Mobil versiya
Vətənə məhəbbət abidəsi
Tarix: 29-02-2024 | Saat: 09:55
Bölmə:Siyasət / Özəl | çapa göndər

Vətənə məhəbbət abidəsi

Xocalı soyqırımı zamanı başımıza gətirilən müsibətlər tarixdə az-az rast gəlinən hadisələrdəndir. Videogörüntülər, şəkillər, şahid ifadələri, ermənilərin özlərinin etirafları sübut edir ki, biz insanlığını itirmiş, hər cür vəhşiliyi işləyə biləcək kütlə ilə savaşmışıq və savaşmağa məhkumuq. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə sovet ordusunun Xankəndidəki 366-cı motoatıcı diviziyasının hərbi maşınlarının müşayiəti ilə əliyalın Xocalı üzərinə basqın edən ermənilər tarixdə elə bir cinayət işlədilər ki, ifadə etməyə söz tapılmır.
Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 24 fevral tarixli qərarına əsasən 26 fevral Xocalı Soyqırımı Günü elan edildi. Xocalı soyqırımının dünya miqyasında tanıdılması sahəsində aparılan sistemli işin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edildi. Rumıniya, Bosniya, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də Amerika Birləşmiş Ştatlarının 20-dən çox ştatının icra və qanunvericilik orqanı Xocalı faciəsini soyqırım kimi qiymətləndirərək qətiyyətlə pislədi. Amma dünyanın əksər güc mərkəzləri hələ də hər şeyi öz adı ilə səsləndirmək, haqlıya haqlı, haqsıza haqsız demək istəmirlər.
Fevralın 26-da Xocalı faciəsinin 32-ci ildönümündə Xocalı şəhərində faciə qurbanlarının xatirəsinə həsr olunmuş memorial kompleksin təməlini qoyan cənab Prezident İlham Əliyev qeyd etmişdir: “Əfsuslar olsun ki, “Xocalıya ədalət!” çağırışımız cavabsız qaldı. Düzdür, 18 ölkə bizim səylərimizin nəticəsi olaraq bu qanlı faciəni soyqırımı kimi tanımışdır. Ancaq bu ölkələrin arasında böyük dövlətlərin adları yoxdur. Beynəlxalq təşkilatlar, onların bir çoxu bu faciəyə biganə qalmışdır.”
Azərbaycan xalqının onun qüdrətli ordusunun bu tarixi ədalətsizliyi aradan qaldırmaq yolunda apardığı mübarizənin qələbə ilə yekunlaşdığını, Xocalı qurbanlarının qisasının alındığını bildirərək dermişdir: “Biz onilliklər ərzində çalışırdıq, xüsusilə son illər ərzində çalışırdıq ki, bu qanlı cinayəti törədənlər ədalət qarşısında cavab versinlər. Ancaq görürdük ki, bu ədaləti ancaq biz özümüz bərpa etməliyik və bunu etdik. İkinci Qarabağ müharibəsi ədalətin təntənəsi idi. İkinci Qarabağ müharibəsi nəticəsində o vaxt işğal altında olan torpaqların böyük hissəsi azad edilmişdir, işğal altında qalan ərazilər beş ay bundan əvvəl azad edilmişdir.”
Bu gün biz qalibik, düşmən diz çöküb, amma unutmayaq ki, unutmaq, tədbiri əldən vermək hər zaman tənəzzülə səbəb olur. Xocalı soyqırımı bizi hər zaman oyaq tutmalı, Xocalı abidəsi gücümüzə güc qatmalıdır. Unutmayaq ki, düşmən içimizdəki vərəm çöpü kimidir, zəiflədiyimiz an baş qaldırıb bizi yıxmağa çalışacaq. Ona görə də, hər zaman tədbirli və güclü olmalıyıq.
Cənab Prezidentin təməlini qoyduğu memorial kompleks də əsrlər boyu yaddaşımızı təzələyəcək, bir daha erməni məkrinə, erməni hiyləsinə aldanmamağı nəsillərə xatırladacaq. Çünki Xocalı faciəsi heç vaxt sağalmayan bir yaradır.
Heydər Əliyev Fondunun başlatdığı və Leyla xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyasının davamı olan bu abidə qan yaddaşımıza yazılmış bu tarixi faciənin qurbanlarının xatirəsinə həs olunmuş möhtəşəm bir abidə olmaqla bərabər, and yerimiz, qürur mənbəyimiz olacaqdır. Bu abidə bir daha göstərəcəkdir ki, bizi öldürmək olar, lakin Vətənə sədaqətimizdən, doğma torpağa bağlılığımızdan əl çəkdirmək olmaz və mümkün deyildir.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-11-2024