Mobil versiya
Anar Nəbiyev: Əməkdaşlığımızın mahiyyəti qarşılıqlı fəaliyyətimizin strateji xarakterini ehtiva edir
Tarix: 14-03-2024 | Saat: 16:47
Bölmə:Siyasət | çapa göndər

Anar Nəbiyev: Əməkdaşlığımızın mahiyyəti qarşılıqlı fəaliyyətimizin strateji xarakterini ehtiva edir

Azərbaycanın xarici siyasətinin əsas tərkib hissələrindən biri ikitərəfli əlaqələrin qurulması və yeni prioritetlər üzrə inkişaf etdirilməsidir. Azərbaycan Mərkəzi Asiya ölkələri, o cümlədən regionun Türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verir. Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu türk dövlətlərindən biri də Qazaxıstandır.
Azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqlar iki ölkə arasında əlaqələrin əsasını təşkil edir. Ölkələrimizin ənənəvi dostluq və qardaşlıq əlaqələri əsrlərə söykənir. Təsadüfi deyil ki, hazırda Qazaxıstanda iki yüz minə qədər azərbaycanlı yaşayır. Onlar bu ölkənin elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrində çalışır, ictimai-siyasi həyatda yaxından iştirak edirlər. Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il avqustun 30-da qurulub. 1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın bu ölkədə səfirlikləri fəaliyyətə başlayıb. 2008-ci ilin sentyabrında Azərbaycanın Qazaxıstanın Aktau şəhərində baş konsulluğu açılıb.
Hər bir səfər müzakirə olunan məsələlər, imzalanan sənədlər, həmçinin günün tələblərinə uyğun olaraq səsləndirilən çağırışlar baxımından xüsusi diqqət çəkir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin martın 11-də ölkəmizə dövlət səfəri bu gün ölkə və dünya mətbuatında geniş müzakirə olunmaqdadır. İki ölkə arasında əlaqələrin bütün sahələrdə uğurlu inkişafı keçilin yolun təhlilində və onların əsasında yeni hədəflərin müəyyənləşdirilməsində özünün aydın ifadəsini tapdı. “Bu dövlət səfəri dövlətlərimiz arasında əməkdaşlığın inkişaf perspektivləri nöqteyi-nəzərindən çox mühümdür. Gördüyünüz kimi, məni çox böyük nümayəndə heyəti müşayiət edir. Bu, onu göstərir ki, biz belə mühüm tədbirin – qardaş Azərbaycana dövlət səfərinin bütün aspektlərinə geniş hazırlıq görmüşük” söyləyən Qazaxıstan Prezidenti, eyni zamanda, Azərbaycanın tarixi Zəfərindən, ərazi bütövlüyünün və suverenliyinin bərpasından böyük sevinc hissi keçirdiyini bildirdi. Qeyd etdi ki, bu, uzun illər ərzində Prezident İlham Əliyevin dövlət suverenliyinin bərpasına yönəlmiş və son nəticədə tarixi həqiqətin bərpası ilə nəticələnən səylərinin qanunauyğun yekunudur. Azərbaycanın daha bir uğuru – qlobal iqlim konfransına ev sahibliyi etməsi olacaq. Bu mühüm tədbirin məhz Bakıda keçirilməsi faktı bir çox məqamlardan xəbər verir. Hər şeydən əvvəl, bu, ölkəmizin sosial-iqtisadi inkişaf sahəsində, həmçinin beynəlxalq arenada nailiyyətlərinin qəbul edilməsi amilidir. Həqiqətən Azərbaycanın nüfuzu durmadan artır, bu, həm iqtisadiyyatda, həm də beynəlxalq siyasətdə baş verir. Əlbəttə, Qazaxıstan COP29-un müvafiq səviyyədə keçirilməsini dəstəkləyir və bu son məqsədə nail olmaq üçün lazımi səylər göstərəcəkdir.
Azərbaycan və Qazaxıstanın son vaxtlar yüksək səviyyədə təmasları artıb. Qazaxıstan Prezidenti cari ilin də istisna olmayacağını bildirdi: “Biz yüksək səviyyəli beynəlxalq tədbirlərdə iştirak etmək üçün Sizi azı iki dəfə Qazaxıstanda gözləyirik. Mən özüm də Türk dövlətləri liderlərinin qeyri-rəsmi sammitində iştirak etmək üçün Azərbaycana yenidən səfər etməyi planlaşdırıram. Düşünürəm ki, bu təmaslar strateji tərəfdaşlığı və hətta Qazaxıstanla Azərbaycan arasında müttəfiqliyi möhkəmləndirmək üçün çox faydalıdır. Strateji tərəfdaşlıqdan danışdıqda, biz bunu sadəcə gözəl ifadə və ya diplomatik nəzakət kimi qəbul etmirik. Əslində, əməkdaşlığımızın mahiyyəti qarşılıqlı fəaliyyətimizin strateji xarakterini ehtiva edir.”
Səfərin əhəmiyyətini artıran mühüm amillərdən biri də müxtəlif sahələrin inkişafına geniş imkanlar açacaq sənədlərin imzalanmasıdır. Bu səfər zamanı 9 sənəd imzalandı ki, onların arasında təhsil və media sahəsində əməkdaşlığın daha da inkişafına yönələn sənədi xüsusi qeyd etmək istərdik. Ümumilikdə indiyədək Azərbaycanla Qazaxıstan arasında 150-yə yaxın sənəd imzalanıb. Bu normativ hüquqi baza tədricən daha da genişlənir və təkcə 1 il 6 ay ərzində 40-a yaxın mühüm ikitərəfli sənəd imzalanıb. Bu sənədlər arasında “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə”, “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə”, “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” xüsusi vurğulanmalıdır. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına 1999-cu ildə yaradılmış Ticari-İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya da mühüm töhfə verir. Komissiyanın indiyədək 20 iclası keçirilib. Sonuncu iclas isə bu ay Astanada baş tutub. Azərbaycanla Qazaxıstan arasında parlamentlərarası əlaqələr də uğurla inkişaf edir. Hər iki ölkənin qanunverici orqanlarında dostluq qrupları fəaliyyət göstərir.
Prezidentlərin iştirakı ilə keçirilən Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclasında, eyni zamanda, mətbuata birgə bəyanatlarında əlaqələrin ayrı-ayrı sahələr üzrə inkişafına diqqət yönəldilərək belə bir əminlik ifadə olundu ki, münasibətlərimiz bundan sonra da yüksələn xətlə inkişaf edəcək. Bu münasibətlər öz növbəsində Türk Dövlətləri Təşkilatı daxilində birliyimizin qorunmasında əhəmiyyətli rol oynayacaq. Cənab İlham Əliyev bildirdi ki, biz, həmçinin qarşılıqlı fəaliyyətin digər məsələlərini, o cümlədən beynəlxalq strukturlarda, ilk növbədə BMT və Türk Dövlətləri Təşkilatında birgə fəaliyyətimizi müzakirə etdik. Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyəti gələcəkdə də möhkəmləndirməyin zəruri olmasına dair vahid fikrə gəldik. Çünki bu təşkilat yaxın, dost, doğma ölkələri birləşdirir, həmçinin böyük potensiala, ən başlıcası inkişaf potensialına malikdir.
Türk birliyinin qlobal gücə çevrilməsi artıq reallıqdır. Hazırda Türk Dövlətləri Təşkilatı dünya ölkələri tərəfindən mötəbər qurum kimi tanınır və üzv dövlətlərin sıx əməkdaşlığı, birgə səyləri ilə təşkilatın nüfuzu gündən-günə artmaqdadır.

Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-11-2024