Mobil versiya
“Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri Azərbaycanın ərazisindən keçir
Tarix: 28-10-2024 | Saat: 16:25
Bölmə:Özəl | çapa göndər

“Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri Azərbaycanın ərazisindən keçir

Prezident İlham Əliyevin cari ilin 24 oktyabr tarixində Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında çıxış edərək bildirmişdir ki, öz coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri bizim ərazimizdən keçir. Bu nəqliyyat yollarının Azərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərir. Hazırkı məqamda ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, biz bu dəhlizlərin ötürücülük imkanlarının artırılmasına əlavə vəsaitlər yatırırıq.
Cənab Prezident İlham Əliyevin bu fikirləri barədə bildirirəm ki, əlverişli coğrafi mövqeyə, zəngin təbii sərvətlərə və enerji ehtiyatlarına malik Azərbaycan bu gün artıq özünü qlobal əhəmiyyətli enerji layihələrinin müəllifi kimi tanıtmış, coğrafi üstünlüyündən faydalanaraq Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən nəqliyyat qovşağı və logistik mərkəzə çevrilmişdir. Ölkənin əlverişli geostrateji mövqeyi keçən dövr ərzində irimiqyaslı layihələrin həyata keçirilməsinə, nəqliyyat-kommunikasiya infrastrukturunun müasir tələblərə cavab verən səviyyəyə çatmasına imkan vermişdir.
Azərbaycanın təşəbbüskarı və birbaşa iştirakçısı olduğu regional və qlobal enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi enerji və yük daşımaları sahəsində səmərəliliyi artırmaqla yanaşı, bütövlükdə regionun inkişafına müsbət töhfə verməkdədir. Azərbaycan Böyük İpək Yolu regionunun, o cümlədən Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa neft kəmərlərinin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin, TANAP və TAP qaz boru kəmərlərinin qurulmasında fəal iştirakçılardan olmuş, Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində qaz kəmərləri vasitəsilə bu dəhlizin enerji komponenti təmin edilmişdir.
Regionun əsas nəqliyyat və logistika mərkəzlərindən biri kimi Azərbaycan ərazisindən keçən Şərq-Qərb nəqliyyat dəhlizi Avropa və Asiya qitəsini birləşdirən ən qısa nəqliyyat marşrutudur və Çin-Qazaxıstan sərhədindən Avropa arasında yükdaşımalarda mühüm əhəmiyyətə malikdir. Bu marşrut xətti yükdaşımaların vaxtına, həmçinin yükdaşımalara çəkilən xərclərə qənaət etməyə imkan verir.
Marşrutun ölkəmiz üçün üstünlüklərinə gəldikdə qeyd etmək lazımdır ki, Azərbaycanın tranzit potensialından maksimum istifadə olunmaqla tranzit imkanlarını artırmaq, xüsusilə də Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzrə daşınacaq yükün həcminin artırılması və bu sahədə öz rəqabətqabiliyyətliliyini yüksəltmək üçün mühüm addımdır. Dəhlizin ölkəmizin ərazisindən keçməsi tranzit yüklərinin həcminin artması ilə müşahidə edilməkdədir.
Şimal-Cənub Nəqliyyat Dəhlizinin qərb marşurutu əsasən Hindistan subkontinentindən və Fars körfəzi regionundan yüklərin Azərbaycan ərazisindən Rusiya, Qərbi Avropa, Baltikyanı və Skandinaviya ölkələrinə çatdırılmasına xidmət edir. Şimal-Cənub Nəqliyyat Dəhlizinin qərb marşurutunun digər marşrutlarla müqayisədə əsas üstünlüyü tranzit məsafəsinin və tranzit vaxtının iki-üç dəfə az olmasıdır.
Əgər dəniz yolu ilə daşıma Fars körfəzi və Hind okeanı, Süveyş kanalı, Aralıq dənizi, Baltik dənizindən keçərək Helsinki şəhərinə 45-60 gün ərzində daşıma müddəti təşkil edirsə, Şimal-Cənub Tranzit Dəhlizi ilə bu müddət 20-25 gün təşkil edir.
Azərbaycanın apardığı regional ticarət siyasətinin başlıca xüsusiyyəti regionda ölkənin tranzit mövqeyinin möhkəmləndirməsi və geoiqtisadi mövqeyinin daha da gücləndirilməsindən ibarətdir. Həm Orta koridor, həm də haqqında danışdığımız digər tranzit marşrutlar arasında sinergiya yaradılması ilə gələcəkdə yükdaşımaların diversifikasiyası təmin oluna bilər. Bu da öz növbəsində dəniz və dəmir yolu nəqliyyatı üçün uzunmüddətli etibarlı bazarın formalaşması, ticarət əlaqələrinin genişlənməsi, yük daşımaları ilə əlaqəli infrastruktur sahələrin daha da inkişafına fayda qatacaqdır. Nəqliyyat dəhlizlərinin potensialından səmərəli istifadə, həmçinin gələcəkdə bu sahənin qeyri-neft sektorunda xüsusi çəkisinin artmasına da öz təsirini göstərəcəkdir. Çox sevindirici haldır ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra qısa bir zamanda “Şərq-Qərb” və “Şimal-Cənub”dəhlizinə müsbət töhfəsini verməkdə davam edir.

Şamo Qasımov
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-01-2025