Mobil versiya
Rahilə Mehdiyeva: Azərbaycanın COP29-a sədrliyi bu ilin ən mühüm hadisəsidir
Tarix: 09-10-2024 | Saat: 14:04
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

Rahilə Mehdiyeva: Azərbaycanın COP29-a sədrliyi bu ilin ən mühüm hadisəsidir

İqlim problemlərinin və onun bəşəriyyət üçün yaratdığı təhlükələrin qarşısını almaq məqsədilə hər il keçirilən qlobal əhəmiyyətli COP konfranslarının növbəti müzakirə sessiyasına bu il Azərbaycanın ev sahibliyi etməsi ölkəmizin beynəlxalq statusunun dəyişməsi ilə müşahidə olunur. Rəsmi Bakı həm dünya ictimaiyyətinə iqlim dəyişikliyi ilə bağlı həll yollarının tapılmasına yardım göstərməyə hazır olduğunu elan edir, həm də baş verməkdə olan enerji keçidi prosesini dəstəkləməklə yaşıl enerji sahəsində strateji oyunçu statusunu qazanır.

Bunu müsahibəsində “Sosial-İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyinin sədri Rahilə Mehdiyeva deyib.

O bildirib ki, Azərbaycanın sədrliyi ilə keçiriləcək COP29 konfransında dünyanın inkişaf etmiş, inkişafda olan və yoxsul ölkələri arasında iqlim dəyişikliyinin qarşısının alınması üçün maliyyə təminatının həll edilməsi kimi qlobal mövzularda fikir mübadilələri aparılacaq. Bu isə Azərbaycan diplomatiyasının nüfuzunun artmasına xidmət edir. Azərbaycan getdikcə qlobal əhəmiyyətli müzakirələrin ev sahibinə çevrilir və bu, ölkəmizin gələcəkdə siyasi mövqeyini güclənməsinə vəsilə olacaq.

“Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz ən böyük iqlim konfransına – COP29-a ev sahibliyi edəcəyik. Bununla bağlı ötən ilin dekabrında qərar veriləndə hazırlıq üçün bir ildən də az vaxt var idi. Burada ən vacib məqam ondan ibarətdir ki, həmin qərar 200-ə yaxın ölkə arasında konsensusa əsaslanırdı. Biz bunu Azərbaycana olan ehtiramın təzahürü hesab edirik. Tarixdə ilk dəfə COP kimi mötəbər tədbir bizim ölkəmizdə keçiriləcək. Bütün bunların fonunda bir daha demək olar ki, Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin təmin olunması və iqlim dəyişmələri ilə mübarizə üzrə üzərinə götürdüyü bütün öhdəliklərə sadiqlik göstərir”, - deyə o əlavə edib.

Azərbaycanın COP29-a sədrliyini bu ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirən R.Mehdiyeva deyib: “Bu, ölkəmizin qlobal səviyyədə iqlim dəyişikliyi ilə mübarizədə ön mövqeyə çıxmaq niyyətini göstərir. Azərbaycanın COP29-a sədrlik etməsi ətraf mühitin qorunması və biomüxtəlifliyin saxlanılması sahəsində qlobal səyləri birləşdirəcək. Ümid etmək olar ki, belə bir təşəbbüs Qlobal Şimal və Qlobal Cənub ölkələri arasında ekoloji balansın təmin olunmasına da kömək edəcək”.

“Bakının COP29-a sədrliyi həm ölkəmiz, həm də dünya üçün mühüm bir hadisədir. Azərbaycanın üzərinə götürdüyü bu rol iqlim dəyişikliyi ilə mübarizə sahəsində qlobal səyləri birləşdirəcək və daha ədalətli, dayanıqlı bir gələcək qurmağa töhfə verəcək”, - deyə müsahibimiz fikrini yekunlaşdırıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-11-2024