Mobil versiya
Niyə “Satıcı qız tələb olunur”?
Tarix: 13-09-2015 | Saat: 15:03
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər




Şəhərdə müxtəlif yerlərdə - restoran, market və s. “işçi tələb olunur” məzmunlu elanlarda xüsusilə qadın işçinin axtarılması yəqin ki, çoxunun diqqətindən yayınmayıb

Aia.az -ın virtualaz.org-a istinadən məlumatına görə, bu elanların bəzisində hətta konkret yaş həddi də göstərilir. Məsələn, 18-35 yaş arası...
Bəs qadın işçilərə qarşı bu “xüsusi diqqət” haradandır?

Bu suala müxtəlif cavablar var. Bəzi ekspertlər belə hesab edir ki, mağazalarda, yaxud da digər xidmət və iaşə obyektlərində zərif, gözəl xanım satıcının olması müştərini eyni işi görən kişi satıcıdan daha çox cəlb edir. Eləcə də kafe və restoranlarda müştərilərə xanım ofisiantın xidmət etməsini daha çox arzulayırlar.
Digər bir qrup isə bu fikirdədir ki, qadın işçini daha çox işlədib daha az pul ödəmək imkanı daha çoxdur və bu, tarixən belə olub.

Məsələn, kapitalizmə keçidə qədər qadınlar işləmədiyi halda bu quruluş meydana çıxandan sonra onlar da fabrik və zavodlarda işləməyə başlayıb. Amma kişilərdən fərqli olaraq iş saatları çox, əməkhaqqı isə az olan qadınların heç bir icazə haqqı da olmayıb.

Sonralar müxtəlif qadın hərəkatları vasitəsilə qadınların da kişilərlə eyni iş saatı və əməkhaqqı əldə etmələrinə nail olunub.

Buna əsaslanan bəzi ekspertlər hesab edir ki, bu tendensiya hələ də qalmaqdadır və bəzi iş yerlərində çay-kofe dəmləmək, qabları yumaq, yeri silmək və s. bu kimi işləri əvəzində pul ödəmədən qadınlara etdirmək olar. Amma cəmiyyət bu işləri qadın işi saydığına görə kişilər edə bilməz, ona görə də daha çox iş və daha az əməkhaqqı vermək naminə qadın işçilərə üstünlük verilir.

Psixoloq Narınc Rüstəmova isə hesab edir ki, bunun qadın psixologiyası ilə kişi psixologiyası arasındakı fərqlərlə də bağlılığı var.

N.Rüstəmova problemi şərh edərkən deyib ki, qadınlar əsasən emosional və detallara çox fikir verən olduğundan, məsələn, hansısa paltarı satarkən onun haqqında daha geniş və daha həvəslə məlumat verirlər və bu da müştərini cəlb edir:

“Xidmət sahəsində qadınlara üstünlük verilməsinin əsas səbəblərindən biri qadınların emosional və diqqətli olmasıdır. Onlar hər bir hadisə haqqında daha detallı, müfəssəl məlumat verirlər. Məsələn, 2 saatlıq film haqqında bir qadın 2 saat yarım danışırsa, kişi sadəcə filmin necə bitdiyini deməklə kifayətlənər. Bu baxımdan telefon zənglərinə cavab vermək, qonaqların qəbul olunması, yaxud da satıcılıqda qadınlara daha çox üstünlük verirlər”.

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı isə deyir ki, bu elanlarla işə cəlb olunan qadınların bir çox hüquqları pozulur, ilk növbədə onlarla əmək müqaviləsi imzalanmır:

“Yoxlansa, onların əksəriyyətinin əmək müqaviləsinin olmadığı aşkara çıxar. İkincisi, bu qadınlar məcburi əməyə cəlb olunur. Hər mağazaya girin baxın, səhər saat 10-dan axşam saat 10-a qədər qadın ayaq üstə orada işləyir. Heç kim maraqlanmır ki, onun əmək müqaviləsində hansı şərtlər var, iş saatı necədir.

Əmək Məcəlləsində əmək hüquqları ilə bağlı çoxlu imtiyazlar var. Özüm bir neçə qadın salonlarından, tibb müəssisələrindən soruşmuşam, məlum olub ki, onların VÖEN-i var, amma əmək müqaviləsi yoxdur. Bu isə o deməkdir ki, həmin işçilərə yer də süpürtdürə bilərlər, çay da dəmlətdirə bilərlər. Bu halların yaranma səbəbi isə səriştəsizlik və əmək hüquqlarından xəbərsizlikdən yaranır”.

M.Qəhrəmanlı vurğulayır ki, qanunvericilikdə qeyd olunanların icrasına heç kim nəzarət etmir:

“Bizim qanunvericilikdə gözəl maddə var ki, 14 yaşına kimi övladı olan və həmin övladın qüsuru olan analar, həmin uşağa qulluq üçün heç kimi olmayan analar ərizə yazaraq yarım, yaxud yarım həftə iş saatı götürə bilər, ya da həftənin bir günü işə çıxmaya bilər. İşə götürənin bundan imtina etmək hüququ yoxdur. İş yerlərində satıcılara baxıram, yazığım gəlir, bütün gün ayaq üstə işləyirlər.

Onlara şərait yaradılmalıdır ki, gün ərzində fasilə versinlər, çay içsinlər. Əmək Müfəttişliyi bu məsələlərlə maraqlanmalıdır. Amma onlar sadəcə gözləyir ki, kimsə onlara ərizə yazsın və 6 aydan bir mətbuat konfransı keçirib desinlər ki, bu adamlara kömək etdik.

Bu məsələyə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nəzarət etməlidir ki, iş yerlərində qadınların əməyindən necə sui-istifadə edilir”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə