Mobil versiya
Laçın rayonunun işğaldan azad olunması
Tarix: 01-12-2024 | Saat: 00:54
Bölmə:Özəl | çapa göndər

Laçın rayonunun işğaldan azad olunması

Azərbaycan Respublikasının füsunkar guşələrindən biri olan Laçın rayonu ölkəmizin cənub-qərbində, Kiçik Qafqazda yerləşir. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Ümumi sahəsi 1835 km² olan Laçın rayonunun 1 şəhər, 1 qəsəbə və 125 kəndi vardır.

Ərazi çar Rusiyası dövründən başlayaraq 1930-cu ildə müstəqil inzibati rayon kimi təşkil olunana qədər Qarabağ xanlığı və Zəngəzur qəzasına daxil olmuşdur.

Əvvəllər Abdallar adlanan, 1924-cü ildən isə şəhər statusu almış Laçın şəhəri 1930-cu ildən rayon mərkəzidir. Şəhərin adı görkəmli Azərbaycan yazıçısı Tagı Şahbazi Simurq tərəfindən yaxınlıqdakı dağın adına uyğun olaraq Laçın adlandırılmışdır. Laçın sözü "məğrurluq" mənasını bildirir.

Laçın rayonu 18 may 1992-ci ildə erməni işğalına məruz qalmışdır. İşğala qədər rayonda 48 sənaye, 63 kənd təsərrüfatı, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 96 məişət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri fəaliyyət göstərirdi. Erməni işğalı nəticəsində 13,745 yaşayış evi qarət edilərək yandırılmış, rayon ərazisindəki 54 dünya, 200-dən çox yerli əhəmiyyətli qədim tarixi abidə erməni vandalizminə məruz qalmış, ictimai və şəxsi təsərrüfatlarda olan 25 min başdan çox iri və 200 min başdan çox xırda buynuzlu heyvan qarət olunmuşdur.

Həmçinin Picənis və Hacışamlı meşəliklərindən qırmızı palıd kəsilərək, konyak istehsalında istifadə olunan çəlləklərin hazırlanması üçün Fransaya, külli miqdarda təbii halda bitən iri gövdəli qoz ağacları isə kütləvi qırılaraq mebel istehsalında istifadə məqsədi ilə İrana və Avropa ölkələrinə satılmışdır. Hacılar və Sadınlar kəndlərinin ərazisində olan 65 hektar meşə sahəsi tamamilə qırılmışdır.

Ümumilikdə, işğal nəticəsində Laçın rayonuna 7.1 milyard ABŞ dollarından çox ziyan dəymiş, 58,736 nəfər laçınlı öz doğma torpağından didərgin düşərək məcburi köçkün kimi respublikanın 58 şəhər və rayonunda məskunlaşmışdır.

Ermənistan işğalçı tərəf olaraq Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla, məqsədyönlü məskunlaşma siyasəti aparmış və demoqrafik tərkibi dəyişdirmişdir.

Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində Arazboyu rayonlarla irəliləyən Azərbaycan qoşunları oktyabr ayında Qubadlı rayonuna daxil olmuş, Laçın dəhlizinə doğru irəliləməyə başlamışdır. 9 noyabr 2020-ci ildə Azərbaycan ordusu Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndlərini erməni işğalından azad etmişdir. 10 noyabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidenti bəyanat imzalamışdır. Bəyanata əsasən 1 dekabr 2020-ci ildə Laçın şəhəri, Zabux və Sus kəndləri istisna olmaqla Laçın rayonunun qalan ərazisi Azərbaycana qaytarılmışdır. 2022-ci il avqustun 26-da Rusiya sülhməramlı kontingentinin nəzarətində olan və ermənilərin qanunsuz məskunlaşdıqları Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycana təhvil verilmişdir.

Bu gün işğaldan azad olunmuş digər ərazilərimiz kimi, Laçın rayonunda da böyük quruculuq və abadlıq işləri həyata keçirilir.

Laçın rayonu inkişafının yeni mərhələsini yaşayır. Rayonda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Bu stansiya təxminən 7,000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Rayonun yol-nəqliyyat infrastrukturu yenidən qurulur. Prezident İlham Əliyevin sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir. Yol üzərində 3 tunelin tikintisi aparılacaq. Tunellərin ümumi uzunluğu 9,450 metr olacaq.

2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. Burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək və turizm potensialının artırılmasına səbəb olacaqdır. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasının göstəricisidir.

Laçın şəhərinin Baş planı hazırlanıb. Baş planın konseptual əsasını "Təbiətlə vəhdətdə olan şəhər" yanaşması təşkil edir. Plana əsasən, Laçın şəhəri "ağıllı idarəetmə", müasir qabaqcıl təhsil və inklüziv mobillik həlləri ilə seçilən davamlı və innovativ mərkəzə çevriləcək.

Laçın Azərbaycan üçün strateji əhəmiyyət daşıyan rayonlardandır. Coğrafi baxımdan strateji üstünlükləri var, iqtisadi baxımdan ölkəmiz üçün vacibdir. Laçın rayonunun həm təbii ehtiyatlarının həcmi, həm də miqyası kifayət qədər genişdir. Bu, Laçında sənaye müəssisələrinin qurulmasına və inkişaf etdirilməsinə imkan yaradır. Digər tərəfdən isə Laçının təbiəti, relyefi və coğrafiyası rayonda fərqli sektorların inkişafına nail olmağa imkan verir. Bu rayonda həm kənd təsərrüfatı, həm də turizmin inkişafı üçün kifayət qədər böyük imkanlar var. Laçın yenidənqurma və bərpa, həmçinin məskunlaşma mərhələsindən sonra nəinki Şərqi Zəngəzurun, bütövlükdə Azərbaycanın iqtisadi inkişafına xüsusi töhfə verən rayonlardan birinə çevriləcək.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən 26 avqust Laçın şəhəri günü kimi təntənəli şəkildə qeyd olunur.
Yaşasın Azərbaycan!
Yaşasın Laçın!

Şamo Qasımov
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə