Mobil versiya
Azərbaycan mahiyyətinə görə dünyanın ən mühüm tədbiri olan COP29-a uğurla ev sahibliyi edir
Tarix: 19-11-2024 | Saat: 15:58
Bölmə:Özəl | çapa göndər

Azərbaycan mahiyyətinə görə dünyanın ən mühüm tədbiri olan COP29-a uğurla ev sahibliyi edir

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Bakıda keçirilməsi qərarının verilməsindən sonra ötən bir il ərzində bu istiqamətdə mühüm tədbirlər görülüb, hazırlıqlar ən yüksək səviyyədə aparılıb.
Azərbaycan son 21 ildə sürətlə inkişaf edən dövlət kimi nüfuzlu beynəlxalq təşkilatların tədbirlərinin keçirildiyi ən etibarlı məkandır. Ölkəmiz həm də beynəlxalq aləmdə sabitlik məkanı imici qazanıb. Məhz bunun nəticəsidir ki, işğaldan azad edilmiş ərazilərimiz də tədricən mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməyə başlayıb. Bu gün Bakı dünyanın mərkəzinə çevrilib. Dünyanın təqribən 200 ölkəsinin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarı ölkəmizə olan inam və etimadın bariz nümunəsidir, həmçinin dövlətimizin başçısının həyata keçirdiyi xarici siyasətə hörmət və dəstəyin parlaq sübutudur. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən də yüksək dəyərləndirilir. Bu konvensiyaya qoşulan ölkələr ildə bir dəfə dünyada iqlim dəyişikliyi ilə mübarizə üçün çoxtərəfli fəaliyyəti müzakirə etməkdən ötrü bir araya gəlirlər. Azərbaycanın postsovet məkanında ilk dəfə olaraq COP29-a ev sahibliyi etməsi xarici siyasətimizin növbəti qələbəsidir. Bu tədbir, eyni zamanda, ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu, gücünü getdikcə artırır. Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla əlaqələri və onlarda fəal iştirakı bizə müxtəlif qitələrin ölkələri arasında körpülər salmaq və ya onları gücləndirmək, eləcə də həmrəyliyini möhkəmləndirmək imkanını yaradır. Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında qeyd etmişdir ki, Azərbaycan Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkədir və bu, təkcə coğrafiya ilə bağlı deyil. Biz müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərini sala bilərik. Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib. Prezident İlham Əliyev çıxışında Azərbaycanın 120 ölkənin yekdil qərarı ilə dörd il ərzində, BMT-dən sonra ikinci beynəlxalq qurum olan Qoşulmama Hərəkatına uğurla sədrlik etdiyini vurğuladı. Ölkəmizin həmçinin təxminən 60 ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü olduğunu, Avropa İttifaqının 10 üzvü ilə sazişlər imzaladığını və Strateji tərəfdaşlıq haqqında bəyannamələrin qəbul edildiyini bildirdi: "Bütün bunlar bizə düşünməyə imkan verir ki, biz iqlim dəyişmələri məsələsində fərqli mühüm iştirakçılar arasında körpülərin salınmasında çox faydalı və yardımçı ola bilərik. Azərbaycan çoxtərəfliliyin tərəfdarıdır. Eyni zamanda biz mədəniyyətlərarası dialoqda fəal rol oynayırıq". Azərbaycanın "yaşıl gündəliy"inə gəldikdə isə, xüsusi vurğulanmalıdır ki, hazırda "yaşıl enerji"yə keçid artıq bütün dünyada labüd zərurətə çevrilmişdir. Bu, müasir dünyamızın çağırışıdır. IV sənaye inqilabı dövründə bir tərəfdən dayanıqlı inkişafı, insanların rifahını təmin etmək, digər tərəfdən isə planetimizin təbii resurslarını qorumaq, Yer kürəsini gələcək nəsillər üçün yaşamağa daha uyğun hala gətirməkdən ötrü "yaşıl enerji"yə keçid mütləqdir. Bəşəriyyət tarix boyu bir neçə dəfə belə proseslərdən keçib. Bu, həyatın inkişaf məntiqidir. İnsan zəkası inkişaf etdikcə, texnoloji tərəqqi irəlilədikcə, hər bir kəs ənənəvi təcrübəni irəli aparıb əvvəlkindən daha yaxşısını, yaşayış tərzi və ətraf mühit üçün daha yararlısını etməyə çalışır. Bu baxımdan, "yaşıl enerji"yə keçid prosesləri də getdikcə sürətlənəcək. Prezident İlham Əliyev "yaşıl enerji" istehsalı ilə bağlı bu gün Azərbaycanın ciddi təşəbbüslərinin olduğunu da vurğuladı: "Biz 2030-cu ilə qədər təxminən altı giqavatlıq günəş, külək və hidroenerji stansiyalarının tikilməsini planlaşdırırıq. Lakin bu, tam planlarımızın hamısı deyil, 10 giqavatlıq bərpaolunan enerji layihələri üzrə müqavilələr və anlaşma memorandumları imzalanıb. Biz, həmçinin ixrac bazarlarına diqqət yetiririk və Xəzər dənizindən başlayaraq Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsini nəzərdə tutan digər mühüm enerji təhlükəsizliyi layihəsinin həyata keçirilməsi üçün tərəfdaşlarımızla fəal çalışırıq. Bu, bizə Avropaya "yaşıl enerji"ni ixrac etmək imkanı verəcək və bu kabelin texniki potensialı dörd giqavatdır. Yeri gəlmişkən, texniki-əsaslandırma işləri bu yaxınlarda bitəcək. Lakin yenə də bu, yalnız başlanğıcdır". Dövlətimizin başçısı Liderlər Sammitindəki çıxışında onu da bildirdi ki, bu gün COP29-da 196 ölkədən gəlmiş və qeydiyyatdan keçmiş 72 min iştirakçı var. Onların sırasında 80 prezident, vitse-prezident və baş nazir təmsil olunur. Beləliklə, dünya Bakıya toplaşıb. COP29-un uğurlu təşkili və keçirilməsi artıq bir sıra beynəlxalq media orqanları tərəfindən Azərbaycanın qələbəsi, nailiyyəti kimi qiymətləndirilir. İlk növbədə ona görə ki, total gözdənsalma, qərəz kampaniyasına baxmayaraq, konfrans dünya liderlərinin diqqətini cəlb edib. İkincisi isə ona görə ki, tədbirin gedişatında taleyüklü qərarlar qəbul olunur. İqlim dəyişmələri üzrə Bakı konfransının tarixə düşəcəyi isə heç kimdə şübhə doğurmur.

Ayşən Soltanlı
YAP Laçın rayon təşkilatının 33 saylı ƏPT-nin sədr müavini
Laçın rayon 6 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024