Mobil versiya
Qiymətli tarixi sənəd
Tarix: 08-07-2024 | Saat: 11:49
Bölmə:Siyasət / Özəl | çapa göndər

Qiymətli tarixi sənəd

Türk Dövlətləri Təşkilatı yarandığı dövrdən bu yana keçirilən toplantılar, qəbul edilən qərarlar və tədbirlərlə öz mövcudluğunu dünyaya göstərmiş oldu. Keçən müddətdə birliyin möhkəmlənməis və inkişafı sahəsində şox mühüm nəticələr əldə edilmişdir. Türk Dövlətləri Təşkilatının ildə bir dəfə qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi Azərbaycanın təşəbbüsüdür
İyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Zirvə görüşündə iştirak ediblər. Azərbaycanın incisi olan Şuşada növbəti belə bir tədbirin keçirilməsinin xüsusi əhəmiyyəti var.
Toplantıda çıxış edən ölkə başçısı bildirmişdir ki, Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir. Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərmiş və göstərməkdədir.
Böyük coğrafi məkanı əhatə edən Türk dünyasında müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensial döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslar, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tarix, habelə mədəniyyət türk dünyasının böyük sərvətidir.
Tədbirin məhz Şuşada keçirilməsinin rəmzi mənası vardır. 30 il düşmən əsarətində qalan bu şəhər 44 günlük müharibənin qələbə rəmzi olmaqla bərabər, Azərbaycan mədəniyyətinin və incəsənətinin beşiyidir. 2021-ci ildə Şuşa şəhəri “Azərbaycanın mədəniyyət paytaxtı” elan olunmuşdur. Qarabağ xanı Pənahəli xan tərəfindən Şuşanın təməlinin qoyulmasının 270-ci ildönümü ilə əlaqədar 2022-ci il Azərbaycanda “Şuşa İli” elan edilmişdir. TÜRKSOY tərəfindən Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”, ICESCO tərəfindən isə 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunmuşdur. Şuşa Bəyannaməsi də 2021-ci ildə məhz Şuşada imzalanmışdır. Türk dövlətlərinin rəhbərlərinin azad edilmiş torpaqlara səfərləri qardaşlıq həmrəyliyinin təzahürüdür. Türkiyə Prezidenti Şuşa, Füzuli, Zəngilan və Cəbrayıla, Özbəkistan və Qazaxıstan prezidentləri Şuşa və Füzuliyə, Qırğızıstan Prezidenti Füzuli və Ağdama səfərlər etmiş, orada qardaş ölkələrin hədiyyəsi olan məktəblərin, Yaradıcılıq Mərkəzinin açılışında iştirak etmişlər. Türkiyə Respublikasınının şirkətləri bu gün Qarabağda və Şərqi Zəngəzurda bərpa və quruculuq işlərində fəal iştirak edirlər. Qardaşlığımızın və birliyimizin rəmzi olan bu işlər göstərir ki, Türk dünyasına daxil olan ölkələr çətin anlarda bir birinin yanındadır və bu daim belə olacaqdır.
Bu gün Orta Dəhlizin ayrılmaz bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik yükaşırma qabiliyyəti Azərbaycanın əlavə sərmayəsi nəticəsində 1 milyondan 5 milyon tona çatdırılıb. Xatırladaq ki, ötən il Azərbaycanın TDT-yə üzv ölkələrlə ticarət dövriyyəsi 8 milyard 208 milyon dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 23,7 faiz çoxdur. Ümumilikdə, ötən il təşkilata üzv ölkələrlə aparılan idxal-ixrac əməliyyatları Azərbaycanın ümumi ticarət dövriyyəsinin 16 faizinə bərabər olub.
Azərbaycanın Türk dünyası ölkələrinin birliyinə daha bir töhfəsi isə Orta Dəhliz layihəsidir. Orta Dəhlizi dəyər zənciri də adlandırmaq mümkündür. Lakin bu dəhlizin üstünlükləri və əhatə coğrafiyası Türk Dövlətləri Təşkilatının əsas əlaqələndiricisi kimi çıxış etməyə zəmin yaradır. Dəhlizin trayektoriyası da onun 1 trilyon ABŞ dollarından çox ümumi daxili məhsula (ÜDM) malik Türk dövlətlərini birləşdirən bir layihə olduğunu deməyə tam əsas verir. Bu gün Azərbaycan Orta Dəhliz layihəsinin əsas həlqələrində biri hesab edilir. Ölkəmiz dəhlizin inkişafı və səmərəliliyi məqsədilə öz ərazisində zəruri infrastrukturu təmin edir. Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb. Azərbaycan, eyni zamanda, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona çatdırmaq niyyətindədir. Enerji sahəsində strateji tərəfdaşlığımız, o cümlədən bərpaolunan enerji və enerji səmərəliliyi sahəsində əməkdaşlığımız çox əhəmiyyətlidir. Bütün bunlar Türk dünyasının inkişafına, iqtisadi gücünün artmasına böyük təsir göstərəcəkdir.
Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi isə Türk dünyasının gələcək inkişafı baxımından qiymətli tarixi sənəddir.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-11-2024