Mobil versiya
Gənc nəslin düzgün tərbiyəsi parlaq gələcəyimizin təminatıdır” mövzusunda konfrans keçirilib -Fotolar
Tarix: 04-03-2024 | Saat: 18:59
Bölmə:Manşet / Siyasət / Təhsil | çapa göndər

Gənc nəslin düzgün tərbiyəsi parlaq gələcəyimizin təminatıdır” mövzusunda konfrans keçirilib

Azərbaycan Ağsaqqallar Şurasının və Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının birgə təşkilatçılığı ilə “Gənc nəslin düzgün tərbiyəsi parlaq gələcəyimizin təminatıdır” mövzusunda konfrans keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd dövlətimizin gənclər siyasətinə dəstək vermək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gənclərlə bağlı çağırışlarını təbliğ etmək, gənclərin milli-mənəvi dəyərlərimizə bağlı şəkildə tərbiyəsinin dövlətçiliyimizin bu günü və gələcəyi baxımından önəminə diqqət çəkmək olub.

aia.az xəbər verir ki, konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, Hərbi Dəniz Qüvvələrinin Komandanı vitse-admiral Sübhan Bəkirov, Müdafiə Nazirliyinin şöbə rəisi, polkovnik Elvin Əzizov, Gənclər və İdman Nazirliyi Vətənpərvərlik tərbiyəsi şöbəsinin müdiri Elşən Hüseynov, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, baş məsləhətçi-hüquqşünas Kamal Əliyev, habelə gənclər, ziyalılar, veteranlar və ağsaqqallar, dövlət qurumlarının, media və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak ediblər.
Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov konfrans iştirakçılarını salamlayaraq, konfransı açıq elan edib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Konfransın mövzusu ilə bağlı ətraflı çıxış edən Cəlil Xəlilov gənc nəslin tarixi roluna, dövlətimizin gənclər siaysətinə diqqət çəkib, hər bir şəxsin bu siyasəti dəstəkləməsinin önəmini qeyd edib: “Azərbaycanda dövlət gənclər siyasətinin formalaşdırılması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin gənclər siyasətində ilk mühüm addım kimi, 1994-cü il iyulun 26-da Azərbaycan Prezidentinin fərmanı ilə Gənclər və İdman Nazirliyinin təsis edilməsini göstərmək olar. Gənclərimiz 44 günlük Vətən müharibəsində, habelə lokal antiterror tədbirləri zamanı öz cəsarətləri, rəşadətləri, qəhrəmanlıqları ilə xalqımızın zəfərini təmin edərək, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında yeni tarix yazıblar. Təsadüfi deyil ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev bütün çıxışlarında gənclərimizin vətənpərvərlik ruhunu, mübarizə əzmini yüksək qiymətləndirir, onlara böyük sevgi və etimadla yanaşır. Təbii ki, vətənpərvər gəncliyin formalaşmasında həm dövlətimiz, həm də xalqımız – ailə institutu mühüm rol oynayıb. Lakin biz dövlətimizin daha da inkişaf etməsini, çiçəklənməsini, özünəməxsusluğunu qoruyub saxlamasını istəyiriksə, gənclərimizin bundan sonra da milli-mənəvi dəyərlərə bağlı şəkildə yetişdirilməsini diqqətdə saxlamalıyıq. Çalışmalıyıq ki, gənclərimiz tariximizə, ədəbiyyatımıza, əcdadlarımızın qəhrəmanlıq ənənəsinə sadiq şəkildə formalaşsınlar, milli dəyərlərin, milli maraqların keşiyində dayansınlar. Təəssüflər olsun ki, bu gün bəzən yeniyetmələr, gənclər arasında bəzi arzuedilməz olaylara da şahid oluruq. Biz gənclərimizi zərərli vərdişlərdən qorumalı, bu sahədə maarifçilik işini genişləndirməli, dövlətimizə bütün digər sahələrdə olduğu kimi bu məsələdə də ciddi dəstək verməliyik”.
Sonra çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev tədbir iştirakçılarını təmsil olunduğu Milli Məclisin deputatları və ağsaqqallar adından salamlayıb. Konfransın çox əhəmiyyətli və bu gün üçün daha da aktual olan bir mövzuya həsr edildiyini bildirərək, milli-mənəvi dəyərlərə sahib çıxmağın önəmini vurğulayıb, gəncləri yad meyillərə, kənar təsirlərə uymamağa çağırıb. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu gənclər siyasətindən bəhs edən natiq bildirib ki, gənc nəsil bizim gələcəyimizin təminatı, dövlətimizin, cəmiyyətimizin dayağıdır. Eldar müəllim cənab İlham Əliyevin 7 fevral 2024-cü ildə keçirilən prezident seçkilərində xalqımızın mütləq əksəriyyətinin – 92 faizdən çoxunun yüksək etimadı ilə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsindən də ətraflı bəhs edib. Dövlət başçısının inaqurasiyadakı çıxışına diqqət çəkərək vurğulayıb ki, biz bu proqram xarakterli çox dərin və məzmunlu çıxışı Azərbaycanın bu günü və gələcəyi üçün yol xəritəsi də adlandıra bilərik. Bu çıxışda möhtərəm Prezidentimiz milli-mənəvi dəyərlərimizin əhəmiyyətindən də söz açıb. Biz də, öz növbəmizdə, milli-mənəvi dəyərlərimizi qorumalı, yaşatmalı, daha çox təbliğ etməli, xüsusilə gənclərimizə aşılayaraq gələcək nəslə ötürməliyik. Eldar Quliyev ölkə başçısı cənab İlham Əliyevin Türk dövlətləri ilə münasibətlərimizi daha da möhkəmləndirməyimizlə bağlı fikrinə də münasibət bildirib. Qeyd edib ki, Azərbaycan Ağsaqqallar Şurası, əsasən, Türk Dövlətləri Təşkilatı çərçivəsində qardaş ölkələrlə, onların Ağsaqqallar Şuraları ilə sıx əlaqə saxlayır, qarşılıqlı səfərlər, tədbirlər həyata keçirilir, baş tutan görüşlərdə bir çox mühüm məsələlər müzakirə olunur. Daha sonra natiq öz çıxışında vurğulayıb ki, 44 günlük Vətən müharibəsi Azərbaycan gəncliyinin nəyə qadir olduğunu bir daha göstərdi. O, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman gənclərimizdən ibarət rəşadətli Ordumuzun cəmi 44 gün ərzində düşməni darmadağın edərək, işğal altındakı torpaqlarımızı erməni qəsbkarlarından azad etdiyini tədbir iştirkçılarına xatırladıb. Bildirib ki, öz cəsarətləri ilə düşmənə qan udduran gənclərimizin misilsiz qəhrəmanlıqları ölkəmizdən kənarda da etiraf edilir və biz, xarici səfərlərimiz zamanı dəfələrlə bunun şahidi olmuşuq. Ancaq təəssüflər olsun ki, bəzən gənclər arasında aqressiya, şiddət, Azərbaycan insanına, Azərbaycan ailəsinə yaraşmayan qəddarlıq nümunələri də görürük. Erkən nigah, narkomaniya, boşanmaların artması kimi hallar da müşahidə edilir ki, bu da böyük narahatlıq doğurur. Azərbaycan Ağsaqqallar Şurası bu sahədə mütəmadi olaraq öz fəaliyyətini davam etdirir, gənclərimizin zərərli vərdişlərdən uzaq sağlam həyat tərzi keçirmələri, onların milli-mənəvi dəyərlərimizə bağlılıq və vətənpərvərlik ruhunda yetişmələri üçün maarifləndirmə işləri aparır. Lakin bu cür halların qarşısını almaq üçün biz bir cəmiyyət, bir xalq olaraq birlikdə daha ciddi mübarizə aparmalı, dövlətimizin gənclər siyasətinə öz töhfəmizi verməliyik.
Daha sonra çıxış edən Müdafiə Nazirliyinin şöbə rəisi polkovnik Elvin Əzizov, “Ədəbi Turan Kitab Fondu”nun sədri, elmlər doktoru Esmira Fuad, Gənclər və İdman Nazirliyi Vətənpərvərlik tərbiyəsi şöbəsinin müdiri Elşən Hüseynov da dövlətimizin gənclərlə bağlı siyasətinə dəstək nümayiş etdirərək, erkən nigah, narkomaniya, aqressiya və qəddarlıq kimi halları tənqid ediblər. Vurğulayıblar ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gənclərlə bağlı hər bir fikri, hər bir çağırışı sadəcə gənclər üçün deyil, bütün cəmiyyət üçün ciddi aktuallıq təşkil edir və dövlətimizin gələcək inkişafının etibarlı təminatına yönəlib.
44 günlük Vətən müharibəsi qazisi, mayor Elşad Təhməzov isə öz çıxışında müharibədə gənclərimizin göstərdiyi qəhrəmanlıqlara diqqət çəkib və bu ruhu, milli-mənəvi dəyərlərə bağlılığı qoruyub saxlamağın vacibliyini vurğulayıb.
Tədbir hərbi vətənpərvər mahnıların məşhur ifaçısı Şəmistan Əlizamanlının ifası ilə başa çatıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-05-2024