Əliyev ölkənin iqtisadi müstəqilliyinin əsasını qoydu. Qısa müddətdə liberal iqtisadi islahatlara start verdi, sahibkarlığın inkişafı üçün şərait yaratdı. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın qlobal enerji xəritəsinə daxil olmasını təmin etdi. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kimi layihələr regionun siyasi-iqtisadi mənzərəsini dəyişdi və Azərbaycanın strateji rolunu artırdı. Bu, yalnız iqtisadi deyil, həm də siyasi qələbə idi. Çünki neft strategiyası ölkəmizin müstəqilliyini möhkəmləndirən, beynəlxalq nüfuzunu artıran qlobal layihəyə çevrildi. 1995-ci ildə qəbul edilmiş Konstitusiya Azərbaycan dövlətçiliyinin hüquqi əsasını formalaşdırdı. Hakimiyyət bölgüsü prinsipi, insan hüquq və azadlıqlarının təminatı, demokratik dövlətin bünövrəsi də Ulu Öndər Heydər Əliyevin siyasi iradəsinin nəticəsi idi. Kütləvi informasiya vasitələrində senzuranın ləğvi, ölüm hökmünün aradan qaldırılması, Konstitusiya Məhkəməsi və Ombudsman institutunun yaradılması demokratik islahatların nümunəsi oldu. Ulu Öndər Heydər Əliyevin balanslaşdırılmış xarici siyasəti isə Azərbaycanın beynəlxalq nüfuzunu yüksəltdi. O, Ermənistan-Azərbaycan münaqişəsini beynəlxalq gündəliyə çıxardı, Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi üçün mühüm sənədlərin qəbuluna nail oldu. Eyni zamanda, Böyük İpək yolunun bərpası, Avropa-Qafqaz-Asiya dəhlizi, Xəzərin enerji ehtiyatlarının işlənməsi kimi layihələrdə Azərbaycanı regional liderə çevirdi. Ulu Öndərin ən böyük gücü onun dərin, həm də universal biliyində, qətiyyətində, işgüzarlığında, hökmündə, qeyri-adi yaddaşında, tükənməz səbrində, müsahibini təmkinlə dinləmək bacarığında, uzaqgörənliyində, qarşıya qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, ən böyük siyasətçi keyfiyyətlərində, mahir diplomat olmasında və həmsöhbətinə təsir etmə gücündə idi.

3 oktyabr 1993-cü il sadəcə bir seçki tarixi deyil. Bu gün müstəqilliyimizin xilası, dövlətçiliyimizin möhkəmlənməsi, bugünkü güclü Azərbaycan dövlətinin təməl günüdür. Ulu Öndər Heydər Əliyevin siyasi kursu bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu kursun davamı kimi Azərbaycan 30 il sonra torpaqlarını azad etdi, Zəfər qazandı və regionun aparıcı gücünə çevrildi. Ulu Öndərin sözləri bu gün də aktuallığını qoruyur. “Azərbaycan bir müstəqil dövlət kimi öz taleyinin sahibi, öz torpaqlarının sahibi, öz hüquqlarının sahibi olacaq və gələcək firavan həyatını özü quracaqdır.” Bu artıq belədir. 44 gün ərzində torpaqlarını işğaldan azad edən, Suverenliyinin tam bərpasına nail olan Azərbaycan indi öz gələcəyini özü qurur-deyə Səttar Möhbalıyev fikrini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-09-2025