Mobil versiya
Xətayi Əzizov: "Bütün təzyiqlərə baxmayaraq Azərbaycan "COP29"u yüksək səviyyədə təşkil edəcək"
Tarix: 05-11-2024 | Saat: 12:42
Bölmə:Manşet / Siyasət | çapa göndər

Xətayi Əzizov: "Bütün təzyiqlərə baxmayaraq Azərbaycan "COP29"u yüksək səviyyədə təşkil edəcək"

"COP29"un Bakıda keçirilməsi mühüm beynəlxalq tədbirlərin təşkilinə görə böyük təcrübəyə malik olan Azərbaycanın dünyada yüksək nüfuzunun göstəricisidir.

24News.ge xəbər verir ki, bu barədə AZƏRTAC-ın Gürcüstan üzrə xüsusi müxbiri Xətai Əzizov qeyd edib.

Onun sözlərinə görə, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası- COP29 iqlim dəyişikliyi ilə mübarizədə çox vacib və dünyanın ən əhəmiyyətli tədbirlərindən biridir:

"COP29 kimi böyük beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi isə böyük tarixi hadisədir. Bu, eyni zamanda, Azərbaycanın dünyada yüksək nüfuzunun göstəricisidir.

Qeyd etmək lazımdır ki, COP29-un Azərbaycanda keçirilməsi, ilk növbədə, Prezident İlham Əliyevin dünyada yüksək nüfuzunun və həyata keçirdiyi uğurlu siyasətin parlaq nümunəsidir. Dövlətimizin başçısı qazanılan bu uğurla Azərbaycanın qüdrətini bir daha dünyaya göstərdi və beynəlxalq aləmdə böyük etimad qazandığını nümayiş etdirdi.

Məlumdur ki, Azərbaycan qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə qarşı səyləri səfərbər etmək və bu mübarizəyə töhfə verməklə dünyanın diqqət mərkəzinə çevrilib. Bu gün dünyada təbiətə vurulan zərərin, ekoloji problemlərin qarşısının alınması qlobal bir çağırışdır. Getdikcə daha təhlükəli hal alan bu təhdidlər təxirəsalınmaz tədbirlər görülməsini, ölkələrin və beynəlxalq təşkilatların koordinasiyalı fəaliyyət göstərməsini zərurətə çevirib. Azərbaycan da bu çağırışa qoşulan ölkələr sırasındadır.

Azərbaycan özü bu sahədə mühüm tədbirlər görüb. Görülən işlər nəticəsində ekologiyanın və ətraf mühitin qorunması istiqamətində uğurlar əldə edilib. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgəsinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yaşıl enerji zonası elan olunması da bu baxımdan yüksək dəyərləndirilməlidir. Onu da vurğulamaq yerinə düşər ki, qeyd olunan qlobal mənzərə milli səviyyələrdə ölkələrin məsuliyyətini artırır. Hər bir dövlət öz siyasətində dekarbonizasiya məsələlərini önə çəkməlidir.

Azərbaycanın yaşıl enerjiyə keçid siyasətinə sadiqliyi və bu istiqamətdə götürdüyü öhdəliklər də diqqətəlayiqdir.

Azərbaycan enerji istehsalçısı olmasına baxmayaraq, bərpaolunan enerji mənbələrinə böyük sərmayələr yatırır və bu sahədə qabaqcıl təşəbbüsləri ilə tanınır. Məsələn, son beş ildə Azərbaycanın bərpaolunan enerji layihələrinə sərmayə qoyuluşu diqqət çəkir. Ümumilikdə isə Azərbaycan 2027-ci ilədək 2,8 milyard ABŞ dolları həcmində BOEM (bərpa olunan enerji mənbələri) layihələrinin icrasını planlaşdırır. Bu da yaşıl enerji potensialının inkişafına verdiyi önəmi nümayiş etdirir.

Lakin bir məsələ də var. Belə ki, Azərbaycan iqlim təhlükəsizliyinə verdiyi vacib dəstəyə baxmayaraq enerji istehsalçısı olduğu üçün bəzi hallarda diskriminasiyaya məruz qalır. Bu yanaşma, beynəlxalq iqlim mübarizəsində ədalətli yanaşmanın təmin olunmasını daha da zəruri edir.

COP29 bütün dünya dövlətləri üçün önəmlidir və ona görə də, bu mötəbər tədbirdə dünya ölkələrinin iqlim dəyişiklikləri ilə mübarizəni gücləndirmək üçün maliyyələşmə məsələsində razılığa gələcəyini gözləmək olar.

COP29-a ev sahibliyi etməklə Azərbaycan yaşıl enerji üzrə lider ölkələrlə, həmçinin maliyyə elitaları ilə münasibətlərini genişləndirə biləcək. Çünki aparıcı ölkələrin və maliyyə mərkəzlərinin dəstəyi və sərmayəsi olmadan enerji keçidini reallaşdırmaq və öhdəlikləri yerinə yetirmək mümkün deyil. Azərbaycanın alternativ enerji mənbələri üzrə təsdiqlənmiş böyük potensialının olduğunu nəzərə alsaq, rəsmi Bakı üçün ölkəyə sərmayə qoyulmasına çağırışların edilməsi və beynəlxalq maliyyə kanallarının açılması strateji əhəmiyyət daşıyır. Bu kontekstdə maliyyə təminatı iqlim dəyişikliyi ilə mübarizədə böyük önəm kəsb edir.

Yəni, bu baxımdan da COP29 tədbirində maliyyə məsələləri xüsusi diqqət mərkəzində olacaq. COP və iqlim dəyişməsi ilə əlaqədar dünya Qərbdən yeni maliyyə öhdəlikləri gözləyir. Lakin biz görürük ki, bu qlobal problemlə mübarizədə maliyyə öhdəliyindən yayınmaq üçün Qərb COP29-a ev sahibliyi edən ölkəyə qarşı böhtan və şantaj kampaniyası aparır. Bu isə qəbulolunmazdır. Nəzərə alsaq ki, iqlimə böyük ziyan vuranlar arasında Qərb ölkələri daha çox üstünlük təşkil edir. Bu baxımdan, onlar Azərbaycanın xoş niyyətinə zərbə vurmağa və beynəlxalq ictimaiyyətin diqqətini əsas məsələlərdən yayındırmağa çalışırlar.

Buna görə də, beynəlxalq ictimaiyyətin bu cür taktikaların fərqində olması və inkişaf etməkdə olan ölkələrin haqqını qorumaq üçün səs çıxarması vacibdir.

Amma bir fikiri xüsusi qeyd etmək lazımdır. Bütün təzyiqlərə baxmayaraq Azərbaycan COP29 kimi mötəbər tədbiri yenə də yüksək səviyyədə təşkil edəcək. Ona görə ki, Azərbaycan beynəlxalq tədbirləri keçirməkdə böyük təcrübəyə malikdir", - deyə Xətayi Əzizov qeyd edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-11-2024