Mobil versiya
“Qarabağ Azərbaycandır!”
Tarix: 15-11-2024 | Saat: 18:02
Bölmə:Özəl | çapa göndər

“Qarabağ Azərbaycandır!”

Qarabağ savaşının yeni mərhələsində bu tarixi şüarla başlayan yol noyabrın 10-u qələbə ilə yekunlaşdı. Bütün azərbaycanlıların xəyalları, arzularında olan Qarabağ öz həqiqi sahibinə qovuşdu.
Qarabağ münaqişəsinin başlandığı gündən 30 ilə yaxın müddətdə Azərbaycanın ədalət uğrunda mübarizəsində öz haqq səsini dünya ictimaiyyətinə çatdırması və torpaqlarımızın düşmən işğalından azad edilməsi üçün göstərdiyi səylər nəhayət ki, öz töhfəsini verdi. Bu illərdə siyasi, iqtisadi və hüquqi müstəvidə əldə edilən inkişafla yanaşı, ordu quruculuğu sahəsində də ciddi addımlar atıldı.
Hələ 2016-cı il aprel ayının əvvəlində cəbhə xətti boyunca Ermənistanın növbəti hərbi təxribatı ilə üzləşən ordumuz əks-hücuma keçərək işğalçılara güclü zərbələr endirdi. Döyüşlər qüdrətli Ordumuzun qələbəsi ilə nəticələndi: Tərtər rayonunun Talış kəndi, Madagiz istiqamətindəki yüksəkliklər və bəzi döyüş mövqeləri, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi düşməndən azad olundu. Bu əks-hücum Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ildə keçirilən uğurlu Horadiz əməliyyatından sonra “Aprel döyüşləri” kimi tarixə düşdü və ilk Qələbəmiz oldu.  Ermənistanın cinayətkar hərbi-siyasi rəhbərliyinin  “keçilməz erməni səngərləri” haqqında mifi alt-üst edildi.
Aprel döyüşləri ilə dünya ictimaiyyətinə Azərbaycanın işğal faktı, mövcud status-kvo ilə barışmaq və Ermənistanın təxribatlarına dözmək niyyətində olmadığı bir daha bəyan edildi. Bütün dünya, o cümlədən Ermənistan rəhbərliyi Azərbaycan Ordusunun gücünə, qələbə əzminə şahid olaraq, düşmənə layiqli cavab vermək, torpaqlarını işğaldan azad etmək iqtidarında olduğuna əmin oldu.
2018-ci ilin may ayında isə Naxçıvan Muxtar Respublikasının 11 min hektardan çox ərazisi, o cümlədən Şərur rayonunun Günnüt kəndi və ətafındakı mühüm strateji əhəmiyyəti olan yüksəkliklər Əlahiddə Ümumqoşun Ordusunun əks-həmlə əməliyyatları ilə işğaldan azad edildi, Yerevan–Gorus–Laçın yolu nəzarətə götürüldü. Bu ikinci QƏLƏBƏMİZ idi və tarixə “Günnüt əməliyyatı” adı ilə yazıldı.
2020-ci il iyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər başladı.
Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı bölmələrimizin gördüyü cavab tədbirləri nəticəsində böyük itkilər verən düşmən geri çəkilməyə məcbur edildi. 3 gün davam edən Tovuz hadisələri zamanı 11 hərbçimizin şəhid olmasından  təsirlənən ölkə əhalisi karantin şərtlərinə baxmayaraq küçələrə axışdı, öz həmrəyliyini, artıq erməni təxribatına, işğala dözümünün qalmadığını ifadə etdi. İyulun 15-də “Qarabağ Azərbaycandır” şüarı altında meydanlara axışan hər kəs bu münaqişənin tezliklə bitməsini, bu məsələnin gələcək nəsillərə qalmamasını  istəyirdi. Burada kimliyindən, peşəsindən, yaşından asılı olmayaraq hər kəs bir amal və bir arzu üçün birləşmişdi: AZƏRBAYCAN, VƏTƏN və onun azadlığı.
Bu, Ali Baş Komandan, ordu və cəmiyyətin birliyinin mücəssəməsi idi. Elə bu nümayişdən sonra gənclərimiz, 1-ci Qarabağ Müharibəsi veteranları, qazilərimiz orduya könüllü yazılmaq üçün  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qarşısında qələbəlik yaratdı. Minlərlə soydaşımız torpaqlarımızın mənfur işğalçıdan azad edilməsi, ərazi bütövlüyümüzün təmin olunması və 1 milyondan çox məcburi köçkünümüzün öz doğma yurd-yuvasına qayıtması üçün “dayanmamağı”, döyüşərək irəli getməyi, canla-qanla torpaqlarımızı, Qarabağımızı azad etməyi tələb edirdi. Nəticədə 10 minədək insan könüllü olaraq ordu sıralarına yazıldı.
Sentyabrın 27-si səhər saatlarından başlayaraq Ermənistan Silahlı Qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif artilleriya qurğularından intensiv atəşə tutdu. Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusu qoşunlarının bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verildi.
44 günlük Vətən müharibəsi başladı. Azərbaycanın Müzəffər Ordusu hər gün yeni zirvələri fəth edərək düşmən tapdağında olan ərazilərimizi bir-birinin ardınca işğaldan azad etdi.  Ermənistanın hərbi - siyasi rəhbərliyi döyüş meydanındakı məğlubiyyətini pərdələmək, millətimizin və dövlətimizin iradəsini qırmaq məqsədi ilə Gəncə, Mingəçevir, Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Goranboy, Naftalanın mülki əhalisinin sıx yaşadığı əraziləri davamlı atəşə tutaraq faşizm ideyalarından qaynaqlanan siyasətinin iç üzünü bir daha dünyaya göstərdi. Sivil əhalinin ballistik raketlərdən hədəfə alınması beynəlxalq hüququn norma və prinsiplərinin, o cümlədən Cenevrə Konvensiyalarının müddəalarının kobud şəkildə pozulması demək idi. Başqa sözlə, bu, beynəlxalq cinayət və beynəlxalq terrorizmin ermənicə təzahürü idi.
Bütün bu cinayətlərin cavabında əsgərlərimiz qəhrəmanlıq və igidlik göstərərək Vətən uğrunda şərəflə döyüşüb, öz adlarını Azərbaycanın tarixinə yazdılar. Vətən naminə şəhid olmuş igid övladlarımızın qanı yerdə qalmadı, düşmənə layiq olduğu cavab Qarabağın ürəyi Şuşada verildi. Xüdafərin körpüsü, Suqovuşan, Murovdağ zirvəsi, Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı və Şuşa...Hər kəsə xəyal kimi görünənlər artıq gerçəkliyimizə çevrildi. Qəhrəman oğullarımız igidlik və şücaət göstərərək döyüş meydanında düşməni diz çökdürdü. Müzəffər Ordumuzun əsgərlərinin mərdliyi və dəyanəti dillərə dastan oldu.
Noyabrın 8-i Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Qafqazın incisi və Azərbaycan xalqının qəlbi hesab edilən Şuşanın işğaldan azad olunduğunu elan etdi. Bütün Azərbaycan ayaqda idi. Bayraqlarımız səmada dalğalanır, xalqın sevinc sədaları eşidilir, Ordumuza və əsgərlərimizə minnətdarlıq, şəhidlərimizə rəhmət səsləndirilirdi.
Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının iştirakı ilə üçtərəfli bəyanat imzalandı. Bəyanatda 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə 00:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi bölgəsindəki bütün hərbi əməliyyatların dayandırılması elan edildi. Ermənistan işğal etdiyi bütün Azərbaycan torpaqlarını azad etmək üçün öhdəlik götürdü.
Ermənistanın uzun illər davam edən işğalçı siyasətinə, əsassız ərazi iddialarına, mülki əhalimizə və tarixi-mədəni irsimizə qarşı terror hücumlarına Azərbaycan dövləti məğlubedilməz Müzəffər Ordusunun yüksək döyüş ruhu ilə savaş meydanında layiqli şəkildə cavab verdi. Regionda sülhün və sabitliyin təmin olunmasına nail oldu. Vətən müharibəsi bütün dünyaya azərbaycanlıların azadlıqsevər, mütərəqqi, mərd xalq olduğunu nümayiş etdirdi.
Bu gün Şuşada, Ağdamda, Füzulidə, eləcə də digər rayonlarda həyata keçirilən bərpa-quruculuq tədbirləri hər kəsdə tükənməz qürur və məmnunluq hissi yaradır.  İşğaldan azad edilmiş  bütün ərazilərdə müasir şəhər, qəsəbə və kəndlər salınır, dağıdılmış bütün obyektlər son texnologiyalara əsasən dəqiq işlənmiş layihələrlə bərpa edilir. Bölgədə tikilən hava limanları, çəkilən dəmir yolları vasitəsilə beynəlxalq daşımalar həm əhalinin Qarabağa qayıdışına, həm də orada icra olunacaq iqtisadi layihələrin səmərəliliyinin artmasına şərait yaradan əsas faktorlardan biri kimi çıxış edir.
Artıq heç kim inkar edə bilməz ki, regionda Azərbaycan tərəfindən yaradılan reallıqlar yeni siyasi-iqtisadi konfiqurasiyanı və bölgə ölkələri arasında münasibətlərin də yeni xarakterini özündə ehtiva edir. Qlobal inteqrasiya proseslərinin sürətlənməsinə imkan yaradır. İşlərin dəqiqliklə hazırlanmış plan və koordinasiya olunmuş fəaliyyət əsasında həyata keçirilməsini tələb edir.
Bu tələblərə isə hər kəsdən daha çox hazır olan Azərbaycan bu coğrafiyada əvvəlkindən də gözəl həyat şəraiti yaratmağa, xoşbəxt həyatı və uşaq gülüşlərini hər evə, hər ailəyə qaytarmağa qadirdir. Odur ki, bir daha ucadan deyirik: Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Mayil Əliyev
YAP Cəbrayıl rayon Təşkilatının partiya fəalı









Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024