Mobil versiya
Akademik Zərifə Əliyevanın Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutundakı Fəaliyyəti
Tarix: 14-04-2025 | Saat: 18:13
Bölmə:Özəl | çapa göndər

Akademik Zərifə Əliyevanın Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutundakı Fəaliyyəti

Zərifə Əziz qızı Əliyeva 1947-ci ildə Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirdikdən sonra Moskva şəhərində yerləşən Helmhols adına Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda oftalmologiya üzrə ixtisaslaşma kursu keçmişdir. O, əmək fəaliyyətinə 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda ordinator vəzifəsində başlamışdır.
Keçən əsrin 40–50-ci illərində Azərbaycanın cənub rayonlarında traxoma xəstəliyi geniş yayılmışdı. Zərifə Əliyeva bu xəstəliyə qarşı aparılan profilaktik və müalicəvi tədbirlərin həyata keçirilməsində fəal iştirak etmişdir. Toplanmış zəngin klinik materialın elmi təhlili 1959-cu ildə onun “Traxomanın sintomisin və ona uyğunlaşdırılmış digər terapevtik üsullarla müalicəsi” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etməsi ilə nəticələnmişdir. 1960-cı illərdə Zərifə Əliyeva oftalmologiya sahəsində öncül tədqiqatlara başlamış, xüsusilə görmə orqanının peşə xəstəlikləri üzrə problemlərini araşdırmışdır. O dövrdə sənaye müəssisələrində kimyəvi maddələrin görmə orqanına təsiri ilə bağlı elmi məlumatlar məhdud idi. Z.Əliyeva ilk dəfə olaraq Azərbaycanda yod və şin sənayesinin zərərli təsirlərinin görmə üzvünə təsirini sistemli şəkildə öyrənmiş, bu sahədə elmi ədəbiyyatda analoqu olmayan tədqiqatlar aparmışdır. Onun bu sahədə apardığı araşdırmalar nəticəsində tetraxloretilen, pestisidlər, stirol buxarlarının orqanizmə xroniki təsiri zamanı görmə funksiyalarında baş verən dəyişikliklər 30-dan çox elmi əsərdə əks olunmuşdur. Zərifə xanımın elmi fəaliyyətinin əsas istiqamətlərindən biri kimya sənayesində çalışan işçilərin görmə orqanında yaranan dəyişikliklərin araşdırılması olmuşdur. Bu tədqiqatlar zərərlərin patogen təsirinin biokimyəvi mexanizmlərinin öyrənilməsinə mühüm töhfələr vermişdir. 1976-cı ildə o, “Azərbaycanda kimya sənayesinin bəzi müəssisələrində işçilərin görmə üzvünün vəziyyəti” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir. 1979-cu ildə Zərifə Əliyevanın təşəbbüsü və iştirakı ilə Bakı Məişət Kondisionerləri Zavodunda Respublika Elmlər Akademiyasının A.İ.Qarayev adına Fiziologiya İnstitutunun Peşə Patologiyası üzrə Problem Laboratoriyası yaradılmışdır. Bu laboratoriyada kimyəvi maddələrin və istehsalat tullantılarının görmə orqanına xroniki təsiri öyrənilmiş, profilaktik tədbirlərin tətbiqi istiqamətində mühüm nailiyyətlər əldə olunmuşdur.
1980-ci ildə Zərifə Əliyevaya elmi xidmətlərinə və elmi-pedaqoji kadrların hazırlanmasında göstərdiyi uğurlara görə “Azərbaycanın Əməkdar Elm Xadimi” fəxri adı verilmişdir. 1981-ci ildə isə “Rezin istehsalında gözün peşə patologiyası” monoqrafiyasına və kimya istehsalında göz zədələnmələrinin profilaktikasına dair işlərinə görə SSRİ Elmlər Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüşdür. 1982-ci ildə Zərifə Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz Xəstəlikləri kafedrasının müdiri vəzifəsinə seçilmişdir. O, burada yüksək ixtisaslı elmi-pedaqoji kadrların hazırlanmasına mühüm töhfələr vermişdir. Kafedra müdiri kimi onun praktik həkimlik sahəsindəki fəaliyyəti də xüsusi qeyd olunmalıdır. Onun rəhbərliyi ilə keçirilən klinik araşdırmalar, xəstə müayinələri və konsiliumlar gənc oftalmoloqların peşəkar inkişafında əhəmiyyətli rol oynamışdır. Zərifə xanım Əliyeva təkcə tibb sahəsində deyil, ictimai həyatda da fəal olmuşdur. O, SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsinin sədr müavini, “Bilik” Ümumittifaq Cəmiyyətinin İdarə Heyətinin üzvü, həmçinin Ümumittifaq Oftalmoloqlar Cəmiyyətinin Rəyasət Heyətinin üzvü olmuşdur. 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş və orden-medallarla təltif edilmişdir. 2001-ci ildən Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutu onun adını daşıyır. Zərifə xanım Əliyevanın çoxşaxəli elmi yaradıcılığı 12 monoqrafiyada, 150-yə yaxın elmi işdə, bir ixtira və 12 səmərələşdirici təklifdə öz əksini tapmışdır. Bu, onun elmi uzaqgörənliyi, yüksək nəzəri hazırlığı və zəngin klinik təcrübəsinin nəticəsidir. Onun yaradıcılığı həm də elmi məktəb yaratmaq baxımından böyük əhəmiyyətə malik olmuşdur.

Şamo Qasımov
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-04-2025