Mobil versiya
Tənhalığın və təkliyin sükutu...- Fuad Biləsuvarlı yazır
Tarix: 01-05-2025 | Saat: 16:26
Bölmə:Gündəm | çapa göndər

Tənhalığın və təkliyin sükutu...- Fuad Biləsuvarlı yazır



İnsan bəzən elə bir məqamın astanasında dayanır ki, sözlər anlamını itirir, səslər çəkilib gedir, dünyanın bütün rəngləri solur. Qalır yalnız sükut—ağır, sıxıcı, gözlə görünməyən, amma bütün varlığı bürüyən bir sükut. O sükut ki, qoynunda insan öz ürəyinin döyüntüsünü belə eşidir...

Tənhalıq bir qonaq kimidir: xəbərsiz gəlir, qapımızı döymədən içəri girir və yerini elə möhkəm tutur ki, varlığımızda kök salır. Gözlə görünmür, amma hər yerdə varlığını hiss etdirir—boş stullarda, sönük baxışlarda, açıq qalmış pəncərələrdə, toxunulmamış fincanlarda...

Tənhalığın içində zaman başqa cür axır. Saatlar yorulur, saniyələr uzanır, illər bir an kimi ötüb keçir. İnsanın iç dünyasında isə hər şey daha da ağırlaşır, düşüncələr dərinləşir, duyğular itilənir. Tənhalıq bizi öz əlimizlə yaratdığımız səssiz bir məbədə aparır—orada nə sözlər var, nə də maskalar. Orada yalnız özümüzük: bütün zəifliklərimiz, arzularımız və ümidlərimizlə.

Tənhalığı bir ümmana, bir dənizə bənzədirəm. O, insanı ağuşuna aldığı an, sanki dənizlə baş-başa qalırıq. Bütün dərdlərimizi, ağır düşüncələrimizi, mənfi auramızı dənizin qoynuna atırıq, amma o dalğalar onları bizə geri qaytarır.

Tənhalıq arzu olunmaz bir qonaqdır— işdə də, evdə də, izdihamda da onun nəfəsini duyuruq. İzdihamlı küçələrdə addımladıqca da tənhalıq bizi tərk etmir. Qələbəlikdə belə tək qalırıq. Alman filosofu Fridrix Nitşenin dediyi kimi, "Tənhalığın ən pisi səni anlamayanların arasında qalmaqdır." Bəzən bir baxışın boşluğunda, bir sözün sükutunda insan təkliyinin fərqinə varır. Elə anlar olur ki, özümüzə belə yadlaşırıq. Tənhalıq sadiq bir sirdaşımız olur—zamanla düşmənə çevrilən bir sirdaş...

Bəzən tənhalıq yaradır: bir şeir, bir mahnı, bir rəsm...
Bəzən də tənhalıq dağıdır: bir xatirə, bir inam, bir xəyal...
Bu günlərdə Amerika yazıçısı Ernest Heminqueyin sözlərinə rast gəldim: "Bu dünyada hökmən bir həmdərdiniz olmalıdır, yoxsa məhv olarsınız." Bu fikir insanı sarsıdır. Çünki anlayırsan ki, bəzən bütün fəlakətlərimizin kökündə təklik dayanır. İnsanın ürəyi paylaşmaq istəyir—kədərini, sevincini, arzusunu...
Bəs xoşbəxtlik niyə bu qədər uzaq görünür bizə? Bəlkə də özümüz onu əlçatmaz etmişik.

İçimizdəki boşluqları doldurmağa çalışsaq da, vəsvəsələr, gələcəyə inamsızlıq, ağır həyat yükü bizə mane olur. Nəsillərin dərdini daşıyır, amma bəzən öz ağrımıza belə qulaq asmırıq.

Bütün bunların içində, çıxış yolu həmişə var. İradə, ümid və inad... Tənhalıqdan qaçmaq çarə deyil—onu dinləmək, anlayıb barışmaq bəzən daha doğru yoldur. İnsanın öz içində yaratdığı güc ona tənhalığın içindən çıxış yolu aça bilər.

Bəlkə də insan ruhunu sıxan yerdən uzaqlaşmalıdır—elə bir yerə getməlidir ki, oranın insanları onu başa düşsünlər, onun düşüncələri ilə qaynayıb qarışa bilsinlər. O zaman tənhalıq insanın ünvanını tapmaz, çünki o, artıq öz yerini tapmış olar.

Həyat tənhalıqla sevincin, ayrılıqla vüsalın, itki ilə ümidin incə tarazlığında axır. Əgər həyatımızda tənhalıq, kədər olmasaydı, sevincin, vüsalın, xoşbəxtliyin şirinliyini necə hiss edərdik? Hicran acısı vüsalın dəyərini artırdığı kimi, tənhalıq da həyatın gözəlliklərinə yeni bir baxış bəxş edir.
Bütün qaranlıqlara, bütün sükutlara rəğmən, həyat yaşamağa dəyər.

Tənhalığın və təkliyin ortasında da bir işıq var—adını qoymaq çətindir, amma var.
Bəlkə də o işıq, bir insanın yad bir şəhərdə təsadüfi təbəssümündə, qarşımıza çıxan misralarda, ya da gecənin səssizliyində hardan gəldiyini tam anlamadığın, səni yaşamağa çağıran bir səsdədir.

İnsan, hər dəfə tənhalıqdan sıyrılıb çıxanda bir az daha yetkinləşir, bir az daha insan olur.
Sükutun içində dirənənlər, həyatın ən dərin mahnısını eşidənlərdir.

Müəllif: Fuad BİLƏSUVARLI, AYB üzvü, AJB üzvü, Prezident mükafatçısı.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-05-2025