Mobil versiya
Türk Dövlətləri Təşkilatının əsasını Naxçıvan sazişi qoyub
Tarix: 07-11-2024 | Saat: 16:10
Bölmə:Siyasət / Özəl | çapa göndər

Türk Dövlətləri Təşkilatının əsasını Naxçıvan sazişi qoyub

Prezident İlham Əliyev noyabrın 6-da Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirak və çıxış edib. Bildiyimiz kimi Naxçıvan Sazişi Türk Dövlətləri Təşkilatının əsasını qoydu. Bu il Türk Dövlətləri Təşkilatının əsasını qoymuş Naxçıvan Sazişinin 15-ci ildönümüdür. Təşkilat bu dövr ərzində uğurlu inkişaf yolu keçib. İyul ayında Şuşa şəhərində keçirilmiş Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verir. Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək. Azərbaycan həm də Türk Dövlətləri Təşkilatına maliyyə dəstəyi verəcək. Türk Dövlətləri Təşkilatının mövcud büdcəsi qarşıya qoyduğumuz hədəflərin həyata keçirilməsi üçün yetərli deyildir. Ümid edirəm ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatının Katibliyinə 2 milyon və Ağsaqqallar Şurasına 100 min ABŞ dolları məbləğində maliyyə dəstəyi təşkilatın potensialının daha da güclənməsinə kömək edəcək. Cənab Prezident çıxışı zamanı vurğulayıb ki, “Ölkələrimizin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirilir. Hərbi təhsil müəssisələrimizdə qardaş ölkələrin müdavimlərinin təhsil alması qarşılıqlı etimadın və dostluğun göstəricisidir. Son dövrlər Şərq-Qərb nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisi üzrə daşımalar daha da artıb. Mərkəzi Asiya ölkələri ilə Türkiyəni Azərbaycan üzərindən bağlayan bu dəhlizin ötürmə qabiliyyətinin yüksəldilməsi üçün Azərbaycan öz sərmayələrini artırır. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin yanvar-sentyabr aylarında üzv və müşahidəçi dövlətlər ilə tranzit daşımalarının həcmində 15 faizə yaxın artım müşahidə edilir. Hazırda Orta Dəhlizin rəqəmsallaşdırılması və ticarətin asanlaşdırılması istiqamətində bir sıra layihələr icra olunur. Bu layihələr logistika səmərəliliyinin artırılmasına və xərclərin azaldılmasına təsir edəcək”. Sevindirici haldır ki, Türkdilli dövlətlər arasında münasibətlər hər keçən gün daha da inkişaf edir. Son illərdə türkdilli dövlətlər arasında əməkdaşlıq keyfiyyətcə yeni mərhələyə keçib və ölkələrimiz arasında əlaqələr konkret mexanizmlər əsasında inkişaf etdirilir. Türkdilli dövlətlər arasında strateji əməkdaşlıqda isə Azərbaycanın xüsusi rolu var. Türkdilli ölkələr arasında çoxtərəfli formatda əlaqələrin qurulmasına ötən əsrin 90-cı illərinin əvvəllərində qədəm qoyulub. Məhz 1992-ci ildə türkdilli ölkələrin dövlət başçılarının birinci Zirvə toplantısı keçirilib və bundan sonra ölkə liderləri müntəzəm olaraq bir araya gəlib əməkdaşlığın əsas prioritetləri və istiqamətlərini müzakirə ediblər. Lakin o dövrdə həmin Zirvə toplantıları daha çox məsləhətləşmələr funksiyasını daşıyırdı və əməkdaşlığın daimi platforması hələ ki, formalaşmamışdı. İllər keçdikcə, ölkələr arasında həm iqtisadi, həm mədəni, həm də siyasi münasibətlər sürətlə inkişaf etdi və həmin münasibətlərin institusional çərçivəyə salınması zamanın tələbi idi. 1993-cü ildə TÜRKSOY-un yaradılması, 2008-ci ildə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA), 2009-cu ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) təsis edilməsi məhz bu zərurətdən irəli gəlib. Qeyd olunan qurumların yaradılması regionda türkdilli ölkələrin hərtərəfli qarşılıqlı fəaliyyəti və əməkdaşlığına önəmli təkan verib. Daha sonra 2010-cu ildə Beynəlxalq Türk Akademiyası, 2012-ci ildə Türk Mədəniyyəti və Miras Fondu və sonra Türk Biznes Şurası kimi təşkilatların qurulması müvafiq sahələrdəki əməkdaşlığı daha da dərinləşdirib. Qeyd edilən qurumların yaradılmasından sonra türkdilli ölkələr arasında olan əməkdaşlıq yeni təşkilati mərhələyə daxil olub. Beləliklə, türkdilli dövlətlərin başçıları siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin güclənməsinə xidmət edən sistemli fəaliyyətin əsasını qoymaqla əbədi qardaşlıq bağlarının möhkəmlənməsinə zəmin yaratmış oldular. Bu prosesdə Azərbaycanın çox əhəmiyyətli rola malik olduğunu ayrıca qeyd etmək lazımdır. Bu istiqamətdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən irəli sürülən və türkdilli ölkələr arasındakı siyasi və iqtisadi sahələrdə əlaqələrin inkişafına yönəldilmiş layihələrin əhəmiyyətini xüsusilə qeyd edə bilərik. Cənab İlham Əliyevin türkdilli dövlətlər arasındakı münasibətlərin inkişafına olan dəstəyi və TÜRKPA, eyni zamanda, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun qərargahlarının Bakıda yerləşməsi qeyd olunan diqqət və qayğının bariz nümunəsidir. Ümumiyyətlə, türkdilli ölkələr arasında əlaqələr hər keçən gün inkişaf etməkdədir. Türkdilli xalqları ortaq mədəniyyət, adət-ənənələr, milli-mənəvi və dini dəyərlər, tarixi köklər, etnik əlaqələr birləşdirir və bu amillər qarşılıqlı səmərəli fəaliyyət üçün əsas təməldir.

David İbramxəlilov,
YAP Qusar rayon təşkilatının sədri.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-11-2024