Mobil versiya
MM dən yeni təklif “Ölüm hökmünü bərpa etməyin vaxtıdır”
Tarix: 30-11-2016 | Saat: 15:11
Bölmə:Manşet | çapa göndər



“Sosial şəbəkənin, elektron sistemin vüsət alması, geniş kütləyə xitab etməsi özü ilə müsbət hallarla yanaşı, neqativ məqamları da cəmiyyətimizə gətirdi. Hal-hazırda cəmiyyətimizin ləyaqətli şəxslərinin, siyasi-ictimai xadimlərinin ünvanına sifarişli, xoşagəlməz yazıların yazılması, onları nüfuzdan salmaq üçün statusların paylaşılması, hətta saxta profillərin açılması xeyli yayılıb”.

Bu sözləri Milli Məclisin bugünkü iclasında deputat Elmira Axundova söyləyib.

E.Axundova bildirib ki, vəziyyət elə dəhşətli və yolverilməz həddə gəlib çatıb ki, mənəviyyatdan uzaq bəzi şəxslər ölkə rəhbərinin ünvanına olmazın təhqirlər, əxlaqsız sözlər yazmaqdan belə, çəkinmirlər.

“Məncə bu halın belə vüsət almasının ən birinci səbəbi cənab Prezidentin humanistliyi, insanpərvərliyi, tolerantlığıdır. Bu gün də Cinayət Məcəlləsinə edilən dəyişiklik düzgün başa düşülməlidir. Biz bu düzəlişlərlə KİV-lərə, internet sahəsinə heç bir məhdudiyyət qoymuruq. Hətta qanun dəyişikliyində bununla bağlı xüsusi qeyd də var ki, cənab Prezidentin fəaliyyəti, siyasəti haqqında tənqidi yazılarla bağlı kütləvi çıxışlara bu maddənin qüvvəsi şamil edilmir. Bu baxımdan Cinayət Məcəlləsinə təklif olunan dəyişikliyi dəstəkləyirəm. Bununla belə daha bir məsələni də qeyd etməliyəm. Bəzi şəxslər hətta ölkənin birinci xanımı haqqında, cənab Prezidentin digər ailə üzvləri barəsində çox mənəviyyatdan uzaq yazılar yazmaqdadır. Düşünürəm ki, bununla bağlı da hüquqi tədbirlər görülməlidir. Bəlkə təzə maddələr Prezidentin ailə üzvlərinə də şamil edilə bilərdi.

Baş Prokurorluq əməkdaşlarının iclasda olmasından istifadə edərək digər aktual bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Bütün dünyada olduğu kimi Azərbaycanda da demək olar ki, hər gün məişət şəraitində cinayətlər baş verir. Təəssüf ki, statistikaya görə qadınların öz ərləri tərəfindən öldürülməsi sayı yüksək templə artır. Oktyabrda Azərbaycan KİV-ləri iki qadının vəhşicəsinə öldürülməsi barədə məlumat yaydı. Zərdab rayonunun Yarməmmədbağı kəndində üç uşaq anası olan bir qadının boğazı orta əsrlər vəhşiliyi ilə əri tərəfindən kəsildi, faktiki olaraq başı bədənindən ayrıldı.

Bir neçə gün sonra vəhşiliyi ondan da betər olan digər bir qətl Qəbələnin Kürd kəndində baş verdi. Dəfələrlə həyat yoldaşı, üç uşaq anası Səbinəni döyən, işgəncə verən Xəyal Verdiyev adlı sadist, mən onu insan belə adlandıra bilmirəm, həmin gün qadına işgəncə vermiş, daha sonra uşaqların gözü qabağında onu boğaraq qətlə yetirmişdir. Səbinə 4-cü uşağa hamilə idi. KİV-lərdə yazılan cinayətlərin təfərrüatlarını oxuyanda insan dəhşət və nifrətdən sarsılır.

Yəqin ki, bu sadistləri 10 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. Onların ikisi də hələ gəncdirlər, deməli 40 yaşında azadlığa çıxa bilərlər və digər qadınlar, hətta öz uşaqları da onların qurbanlarına çevrilə bilər. Çünki bu şəxslər təbiətcə qatildirlər.

Buna görə birincisi, hesab edirəm ki, onlar daha uzun müddətli cəzaya layiqdirlər. Bizdə isə bu, ömürlük azadlıqdan məhrumetmədir. Mən üzümü Zərdabdan Aqşin Astanovun və Qəbələdən Xəyal Verdiyevin işinə baxan hakimlərə, prokurorlara tutub xahiş edirəm ki, onlara ən yüksək cəzanı versinlər. İkincisi, düşünürəm ki, Cinayət Məcəlləsinin bir sıra maddələrinə yenidən baxmağın və istisna hal kimi xüsusilə ağır cinayətlər, arvadının başını kəsən, azyaşlıları zorlayıb öldürənlərə qarşı ölüm hökmünü bərpa etməyin vaxtıdır.

Təqribən 80 uşağı öldürən və 55 insanı yaralayan Norveç terroristi Breyvikin bugün Avropa həbsxanasında rahat şəraitdə yaşaması, yeməyinin mikrodalğalı sobada qızdırılmasının sağlamlığına ziyan vurmasına KİV-də etiraz etməsi şəxsən məndə qəzəb doğurur. Buna görə mən bu cür qeyri-insanlara və yırtıcılara qarşı ölüm hökmünün tərəfdarıyam. Cəmiyyətimizi bu cür vəhşilərdən birdəfəlik təmizləmək lazımdır”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024