Mobil versiya
Adəm İsmayıl Bakuvi: “Ulu Öndər Heydər Əliyevin Naxçıvanın dövlət bayrağı ilə əlaqədar qəbul etdiyi qərar müstəqilliyə gedən yolda atılmış mühüm addım idi”
Tarix: 06-11-2024 | Saat: 14:37
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Adəm İsmayıl Bakuvi: “Ulu Öndər Heydər Əliyevin Naxçıvanın dövlət bayrağı ilə əlaqədar qəbul etdiyi qərar müstəqilliyə gedən yolda atılmış mühüm addım idi”

“Ölkə Prezidenti cənab İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u Azərbaycanda Dövlət bayrağı günü kimi qeyd edilir. Bu qərar Dövlət bayrağına göstərilən yüksək ehtiramın ən bariz təzahürüdür. Azərbaycan bayrağı Azərbaycan vətəndaşlarının milli həmrəyliyini, bütün dünya azərbaycanlılarının vahid məfkurə ətrafında sıx birləşməsini təmin edən əsas amillərindən biridir. Təsadüfi deyil ki, dünya azərbaycanlılarının Ümummilli Lideri Heydər Əliyev Dövlət bayrağının milli birliyimizi formalaşdıran əsas amillərdən biri olduğunu vurğulayaraq belə demişdir: “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir.” Xalqın və dövlətin ən müqəddəs rəmzlərdən biri olan bayraq millətin mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının nümayişidir. Bayrağımızın rəngləri istiqlal ideologiyanın üç təməl prinsipini özündə ehtiva edir. Dövlət Bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, müasirlik və islamçılıq” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir. Üç rəngli bayrağımız bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.”

Bu sözləri 9 noyabr –Dövlət Bayrağı Günü ilə əlaqədar aia.az-a verdiyi açıqlamasında ictimai xadim, politoloq Adəm İsmayıl Bakuvi deyib.

Fikirlərini davam etdirən müsahibimiz qeyd edib ki, Dövlət bayrağı gününün qeyd olunması Şərqin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır: “Məlumdur ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Nazirlər Şurasının binası üzərində qaldırılıb. Həmin bayraq 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Respublikamızın bolşevik rusiyası tərəfindən işğalı və AXC-nin süqutundan sonra bayraq da öz statusunu itirdi. Bu hadisələrdən 70 il sonra müqəddəs üçrəngli bayrağımız ilk dəfə yenidən Naxçıvanda qaldırıldı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1990-cı il noyabrın 17-də keçirilən sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edildi. Bundan sonra Muxtar Respublikanın Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət bayrağı elan etmişdir. Sonralar Ümummilli Lider bu barədə deyirdi: “Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı”. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa etmişdir.”

Daha sonra politoloq bu gün Azərbaycanın Dövlət bayrağının işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda dalğalanmasını xalqımızın birliyinin, dövlətimizin gücünün göstəricisi olduğunu vurğulayaraq bu fikirləri səsləndirib: “Ümummilli Lider Heydər Əliyev öz tarixi çıxışlarından birində demişdir: “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir.” Azərbaycan xalqı Ulu Öndərin bu tarixi kəlamını da müdrik nəsihət olaraq qəbul etdi və öz müqəddəs bayrağı altında, Ölkə Prezidentinin ətrafında dəmir yumruq kimi birləşərək dörd il bundan öncə Vətən torpaqlarını düşməndən təmizlədi. Bununla da Ulu Öndərin ən böyük vəsiyyətinə əməl olundu. 2020-ci ilin sentyabr-noyabr ayları ərzində, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz cəmi 44 günə işğal altında olan əraziləri düşməndən addım-addım təmizləyərək hər kənddə, hər şəhərdə üçrəngli bayrağımızı ucaltdı. Bu tarixi Qələbə milli birliyimizin, həmrəyliyimizin sayəsində əldə olundu. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 2021-ci il yanvarın 15-də Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdı. Dövlətimizin başçısı həmin gün hərbçilərlə keçirdiyi görüşdə belə demişdir: “Bakıda möhtəşəm Dövlət Bayrağı Meydanı açılanda mən çıxış edərkən demişdim ki, gün gələcək və Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada qaldırılacaqdır. Bax, bu gün gəldi. Biz buraya qalib kimi gəlmişik, bayrağı da qaldırmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır”. Keçən ilin 15 oktyabr tarixində isə Xankəndi şəhərində müqəddəs bayrağımızı ucaldan cənab Prezident İlham Əliyev artıq ölkəmizin bütün ərazisində dövlətin konstitusiya quruluşunun təmin edildiyi və Azərbaycanın suverenliyinin tam bərpa olunduğu barədə bütün dünyaya öz mesajını göndərdi” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini tamamlayıb.








Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-11-2024