Mobil versiya
Bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır
Tarix: 01-02-2024 | Saat: 11:41
Bölmə:Özəl | çapa göndər

Bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır

Dünyanın nadir şəxsiyyətlərindən olan dahi insan Heydər Əliyevin Azərbaycanın müstəqilliyi, inkişafı yolunda xidmətləri misilsizdir. Heydər Əliyev təkcə Vətən, xalq, dövlətin deyil, eyni zamanda insanlığın xilaskarı kimi tarixdə qalacaq dühadır. Azərbaycanın böyük oğlu Heydər Əliyev XX əsrdə Azərbaycanımızı bütün dünyada tanıdan, təmsil edən müdrik dövlət başçısı kimi əsl bəşəriyyətə xidmət nümunəsi və gələcək nəsillərə örnək olmuşdur. 2 Fevral - Azərbaycan Gəncləri Günüdür. Bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilmişdir. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuşdur: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. 
Azərbaycan gənclərinin Vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biridir. Ulu Öndər vurğulayırdı: “Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir, sarsılmazdır. Hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir”. Gənclər, daim hər bir cəmiyyətin aparıcı qüvvəsi olub və bu gün də belədir. Gənc nəslə göstərilən diqqət və qayğı, onların bilik və bacarıqlarının inkişaf etdirilməsinə, dünya birliyinə inteqrasiyasına əlverişli şəraitin yaradılması dövlətin parlaq gələcəyinin təminatıdır. Gənclərin problemlərinin həllinə dəstək, onlara göstərilən dövlət qayğısı yeni və müstəqil Azərbaycan dövlətinin siyasi kursunun mühüm tərkib hissələrindəndir. təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlətin gənclər siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Bunun nəticəsini hər bir gənc gündəlik həyatında hiss edir. Bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Bu da gənclərə qayğının dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilməsindən irəli gəlir. Azərbaycan gəncliyi son illər ictimai həyatın bütün sferalarında daha çox fəallığı ilə diqqəti cəlb edir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Gənclərin fəaliyyəti üçün dövlətin yaratdığı geniş imkanlar nəticəsində onlar artıq cəmiyyətin avanqard qüvvəsinə çevrilib.Tarixi missiyanı həyata keçirən bizim qəhrəman gənclərimiz tarix qarşısında, xalq qarşısında, Vətən qarısında misilsiz xidmətlər göstərmişlər. Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Onların rəşadəti sayəsində əldə olunan Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər. Qürur və fəxrlə deyə bilərik ki, Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur. Bu da Ulu Öndərin gənc nəsli Azərbaycanın uğurlu sabahı naminə səfərbər edən siyasətinin nəticəsi idi. Vətən müharibəsində iştirak etmiş hər bir igid gəncinə Azərbaycan xalqı minnətdardır. Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Bu, hər birimiz üçün qürur mənbəyidir.Vətən müharibəsi dövründə bizim gənclərimiz sosial şəbəkələrdə çox fəal oldular və müharibə zamanı gedən informasiya müharibəsində də Azərbaycan qalib gəldi. İnformasiya müharibəsinə təkcə Azərbaycan vətəndaşları yox, dünya azərbaycanlıları da qoşuldular - könüllü olaraq, öz təşəbbüsləri ilə. Birgə səylərin nəticəsində Azərbaycan informasiya məkanında üstünlük əldə etdi. Əsasən gənclərdən ibarət sosial şəbəkə istifadəçiləri şəbəkələrdə üstünlüyü əldə edərək paylaşılan məlumatın həqiqi və təsirliliyinə nail oldular.
Bu gün Azərbaycan gəncliyi özünün ən xöşbəxt və qürurlu Gənclər Gününü qeyd edir. Dəfələrlə Azərbaycan Respublikasının Prezidenti və Müzəffər Ali Baş Komandan İlham Əliyev xüsusi olaraq Azərbaycan gənclərinin, mərd oğullarının qəhrəmanlığını qeyd etmişdir. Qırx dörd günlük müharibə bir qəhrəmanlıq dastanıdır. Şuşanı ağlasığmaz əməliyyatla azad edən ordumuzun əsgər və zabitlərinin  mütləq əksəriyyəti gənclərdir. Bir zamanlar uşaq kimi ana qucağında Qarabağdan çıxanlar indi tank üstündə qəhrəman kimi ata-baba torpaqlarına daxil oldular.2023-cü il sentyabrın 19-da Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun Qarabağ bölgəsində həyata keçirdiyi və cəmi bir gün davam edən zəruri lokal antiterror tədbirlərindən sonra düşmən ağ bayraq qaldıraraq təslim oldu, ordumuzun hissələri vaxtı ilə işğal edilən kənd və yaşayış məntəqələrinə tam nəzarətə aldı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev oktyabrın 15-də Xankəndidə, Xocalıda, Ağdərədə, Əskəranda və Xocavənddə Azərbaycanın Dövlət Bayrağını ucaltdı. Əzəli düşmən üzərindəki Şanlı Qələbədə əsas nöqtə isə noyabrın 8-də Xankəndi şəhərində keçirilən hərbi parad oldu.Bütün bunlar bir daha onu sübut edir ki, əsasını Ulu Öndər Heydər Əliyevin qoyduğu gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan gəncliyi durmadan inkişaf edir. Bu uğurlara görə Azərbaycan gəncləri Ulu Öndərə və onun layiqli davamçısı ölkə başçısına minnətdardır.
Yeni tariximiz 7 fevraldan başlayacaq. Bu seçkidən sonra növbəti dəfə xalqının etimad mandatını qazanan cənab İlham Əliyev daha möhtəşəm tarixi işlərin təməlini qoyacaq, bölgədə əbədi sülh, əməkdaşlıq, tərəqqi bərqərar olacaq, Azərbaycan daha da güclənəcək, böyüyəcək, ən xoşbəxt insanların yaşadığı çiçəklənən bir cənnət diyarına çevriləcəkdir! Azərbaycan xalqı, Azərbaycan gəncləri 7 fevral 2024-cü il tarixində bir yumruq kimi birləşdiyini öz seçimi ilə bir daha sübut edəcək.

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-01-2025