Mobil versiya
Fərid Mustafayev: “COP29-un ölkəmizdə keçirilməsi Prezident İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində əldə edilmiş böyük nailiyyətdir”
Tarix: 25-10-2024 | Saat: 12:17
Bölmə:Gündəm / Özəl | çapa göndər

Fərid Mustafayev: “COP29-un ölkəmizdə keçirilməsi Prezident İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində əldə edilmiş böyük nailiyyətdir”

Azərbaycanın beynəlxalq nüfuzunun son illər ərzində kəskin şəkildə artdığını göstərən məqamlardan biri də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP 29) bu il Azərbaycanda keçirilməsi ilə bağlıdır. Mövzu ilə bağlı YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini Fərid Mustafayev aia.az-a müsahibə verib.

- Fərid müəllim, bu gün cəmiyyətimizdə ən çox müzakirə olunan mövzulardan biri əlbəttə ki, noyabr ayının 11-dən 22-dək Bakıda keçiriləcək COP29-la bağlı olacaq. Bu tədbirin məhz Azərbaycanda keçirilməsi ölkəmiz üçün nə dərəcədə əhəmiyyətlidir?

- İlk növbədə birmənalı olaraq qeyd etmək lazımdır ki, keçən ilin dekabr ayında Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının bu il keçiriləcək 29-cu sessiyasına (COP29) ev sahibliyi etmək hüququnu qazanması özü-özlüyündə artıq böyük uğurdur. Bununla əlaqədar Ölkə Prezidenti cənab İlham Əliyev 2023-cü il dekabrın 15-də keçirdiyi müşavirədə çıxış edərkən bildirmişdir ki, bu qərarı bütün dünya ölkələri yekdilliklə qəbul etmişlər və beləliklə, Azərbaycana növbəti dəfə böyük etimad göstərilmişdir. Əlbəttə ki, bu qərar ölkəmizə beynəlxalq aləmdə olan hörmətin günbəgün artdığını bir daha təsdiq edir və etiraf olunmalıdır ki, Azərbaycan bu hörməti və nüfuzu ilk növbədə məhz cənab Prezident İlham Əliyevin gördüyü mühüm işlərin və həyata keçirdiyi son dərəcə uğurlu müstəqil xarici siyasət kursunun sayəsində qazana bilmişdir. Dövlət başçımızın hər zaman nümayiş etdirdiyi prinsipiallıq, qəbul olunan bütün qərarların, atılan addımların beynəlxalq hüquqa tam uyğunluğu və əlbəttə ki, ölkənin bütün ərazisində dövlət suverenliyinin bərpa edilməsi Azərbaycana olan bu hörməti daha da artırmışdır. Cənab Prezident İlham Əliyev öz çıxışında xüsusi olaraq vurğulamışdır ki, COP29 ölkəmizdə bu vaxta qədər keçirilmiş beynəlxalq tədbirlərlə müqayisəyə gəlmir. Bildiyiniz kimi, tədbirin davam edəcəyi iki həftə ərzində, təqribən 70-80 min xarici qonağın ölkəmizdə olacağı gözlənilir. Həmin müddətə Bakı dünyanın mərkəzinə çevriləcək. Əlbəttə ki, Azərbaycan bu beynəlxalq konfransı da ən yüksək səviyyədə keçirəcək və bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq.

- Ümumiyyətlə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının fəaliyyətinin əsas istiqamətlərini necə səciyyələndirə bilərsiz?

- Bu gün bəşəriyyət ekoloji tarazlığı qoruyub saxlamaq, təbii ehtiyatlardan səmərəli istifadə, su, torpaq və atmosferi çirklənməkdən mühafizə etmək qlobal problemlərlə üz-üzədir. Bir tərəfdən dünyada müşahidə olunan demoqrafik artımın yüksək dinamikası, digər tərəfdən də qlobal istiləşmə, ozon qatının deşilməsi, təbii ehtiyatların tükənməsi kimi məsələlər ciddi narahatlıq doğurmaya bilməz. Statistik məlumatlara görə dünyada hər il minlərlə hektar meşə və çəmənlik, bitki örtüyü ilə zəngin yaşıllıqlar məhv edilir. Meşələrin məhv olması təbii ki, planetin münbit qatı hesab olunan torpağın şoranlaşmasına, eroziyaya uğramasına, sürüşmələrin baş verməsinə səbəb olur ki, bu da böyük dağıntılara və fəlakətlərə gətirib çıxarır. Bütün bunlara görə hazırda dünyanın əksər ölkələrində ekoloji tarazlığın pozulmasından yaranan problemlərin aradan qaldırılması üçün müxtəlif diskussiyalar, müzakirələr aparılır. İndi Yer kürəsinin hər hansı regionunda baş verən təbii fəlakət təkcə həmin ərazinin deyil, bütün dünyanın problemi sayılır və onu aradan qaldırmağın yolları birgə axtarılır. Demək olar ki, artıq dünyanın itirə biləcəyi meşələr, çəmənliklər, bitki örtüyü ilə zəngin sahələri qalmayıb. Başqa sözlə desək, təbiətin hələ də özünü bərpa edə biləcəyi imkanını saxlayan itki limiti artıq tükənib və bu həddi aşmaq daha ağır fəlakətlərə yol aça bilər. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının fəaliyyəti də məhz bu problemlərin müzakirəsinə və onların mümkün həlli yollarının müəyyənləşdirilməsinə hədəflənib.

- Fərid müəllim, konkret olaraq Azərbaycanın bu sahədə bəşəriyyətə verdiyi töhfələr barədə nə deyə bilərsiz?

- Bilirsiniz ki, Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. Məhz bu çərçivədə qlobal miqyasda tarazlığı pozulmuş ekoloji mühitin bərpasında polietilen və plastik qablaşdırma materiallarının idarə olunması, istilik effekti yaradan qaz tullantılarının azaldılması, habelə ekoloji təmiz nəqliyyatdan istifadənin genişləndirilməsi, meşələrin və yaşıllıqların artırılması, mühafizəsi, su hövzələrinin çirklənmədən qorunması, təbii sərvətlərin axtarışı, kəşfiyyatı və hasilatı prosesində ətraf mühitə təsirin aradan qaldırılması kimi prioritet istiqamətlər ölkəmizdə xüsusilə qabarıq formada hallandırılmaqla ekologiyaya və təbii sərvətlərə qarşı daha həssas yanaşma tələbini ortaya qoyub. Ötən illər ərzində bir sıra iri su hövzələrinin tikilməsi, torpaqları şorandan təmizləmək üçün drenaj sistemlərinin qurulması, Bakı şəhərində və onun ətrafında yaşıllıqlar, Xəzərsahili qumluqlarda torpaqların eroziyasının qarşısının alınması məqsədilə meşə zolaqlarının salınması, flora və faunanın qorunub saxlanması və genişləndirilməsi üçün təbiət qoruqları və yasaqlıqların yaradılması kimi işlər də məhz həmin tələbdən irəli gələn tədbirlərdir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbənin özü də qlobal miqyasda ekoloji problemlərin həllinə çox böyük bir töhfədir. Məlumdur ki, Ermənistanın 30 ilə yaxın yeritdiyi işğalçılıq siyasəti Qarabağ və Şərqi Zəngəzurun ekoloji mühitini təhlükə altına almışdı. Regionun talan edilməsi, bu torpaqlarda flora və faunanın məhv edilməsi bütün Qafqazın ekoloji durumuna çox böyük mənfi təsir göstərmişdi. Erməni işğalçıları Qubadlı, Füzuli və Cəbrayıl rayonlarının ərazisində yaşı 1600, 900 və 500 il olan Şərq çinarlarını məhv etmişlər. Həmin ağacların yerində bitən 2 metrə qədər pöhrələr bu qədim çinarların son illərdə kəsildiyini təsdiqləyir. Müharibədən sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən işğaldan azad edilən ərazilərdə meşə zolaqlarının, fauna və floranın, xüsusi mühafizə olunan təbiət ərazilərinin, su ehtiyatlarının, faydalı qazıntı yataqlarının qiymətləndirilməsi və həmin ərazilərdə ekoloji tarazlığın bərpa olunması ilə bağlı təkliflərin hazırlanmasına başlanmışdır. Təkcə 2023-cü il ərzində Zəngilan rayonunda 14,4 min ədəd müxtəlif cinsli ağacdan doldurma-bərpa əkinlərində istifadə olunub. Füzuli, Zəngilan və Ağdam rayonları ərazilərində, əsasən, Şərq çinarı olmaqla minlərlə müxtəlif növ ağac əkilib, palıd və digər meşə ağaclarının toxumları səpilib. Ağacəkmə aksiyaları Qubadlıda, Cəbrayılda da aparılır. İşğaldan azad olunmuş bütün ərazilər minalardan təmizlənib təhlükəsiz vəziyyətə gətirildikcə ekoloji mühitin bərpası tədbirləri də sistematik şəkildə həyata keçirilir.

- Yəqin ki, ölkəmizin yaşıl gündəliyini də bu məqsədlərə xidmət edən mühüm amillərdən biri kimi qeyd etmək olar..?

- Bu gün Azərbaycan Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında aparıcı rollardan birini oynayır. Dövlətin əsas məqsədi isə, dünyanın enerji məkanında gedən proseslərdən geridə qalmamaqdır. Cənab Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd edib ki, getdikcə dünyada yaşıl enerjiyə tələbat daha da artacaq. Neft-qaz sahəsində fəaliyyət göstərən şirkətlərin investisiya portfelində əgər yaşıl enerji layihələri olmasa, onlar böyük çətinliklərlə üzləşəcəklər. Əlbəttə ki, Azərbaycanın bu sahədə malik olduğu nəhəng potensial bizə bu proseslərin içində olmaq imkanı verir. Bu gün Azərbaycan dünyanın aparıcı yaşıl enerji şirkətləri ilə kontraktlar və memorandumlar imzalayıb. Bu layihələrin icrası ölkəmizin bütün daxili tələbatını ödəyəcək və eyni zamanda, Azərbaycana təbii qazı daha böyük həcmdə ixrac etmək imkanı verəcək. Bununla yanaşı, ölkəmizin BMT-yə təqdim etdiyi son “İqlim Planı”na görə, Azərbaycan 2030-cu ilə qədər bərpa olunan enerjinin 30%-lik hədəfinə çatmaq yolunda olduğunu, həmçinin 2050-ci ilə qədər karbon emissiyalarını 40% azaltmağı hədəflədiyini bəyan edib. Azərbaycanın karbon emissiyalarının azaldılması hədəfi qlobal istiləşmənin qarşısını almaq üçün önəmli addımdır. Azərbaycanın COP29-a ev sahibliyi etməsi onun emissiyalar və bərpa olunan enerji ilə bağlı hədəflərinə nail olmaq, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini və iqlim dəyişikliyi ilə mübarizə üzrə beynəlxalq öhdəliklərini yerinə yetirmək əzmində olduğunu nümayiş etdirir.

- Fərid müəllim, əlbəttə ki, oxucularımız üçün COP29-un ölkəmizə verəcəyi siyasi dividendlər mövzusu xüsusi maraq kəsb edir. Bu barədə hansı fikirlərinizlə paylaşmaq istərdiniz?

- Əminəm ki, COP29-un ölkəmizə siyasi töhfələrinin kifayət qədər çox olacağını desəm, qətiyyən yanılmaram. İlk növbədə əlbəttə ki, COP29-un Azərbaycanda keçirilməsi barədə qərar dünya birliyinin ölkəmizə olan etimadının göstəricisi olmaqla yanaşı, eyni zamanda bundan sonrakı fəaliyyət planını da uğurla icra edəcəyinə inamın göstəricisidir. 29-cu İqlim Konfransının Bakıda keçirilməsi Azərbaycanın bir çox ölkələr və beynəlxalq təşkilatlarla siyasi əlaqələrinin daha da yüksək səviyyəyə qalxmasına zəmin yaradacaq. Məlumdur ki, Ermənistan COP29 Konfransının hansı ölkədə keçiriləcəyi ilə bağlı səsvermədə Azərbaycanın lehinə səs verməkdə bitərəf qalıb. Gözləmək olar ki, sülh danışıqlarının davam etdiyi bir dövrdə belə bir addımın atılması münasibətlərə müsbət töhfə verəcək. Erməni diasporu və onun lobbisi beynəlxalq platformalarda və böyük dövlətlərin qərar qəbul edən orqanlarında kifayət qədər təsir imkanlarına malikdir. Buna rəğmən COP29-un Azərbaycanda təşkili Azərbaycanın lobbiçilik fəaliyyətinin müsbət istiqamətdə irəlilədiyini göstərir. İstənilən halda COP29-un ölkəmizdə keçirilməsi böyük uğurdur və Azərbaycan bu uğurundan maksimum faydalanacaq.

- Fərid müəllim, ətraflı müsahibənizə görə Sizə təşəkkür edirəm. Sağ olun.

- Mən də sizə təşəkkür edirəm, sağ olun.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə