Mobil versiya
Gülər Sultanzadə: “Azərbaycan COP-un yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata keçirməyə nail oldu”
Tarix: 02-12-2024 | Saat: 09:30
Bölmə:Özəl | çapa göndər

Gülər Sultanzadə: “Azərbaycan COP-un yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata keçirməyə nail oldu”

“COP29, qlobal iqlim dəyişikliyinə qarşı mübarizədə bir dönüş nöqtəsi olaraq, müxtəlif ölkələrin əməkdaşlığını və yeni siyasətləri müəyyən etmək üçün çox vacib bir tədbir kimi yadda qaldı. Bu cür zirvə görüşləri, iqlim diplomatiyasının gələcəyini formalaşdırmaq üçün çox dəyərli bir fürsətdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyətini vurğulayaraq belə deyib: “COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik.” Həmçinin müddətin qısa olmasına baxmayaraq, Azərbaycan COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata keçirməyə nail oldu. Mübaliğəsiz deyə bilərik ki, Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək. 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un çox yaxşı təşkil olunması BMT rəhbərliyindən və bütün qonaqlardan yüksək qiymət aldı.”

Bu sözləri Azərbaycan Texniki Universitetinin tələbəsi, YAP Yasamal rayon təşkilatının fəal üzvü Gülər Sultanzadə aia.az-a verdiyi müsahibəsində deyib.

Fikirlərini davam etdirən partiya fəalı bildirib ki, COP29-un iqlim diplomatiyasında dönüş nöqtəsi olaraq qəbul edilməsinin bir neçə əsas səbəbi ola bilər: “COP29-da, karbon emissiyalarının azaldılması üçün daha sərt və konkret hədəflər müəyyən edildi. İqlim dəyişikliyi ilə mübarizə üçün ölkələr arasında daha effektiv və praktik öhdəliklər müəyyənləşdirildi. Bu, xüsusilə inkişaf etməkdə olan ölkələr üçün dəstək mexanizmlərinin daha da gücləndirilməsini özündə ehtiva edir.
Həmçinin, bu zirvə görüşündə iqlim dəyişikliyinə qarşı mübarizədə yaşıl maliyyə və yeni təmiz enerji texnologiyalarına investisiyalar müzakirə obyekti oldu. COP29-da iqlim dəyişikliklərinin yaratdığı fəsadlara uyğunlaşma və təbii fəlakətlərdən zərər çəkən ölkələrə yardım yolları müzakirə edildi. Bu, xüsusilə kiçik adalar və zəif inkişaf etmiş ölkələr üçün həyati əhəmiyyət daşıyan bir məsələidi. Tanınmış mütəxəssislərin böyük əksəriyyəti, iqlim dəyişikliklərinin zəif inkişaf etmiş və həssas bölgələrə təsirinin daha böyük olduğu qənaətindədirlər. COP29-da bu məsələyə, həmçinin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında iqlim məsələləri üzrə hüquqi və maliyyə balansının qurulmasına xüsusi diqqət yetirildi. Bakı zirvəsində yeni təşəbbüslər, hətta daha iddialı iqlim hədəfləri müzakirə edildi. Azərbaycan COP29-da keçirilən müzakirələrdə Şərqi Avropa və Mərkəzi Asiya regionunun səsini dünyaya çatdıran bir ölkə olaraq çıxış etdi. COP29, bir tərəfdən inkişaf etmiş ölkələrin iqtisadi və texnoloji resurslarından faydalanan, digər tərəfdən isə daha həssas regionlar və inkişaf etməkdə olan ölkələrin ehtiyaclarına cavab verən bir yanaşma təqdim etməli olduğunu ortaya qoydu. Bu şərtlər daxilində, iqlim dəyişikliklərinə qarşı mübarizə daha bərabər, ədalətli və dayanıqlı bir şəkildə aparıla bilər. Beləliklə COP29-un iqlim diplomatiyasının dönüş nöqtəsi olmasının əsas səbəblərindən biri, ölkələr arasında qarşılıqlı etimadın və əməkdaşlığın güclənməsi, həmçinin qlobal iqlim siyasətində daha sərt tədbirlərin həyata keçirilməsidir. Bu istiqamətdə konkret hansı addımların atılacağını zaman göstərəcək.”

Daha sonra müsahibimiz uzun illərdir ki, karbon bazarına dair çoxdan gözlənilən 6-cı maddənin tam işlək vəziyyətə gətirilməsinin böyük uğur olduğunu vurğulayaraq bunları deyib: “Bakı COP 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 300 milyard ABŞ dolları təmin etmək üçün qarşıya yeni qlobal məqsəd qoyan Yeni Kollektiv Kəmiyyət Məqsədinin (NCQG) şahidi oldu. Cənab Prezident İlham Əliyev bu uğuru yüksək qiymətləndirərək demişdir: “Bu razılaşma inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələrinin fəsadları ilə mübarizədə kömək edəcək. Mən Bakı nailiyyətini çoxtərəfliliyin təntənəsi kimi qiymətləndirirəm. COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir və mən inanıram ki, bu irs gələcək qlobal iqlim fəaliyyətinə müsbət təsir göstərəcək. Mən COP29-a gedən yolda Azərbaycana göstərdikləri dəstəyə görə bütün Tərəflərə, Birləşmiş Millətlər Təşkilatına və UNFCCC-yə minnətdarlığımı bildirirəm”. Son olaraq bir daha qeyd etmək istərdim ki, COP29-un Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq səhnədə təşkilatçılıq qabiliyyətinin yüksək olduğunu bir daha göstərdi. Bu cür böyük və strateji əhəmiyyət kəsb edən bir tədbirin Bakıda keçirilməsi, yalnız ölkənin iqlim siyasətindəki irəliləyişləri deyil, həm də Azərbaycanın beynəlxalq münasibətlərdəki mövqeyini gücləndirdi. Bu, həmçinin Azərbaycanın təşkilatçılıq və diplomatik bacarıqlarını qlobal miqyasda tanıtdı” – deyə, Gülər Sultanzadə fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə