Mobil versiya
Bayrağımız azad olunmuş ərazilərimizdə qürurla dalğalanır
Tarix: 09-11-2024 | Saat: 10:34
Bölmə:Özəl | çapa göndər

Bayrağımız azad olunmuş ərazilərimizdə qürurla dalğalanır

Bayraq millətimizin, dövlətimizin şərəf və ləyaqətinin ifadəsidir. Azərbaycan xalqının milli düşüncəsində bayrağa xüsusi münasibət tarix boyu özünü qabarıq göstərib, bayraq xalqımızın milli mövcudluq nişanəsi sayılıb. Bu gün hər bir azərbaycanlı Dövlət Bayrağına böyük hörmət və ehtiramla yanaşır.

Azərbaycanın üçrəngli dövlət bayrağı ilk dəfə 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilmişdir. 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyəti süqut etdikdən və Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanda bu bayraqdan imtina edilmişdir.

Dövlət bayrağındakı üç rəngin ifadə etdiyi “Türkçülük, müasirlik və islamçılıq” düsturunun müəllifi, görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq hər zaman olduğu kimi bu gün də xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.

Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilmiş və ilk dəfə Naxçıvanda ucaldılmışdır.

Ulu Öndər Heydər Əliyev deyirdi: “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir.”

Xüsusilə qeyd etməliyik ki, Azərbaycan Prezidenti İlham Əliyevin respublikamızın dövlət atributlarına, o cümlədən üçrəngli bayrağımıza göstərdiyi böyük ehtiram, bu məqsədlə həyata keçirilən tədbirlər ölkəmizdə milli həmrəyliyin daha da möhkəmlənməsinə, azərbaycançılıq məfkurəsinə və dövlət rəmzlərinin təbliğinə xidmət edən böyük amillərdir. Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı Sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı Günü kimi qeyd olunması bu istiqamətdə verilmiş ən mühüm tarixi qərarlardan biridir.

Artıq dördüncü ildir ki, ölkəmizdə Dövlət Bayrağı Günü Zəfər təntənəsi ilə qeyd olunur. 2020-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı düşmən işğalından qurtararaq ərazi bütövlüyümüzü bərpa edib. Tarixi Zəfərimizdən üç il sonra isə 2023-cü il sentyabrın 19-20 tarixlərində dövlətimiz tərəfindən Qarabağ ətrafında keçirilən antiterror əməliyyatı nəticəsində erməni separatçılarının qalıqları tamamilə məğlub edilərək ölkəmizin suverenliyi təmin olundu və müstəqillik tariximizə növbəti Zəfər səhifəsi yazıldı.

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi Zəfərimizdən dərhal sonra işğaldan azad edilmiş ərazilərimizə ilk səfərləri həmin torpaqlarımızda Azərbaycan Bayrağının ucaldılması ilə tarixə yazıldı.

Bu gün Azərbaycanda həyata keçirilən dövlət siyasətinin ən mühüm istiqaməti işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, müasir sosial-mədəni infrastrukturun qurulması, kommunikasiya və nəqliyyat xətlərinin bərpasıdır. Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir.
Daha bir tarixi an isə ötən il oktyabrın 15-də - dövlətimizin başçısı İlham Əliyevin Prezident seçilməsinin 20 illiyində yaşandı. Prezident İlham Əliyev Xankəndi, Ağdərə, Xocavənd, Xocalı şəhərlərində, Əsgəran qəsəbəsində Dövlət Bayrağımızı ucaltdı. Bu qürurverici hadisəni bütün Azərbaycan xalqı böyük sevinclə izlədi.

Sevil Əliyeva
Abşeron rayonu, Güzdək qəsəbə tam orta məktəbinin direktoru



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-12-2024