Mobil versiya
Gülər Sultanzadə: “Bu il Novruz tonqalı müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq Xankəndidə alovlandı”
Tarix: 21-03-2024 | Saat: 09:45
Bölmə:Gündəm | çapa göndər

Gülər Sultanzadə: “Bu il Novruz tonqalı müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq Xankəndidə alovlandı”

“Keçən ilin oktyabr ayının 15-də Xankəndidə müqəddəs bayrağımızı ucaldan Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev bu ilin 18 mart tarixində bu qədim Azərbaycan şəhərində Novruz tonqalını alovlandırdı və xalqı bayram münasibətilə təbrik etdi. İlk növbədə Vətən torpaqlarının azad olunması naminə öz canlarını fəda etmiş şəhidlərin əziz xatirəsini yad etməklə dövlətimizin başçısı şəhid və qazilərimizə, müharibə iştirakçılarına Azərbaycan xalqının sonsuz ehtiramını bir daha vurğuladı. Daha sonra 30 illik işğal ərzində ermənilərin xalqımıza qarşı apardıqları etnik təmizləmə siyasətindən, törətdikləri soyqırımı və kütləvi qırğınlardan, hərbi cinayətlərdən bəhs edərək, beynəlxalq təşkilatların həmin illərdə səsimizi eşitmədiklərini, münaqişəni həll etmək əvəzinə, onu dondurmağa çalışdıqlarını xatırlatmışdır. Əlbəttə ki, bu gün vəziyyət artıq kökündən dəyişib. O mənada ki, 2020-ci ilin sentyabr-noyabr ayları ərzində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 günə torpaqlarımızı işğaldan azad etdi. Altı ay bundan əvvəl isə, Azərbaycan uğurla keçirdiyi antiterror əməliyyatı nəticəsində ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Uzun illərin həsrətindən sonra ölkəmizin bütün şəhər və qəsəbələrində, kəndlərində, rayon və bölgələrində olduğu kimi, Qarabağın və Şərqi Zəngəzurun artıq hər bir guşəsində də Novruzu bu torpaqların əsl sahibləri qarşılayırlar.”

Bu sözləri aia.az-a verdiyi müsahibəsində Azərbaycan Texniki Universitetinin tələbəsi, YAP Yasamal rayon təşkilatının fəal üzvü Gülər Sultanzasə deyib.

Fikirlərini davam etdirən müsahibimiz həmçinin bildirib ki, əgər ermənilər məlum xarici qüvvələrin boş vədlərinə uymasaydılar və məğlub olduqları II Qarabağ Müharibəsinin dərslərindən düzgün nəticə çıxara bilsəydilər, o zaman 2023-cü ildə keçirilmiş antiterror əməliyyatına ehtiyac qalmazdı: “Dövlət başçımızın Xankəndidə söylədiyi təbrik nitqində qeyd olunduğu kimi, əgər İkinci Qarabağ müharibəsinin nəticələri Ermənistana dərs olsaydı, antiterror əməliyyatının keçirilməsinə ehtiyac qalmayacaqdı. Lakin Ermənistan sağlam düşüncənin tam əksinə olaraq ötən üç il ərzində baş verənlərdən düzgün nəticə çıxarmadı. Hətta ermənilər bəzi xarici dairələrin təhriklərinə uyaraq öz qanunsuz silahlı birləşmələrini bizim ərazilərimizdə əbədi saxlaya biləcəklərini, burada vaxtilə qeyri-qanuni yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası”nı yaşatmağın mümkün ola biləcəyini düşünürdülər. Əlbəttə ki, Azərbaycan buna yol verə bilməzdi və yol vermədi. Məhz buna görə keçən ilin sentyabr ayında bir gündən də az davam edən antiterror əməliyyatı keçirildi. Bu, beynəlxalq hüququn və Azərbaycan xalqının sarsılmaz iradəsinin təntənəsi oldu. Azərbaycan beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyünü, suverenliyini bərpa etdi. Möhtəşəm Qələbəmizin növbəti rəmzi olaraq Xankəndi şəhərinin əsas meydanı bu gün “Zəfər meydanı” adlandırılır. Azərbaycan üç ildən artıq müddətdir ki, işğaldan azad etdiyi suveren ərazilərində geniş quruculuq işləri aparır və hazırda keçmiş köçkünlərin bir hissəsi öz dədə-baba torpaqlarına geri dönmüşdür. Əlbəttə ki, bu proses bu il də davam edəcək. Cənab Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan xalqı öz ölkəsinin ərazi bütövlüyünü, suverenliyini, özünün beynəlxalq hüququnu, milli ləyaqətini bərpa etmişdir və bu gün azad xalq kimi yaşayır, qurur və bundan sonra da bu torpaqlarda əbədi yaşayacaq” – deyə, Gülər Sultanzadə fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-05-2024