Mobil versiya
Ölümündən əvvəl mənimlə dərdləşdi
Tarix: 26-12-2016 | Saat: 12:53
Bölmə:Manşet / Aia TV | çapa göndər

Ölümündən əvvəl mənimlə dərdləşdi




Aktyor Elşad Yusifovun Milli.Az-a müsahibəsi.

Bu gün xalq artisti, sevilən aktrisa Nuriyyə Əhmədovanın ad günüdür. Məşhur aktrisa yaşasaydı, 66 yaşına qədəm qoyacaqdı. Taleyi əvvəldən uğursuz yazılan Nuriyyə xanım hələ sağlığında 2 övladını çiynində aparmışdı. Xalq artisti səhnədə deyib-gülsə də, həyatda ona bu gülüş qismət olmadı. O, 2015-ci il oktyabrın 10-da qəflətən ürək tutmasından rəhmətə getdi. Nuriyyə xanımın mənəvi oğlu sayılan aktyor Elşad Yusifov Milli.Az-a qısa müsahibə verərək, aktrisanı xatırlayıb. O, həmçinin sənətindəki yeniliklərdən də söhbət açıb.

- Nuriyyə xanımla tanışlığınızı necə xatırlayırsız?

- Nuriyyə xanımla tanışlığım hələ də yadımdadır. Onu serial çəkilişinə dəvət etmişdim, o vaxtdan da dost olduq. Məni oğlu kimi çox istəyirdi. Çəkildiyi serial isə efirə getmədi. Ondan əvvəl də normal münasibətimiz var idi. Kinoklub və digər verilişlərin çəkilişində görüşmüşdük. Bir sözlə, insan sərrafı idi. Bir insan ürəyinə yatdısa, onunla dostluq edirdi. Mənə də məsləhətlər verirdi.

- Hansı dərdini sizlə paylaşırdı?

- İstənilən dərdini mənimlə paylaşırdı. Heç kimə demədiyini mənə deyərdi. Heç oğlu Faiqə də çox sözü demirdi. İstəmirdi ki, fikir etsin. Ölümündən 3 gün əvvəl mənimlə səhərə kimi oyaq qalıb dərdləşdi. Elə bil ölümünü hiss etmişdi. Ancaq dərd-səri ev idi, başqa heç nə. Bir də yeganə oğlu Faiq. Nə ev ona qismət oldu, nədə ki Faiqin xoş gününü gördü.

- Siz onda nəsə hiss etmişdiniz?

- Xeyr, çox yaxşı idi. Yatsaydım, yuxuma da girməzdi ki, onu bu tezliyində itirəcəyəm. Demək olar ki, bütün günü yanında idim. Space telekanalına yaxın yerdə kirayə qalırdı. Tez-tez gedib baş çəkirdim. Elə vaxt olurdu ki, gecəyə kimi onlarda olurdum.

- Nə vəsiyyət etmişdi sizə?

- Faiqdən muğayat olmağımı istəmişdi. Bir də elə bil ölümünü hiss etmişdi. Deyirdi ki, məni oğlum Əlinin yanında dəfn edin. Onu oğlunun yanında dəfn etdik, Faiq də bütün günü yanımdadır. Elə gün olmur ki, görməyim. Universitetdə oxuyur, çəkildiyim filmdə onun da kiçik bir rolu var. Tez-tez onunla birlikdə qəbr üstünə gedirik.

- Faiq harada qalır?

- Xalasıgildə yaşayır, çox vaxt da universitetə yaxın olmaq üçün bizdə qalır. Nuriyyə xanımdan sonra mənə heç kim sənətdə dəstək olmadı. O, həmişə mənə deyirdi ki, heç kimə baş qoşma, öz işini gör.

- Elşad, iş demişkən, nə kimi yenilikləriniz var? "Zarafatsız"ı İslamla birlikdə edərkən daha çox gündəmdə idiniz. İslamdan ayrılmağınızla bu uğursuzluq sizi yaxaladı?

- İslamdan ayrılandan sonra Lider TV-də 4 il həmin veriliş getdi. Bunu mən təkbaşına edirdim. Sonra onu dayandırdılar. 2016-cı ildə aprelin 1-də "Azdrama"da "Balalarınıza qismət" tamaşasının ssenarisini yazdım. Böyük truppa ilə onu göstərdik. Bunun ardınca "Muştuluq" tamaşası da "Azdrama"da oldu. Sonuncu işim isə "Sabirabad mişarı" filmidir. Rejissoru Ramin Adiloğlu, ssenaristi isə mənəm. Çəkilişlər bitmək üzrədir. Hər filmdə çəkilmək istəmirəm. Sanbal və reytinqimi saxlayıram. Mənim yaşımda kim varsa, bu sahədə mənim qədər təkbaşına bir iş görməyib. Görədə bilməzlər. Çünki mən bütün bu işləri kimsənin dəstəyi olmadan etmişəm.

- Nədənsə İslam haqqında danışmaq istəmədiniz. Olmaya aranızda soyuq küləklər əsir?

- İslamla münasibətim normaldır.

- Bir ara şayiələr yayılmışdı ki, münasibətiniz yoxdur.

- Belə baxanda yoxdur da. Nə deyim. Görəndən görənə salamlaşırıqsa, deməli, yoxdur.

- Səbəb komandanın dağılması oldu?

- Hamı deyir ki, nahaq belə oldu. Amma qismət. Nə qazandığım, yaxud qazanmamağım gələcəkdə bilinər. Hər şey normaldır. Onda da, məndə də. Gələn il, inşallah, Kaan festivalına gedəcəyəm.

- "Sabirabad mişarı" filminin mövzusu nədir?

- Məşhur Hollivud filmi "Pila" filminin parodiyasıdır. Molla obrazındayam. Fırıldaq molla oluram. Eynilə həmin məkandır. Düşündürücü və məntiqli bir yumor var bu filmdə.

- Teatrda niyə çalışmırsız?

- Teatrda işləsəm, yaşaya bilmərəm, maaş çox azdır. Heç yana da çıxmaq olmur. Teatrda çalışmamağımın səbəbi budur.

Əli Rəhimoğlu



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024