Mobil versiya
Azərbaycan kosmik ölkəyə çevrilir
Tarix: 04-04-2024 | Saat: 13:50
Bölmə:Gündəm / Özəl | çapa göndər

Azərbaycan kosmik ölkəyə çevrilir

Bu günümüzün reallıqlarından kifayət qədər uzaq 1973-cü ildə Bakıda, SSRİ-nin tərkibinə daxil olan Azərbaycan Sovet Sosialist Respublikasının paytaxtında 24-cü Beynəlxalq Astronavtika Konqresi keçirilərkən çox az insan düşünə bilərdi ki, cəmi 50 ildən sonra Azərbaycan artıq kosmik sənayesini müstəqil şəkildə inkişaf etdirən suveren dövlət olaraq 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək. Lakin həmin dövrdə respublikaya rəhbərlik edən Ulu Öndər Heydər Əliyev bu gələcəyi yaxşı görürdü. Konqresin keçirilməsi üçün SSRİ-nin tərkibində olan 15 paytaxat şəhər arasında məhz Bakının seçilməsi də məhz Ulu Öndərimizin gərgin səyləri nəticəsində mümkün olmuşdu. Birmənalı olaraq deyə bilərik ki, hər iki Beynəlxalq Astronavtika Konqresi Azərbaycan üçün, ölkənin kosmik sənayesinin inkişafı üçün böyük əhəmiyyət kəsb etmişdir. Keçən il keçirilmiş tədbirə 100-dən artıq ölkəni təmsil edən 5000-dən çox iştirakçının qatılması da Konqresin beynəlxalq önəminin ildən-ilə artdığını göstərir.

Ümumiyyətlə qeyd etmək lazımdır ki, son illər Azərbaycanda kosmik sənayenin inkişafı sahəsində böyük uğurlar əldə edilmişdir. Azərbaycan öz siyasətini ölkənin güclü iqtisadi potensialına və zamanın dəyişən çağırışlarına uyğun quran müasir dövlətdir. Cənab Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq müasirləşməni strateji hədəf kimi müəyyənləşdirən respublikamızda yeni yanaşmaların tətbiqinə geniş yer verilir ki, bu da ölkənin inkişafına dinamizm gətirir. Müxtəlif sahələrdə qabaqcıl innovasiyaların tətbiqi Azərbaycanın müasir çağırışlara əsaslanan dinamik inkişafını təmin edən mühüm strateji faktorlardan biridir. Müasir dövrdə ölkəmizdə yeni innovasiyalara əsaslanan və mühüm inkişaf yolu keçən sahələrdən biri məhz kosmik sənaye sahəsidir. Digər sahələrdə olduğu kimi bu sahənin də yenidən qurulması və müasir prinsiplərlə formalaşdırılması uzunmüddətli strateji yanaşma ilə mümkün olub.



2008-ci ildə Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” Sərəncam imzalanıb, 2009-cu ildə isə, “Azərbaycanda Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı” təsdiqlənib. 2010-cu ildə peyklərin orbitə çıxarılması, idarə edilməsi və istismarı işlərinin həyata keçirilməsi məqsədilə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti təsis edilib. 2013-cü ildə “Azerspace-1” telekommunikasiya, 2014-ci ildə “Azersky” Yerin məsafədən müşahidəsi, 2018-ci ildə isə “Azerspace-2” telekommunikasiya peyki orbitə çıxarılıb. Bu peyk layihələrinin həyata keçirilməsinin əsas məqsədləri ölkənin milli təhlükəsizliyinin təmin olunmasına dəstək verilməsi, sosial-iqtisadi inkişafa töhfə verilməsi, kommersiya fəaliyyətini genişləndirərək peyk layihələrinə yatırılan investisiyaların geri qaytarılması, elmi tədqiqatların aparılmasına dəstək verilməsi və beynəlxalq kosmik təşəbbüslərdə iştirak edərək ölkənin beynəlxalq imicinin yüksəldilməsinə töhfə verməkdir. Bununla yanaşı, Azərbaycan dövləti bu sahənin inkişafı üçün mühüm addımlar atmaqda davam edir.

Ölkə Prezidenti cənab İlham Əliyev 27 aprel 2021-ci il tarixində “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsin yaradılması haqqında Fərman imzalayıb. Sənədə əsasən, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin əsasında Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxs yaradılıb. Bu institusional dəyişiklik Azərbaycan Respublikasında kosmik fəaliyyət sahəsində əldə edilmiş uğurların və inkişafın davam etdirilməsi, dünyada gedən sürətli texnoloji tərəqqidən ölkəmizin daha çox faydalanması, kosmik fəaliyyət sahəsində idarəetmə, tənzimləmə, əlaqələndirmə və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi məqsədi daşıyır. Azərkosmos Qafqaz regionundakı ilk peyk operatorudur. Tamamilə Azərbaycan dövlətinə məxsus olan bu şirkət Azerspace-1 telekommunikasiya peyki sayəsində Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Orta Asiya müştərilərinə genişzolaqlı və yayım xidmətləri, Azersky peyki ilə peyk görüntüləri və geoinformasiya xidmətləri göstərir.

Ötən müddət ərzində Azərbaycanın dünya kosmos ailəsində öz mövqeyini möhkəmləndirməsi ölkə iqtisadiyyatına əlavə üstünlüklər qazandırıb. Məsələn, 2022-ci ilin yanvar-may aylarında Azərkosmos tərəfindən dünyanın 33 ölkəsinə 10,8 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac olunub. Azərkosmosun xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 87 faizidir.

Bütün bunlarla yanaşı, Azərbaycan dünyanın aparıcı strukturları ilə də yaxından əməkdaşlıq edir. Ötən ay Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərkosmos Avropa Kosmik Agentliyinin (ESA) “Azo Space” inkubasiya mərkəzi ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Bu əməkdaşlıq “Azo Space” inkubasiya mərkəzinin Yerin müşahidəsi və coğrafi informasiya xidmətlərinə dair həyata keçirdiyi proqramlarda ölkəmizin aktiv iştirak etməsinə imkan verəcək. Əməkdaşlığın davamı olaraq Azərkosmos kosmik sahədə ixtisaslaşan, o cümlədən bu sahəyə marağı olan şəxsləri “Azo Space” mərkəzinin “Copernicus Masters” və “SpaceLeap” proqramlarında iştirak etməyə dəvət edir.

2023-cü ilin 2 oktyabr tarixində Bakı Konqres Mərkəzində keçirilmiş Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxış edən Ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycanda kosmik tədqiqatlar sahəsində əldə olunmuş nailiyyətlərlə bağlı dolğun açıqlamalar təqdim etdi. Dövlət başçısı həmçinin bu beynəlxalq tədbirin ölkəmizdə kosmik sənaye, müasir texnologiya və innovasiya sektorlarının inkişafına və onların müasirləşdirilməsinə mütləq yeni təkan verəcəyini də vurğuladı. Qeyd olundu ki, ölkəmiz on ildən artıq müddət əvvəl beynəlxalq kosmik ailənin üzvü olub. Bu gün isə, Azərbaycan Yerin orbitində üç peykə malikdir. Həmin peyklər azərbaycanlı mütəxəssislər tərəfindən idarə olunur və təkcə Azərbaycana deyil, eyni zamanda 45-dən artıq ölkəyə də xidmət göstərirlər.

Yeri gəlmişkən, bu il İtaliyanın Milan şəhərində keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə məhz Azərbaycandan rekord sayda elmi məqalələrin təqdim edilməsi faktının özü də plkmizdə kosmik sahənin sürətlə inkişaf etdiyindən xəbər verən daha bir göstəricidir. Məlum olduğu kimi, 75-ci Beynəlxalq Astronavtika Konqresi 2024-cü ildə Milanda keçiriləcək. Keçən il Beynəlxalq Astronavtika Federasiyası (IAF) ilə İtaliyanın Kosmik Agentliyi arasında bununla bağlı imzalanma mərasimi baş tutub. Beynəlxalq Astronavtika Federasiyasının rəsmi bayrağı 2023-cü ildə konqresə ev sahibliyi edən Azərbaycan tərəfindən İtaliyaya ötürülüb. Rəsmi məlumatlara görə, ölkəmizdən Milan Konqresinə 345 elmi məqalə təqdim olunmuşdur. Bu nəticə ilə Azərbaycan elmi məqalələrin sayına görə dünyada beş ölkədən biridir. Konqresin ev sahibi olan İtaliya 985 elmi məqalə, Amerika Birləşmiş Ştatları 782 elmi məqalə, Çin 539 elmi məqalə, Hindistan 476 məqalə və ötən ilki Konqresin ev sahbi Azərbaycan 345 elmi məqalə ilə top beşlikdədir. Xatırladaq ki, ötən il Bakı Konqresində də Azərbaycan 214 elmi məqalə ilə ilk beş ölkə sırasında yer almışdı. Azərbaycanın bu il yüksək göstəriciyə nail olmasında ötən il Bakıda keçirilən Konqresin xüsusi rolu olmuşdur. Diqqət çəkən məqamlardan biri də ötən ilki Bakı Konqresindən sonra Milan Konqresinə qoşulan inkişaf etməkdə olan ölkələrin və yeni kosmik aktorların sayının artmasıdır. Bakı Konqresinin yaratdığı yüksək səviyyəli tədbir standartı sayəsində dünyada bu ilki Astronavtika Konqresinə maraq artmış və bunun sayəsində 106 ölkədən ümumilikdə 7000-dən çox elmi məqalə təqdim edilmişdir.

Diqqətəlayiq haldır ki, Milan Konqresinə Azərbaycandan təqdim olunan elmi məqalələrin böyük əksəriyyəti gənclər tərəfindən hazırlanmışdır. Bu da elmin, yeni texnologiyaların, innovasiyanın və kosmik sənayenin inkişafında təkanverici amil olan Azərbaycanın gənc alimlərinin yüksək intellektual potensialının nəticəsidir. Ölkəmizdə elm və təhsilin sürətli inkişaf tempi sayəsində məhz Azərbaycan gənci elm və texnoloji tərəqqidən geri qalmır, qlobal səviyyədə təmsil olunur.

Bu gün Azərbaycan gənclərinin kosmik sahədə dünya miqyaslı və rəqabət apara biləcək elmi məqalələrini beynəlxalq auditoriyaya təqdim etmələri də Azərkosmosun ölkədə kosmik ekosistemin inkişafı üçün apardığı davamlı maarifləndirmə işlərinin uğur indeksidir. Bu gün bütün dünyada kosmik sahə elmi əsaslı, innovativ texnoloji istehsal üzərində inkişaf edir. Azərbaycanın bu sahədə öz elmi tədqiqat potensialını artırması ölkəmizin gələcək texnoloji profilinin inkişafına müsbət təsirini göstərəcək.

Beləliklə, digər sahələr kimi, ölkəmizdə kosmik sənayenin inkişafı da dövlətin xüsusi diqqət mərkəzindədir. Qeyd olundu ki, müasirləşdirilmə dövlətimizin gələcəklə bağlı baxışını, gündəliyini və planlarını səciyyələndirir.

Gülər Sultanzadə,
Azərbaycan Texniki Universitetinin tələbəsi




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-05-2024