Mobil versiya
Göydəniz Qəhrəmanov: “Azərbaycan təkcə coğrafi baxımdan deyil, həm də mənəvi-mədəni baxımdan fərqli sivilizasiyaları qovuşduran məkandır”
Tarix: 13-11-2024 | Saat: 18:22
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Göydəniz Qəhrəmanov: “Azərbaycan təkcə coğrafi baxımdan deyil, həm də mənəvi-mədəni baxımdan fərqli sivilizasiyaları qovuşduran məkandır”

“Son illər ölkəmizdə keçirilən mühüm beynəlxalq tədbirlərin həm miqyasının, həm də əhəmiyyətlilik dərəcəsinin getdikcə artması Azərbaycanın dünya birliyində durmadan yüksələn nüfuzunun daha bir göstəricisi kimi qiymətləndirilməlidir. O cümlədən noyabrın 12-də Bakıda öz işinə başlamış BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) da ən yüksək səviyyədə təşkili əlbəttə ki, dünya ictimaiyyətinin diqqətindən kənarda qalmayacaq. Etiraf olunmalıdır ki, keçən ilin dekabr ayında Azərbaycan bu mötəbər tədbirə ev sahibliyi etmək hüququnu qazanmaqla, özünün növbəti böyük uğuruna imza atmış oldu. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında bu məqamı xüsusi vurğulayaraq bildirdi ki, Azərbaycanın bu tədbirə 200 ölkənin yekdil qərarı ilə ev sahibliyi etməsi ölkəmizin qlobal proseslərdə fəal rolunun beynəlxalq arenada yüksək qiymətləndirilməsi deməkdir. Əlbəttə ki, Azərbaycana növbəti dəfə böyük etimad göstərilmişdir və biz birmənalı olaraq qeyd etməliyik ki, ölkəmiz bu hörməti və nüfuzu ilk növbədə cənab Prezident İlham Əliyevin gördüyü mühüm işlər, həyata keçirdiyi son dərəcə uğurlu müstəqil xarici siyasət sayəsində qazanmışdır. 2023-cü ilin sentyabr ayında ölkənin ərazi bütövlüyünün və dövlət suverenliyinin tan bərpa edilməsi isə Azərbaycana olan bu hörməti daha da artırmışdır.”

Bu sözləri Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ilə bağlı aia.az-a fikirlərini paylaşan millət vəkili Göydəniz Qəhrəmanov deyib.

Daha sonra deputat Prezident İlham Əliyevin öz nitqində COP29-un gedişinə və əldə olunacağı gözlənilən nəticələrə dair səsləndirdiyi fikirlərin önəmini xüsusi vurğulayaraq bunları deyib: “Əlbəttə ki, Azərbaycanın coğrafi mövqeyi, Asiya ilə Avropanın qovşağında yerləşməsi ölkəmizə böyük üstünlüklər verir. Lakin cənab Prezidentin öz çıxışında qeyd etdiyi kimi, Azərbaycan təkcə coğrafi baxımdan deyil, eyni zamanda həm də mənəvi-mədəni baxımdan fərqli sivilizasiyaları bir araya gətirən məkandır. Buna bir tərəfdən Azərbaycan xalqının hələ qədim vaxtlardan mədəniyyətinin bir parçası olmuş tolerantlıq prinsipləri, digər tərəfdən də multikulturalizmin Azərbaycanda dövlət siyasətinin prioritetlərindən biri olması güclü zəmin yaradıb. Ölkəmizdə etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün insanların sülh və razılıq şəraitində bir ailə kimi yaşadıqları da danılmaz həqiqətdir. Məhz bu göstəricilər Azərbaycana COP29-un iştirakçıları arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərini sala bilmək imkanı verir.”

Fikirlərini davam etdirən Göydəniz Qəhrəmanov qeyd edib ki, bərpaolunan enerji istehsalı sahəsində Azərbaycanın yaxın dörd ilə hesablanmış planları barədə Prezident İlham Əliyevin təqdim etdiyi açıqlamalar xüsusilə böyük maraq doğurub: “Azərbaycanın bərpaolunan enerji layihələri yüksək göstəriciləri ilə hər kəsin diqqətini cəlb edir. Bu il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğu xüsusi qeyd olunmalıdır. Təbii ki, Azərbaycanın yaşıl enerji sahəsində çalışmaları və qısa müddətdə əldə olunan nailiyyətlər diqqətə layiqdir. Azərbaycan bu sahədə Birləşmiş Ərəb Əmirliklərindən “Masdar” və Səudiyyə Ərəbistanından olan “ACWA Power” şirkətləri ilə əməkdaşlığını getdikcə genişləndirir və bu şirkətlər bərpolunan enerji sahəsində dümyada aparıcı mövqelərə sahibdirlər. Ölkəmizin bərpaolunan enerji ehtiyatları baxımından nəhəng pontensialı var və bu potensial istər Xəzər dənizində, istərsə də quru ərazilərimizdə mövcuddur. Öz çıxışında dövlətimizin başçısı Azərbaycanın bərpaolunan enerji ehtiyatları potensialının quruda 135 giqavat və dənizdə isə 157 giqavat olduğunu diqqətə çatdırdı. Ötən il BƏƏ-nin Masdar şirkəti bir regionumuzda 230 meqavatlıq Günəş enerji stansiyasının açılışını etdi. Səudiyyə Ərəbistanının “Acwa Power” şirkəti isə hazırda 240 meqavatlıq külək enerjisi stansiyasını tikir. Azərbaycan 2030-cu ilə qədər təxminən altı giqavatlıq Günəş, külək və hidroenerji stansiyalarının tikilməsini planlaşdırır. Eyni zamanda da artıq 10 giqavatlıq bərpaolunan enerji layihələri üzrə müqavilələr və anlaşma memorandumları imzalanıb. Mövcud potensial sayəsində Azərbaycan “Qara Dəniz Yaşıl Kabel” layihəsi ilə Avropaya yaşıl enerjinin önəmli ixracatçılarından birinə çevrilməyi planlaşdırır” – deyə, millət vəkili fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-12-2024