Mobil versiya
Seymur Qədəşov: “Bu gün Qarabağın və Şərqi Zəngəzurun bütün guşələrində Azərbaycan Prezidentinin ucaltdığı müqəddəs bayrağımız qürurla dalğalanır”
Tarix: 28-12-2023 | Saat: 10:30
Bölmə:Özəl | çapa göndər

Seymur Qədəşov: “Bu gün Qarabağın və Şərqi Zəngəzurun bütün guşələrində Azərbaycan Prezidentinin ucaltdığı müqəddəs bayrağımız qürurla dalğalanır”

“Gələn il bütün dünya Azərbaycanda möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən Heydər Əliyev siyasi kursunun növbəti təntənəsinin şahidi olacaq. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq respublikamızın bütün ərazisində, o cümlədən Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və işğaldan azad olunmuş bütün digər ərazilərimizdə prezident seçkiləri keçiriləcək. Dövlət başçımızın müvafiq Sərəncamı ilə 7 fevral 2024-cü il tarixinə təyin olunmuş növbədənkənar Prezident seçkiləri 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəmizin və 2023-cü ilin antiterror tədbirləri nəticəsində bərpa edilmiş suverenliyimizin təsbitidir. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev 2003-cü ildən bu günə qədər xalqa verdiyi bütün vədlərinə tam əməl etdi. Bu gün Qarabağın və Şərqi Zəngəzurun istisnasız bütün guşələrində dövlət başçımızın şəxsən ucaltdığı müqəddəs bayrağımız qürurla dalğalanır.”

Bu sözləri növbədənkənar Prezident seçkilərinin təyin olunması ilə əlaqədar saytımıza verdiyi müsahibəsində Azərbaycan Təhsi̇l İşçi̇ləri̇ Azad Həmkarlar İtti̇faqı Şabran rayon komitəsinin sədri Seymur Qədəşov deyib.

Seymur Qədəşov qeyd edib ki, növbədənkənar seçkilərin təyin olunması Azərbaycan qanunvericiliyinə əsasən Ölkə Prezidentinin səlahiyyətlərinə aid olan bir məsələdir və eyni zamanda da, bu hal bütün sivil dünyada tətbiq edilən siyasi təcrübədir: “Növbədənkənar prezident seçkilərinin təyin edilməsində heç bir qeyri-adi hal yoxdur. Bu təcrübə dünyanın bir çox sivil ölkələrində tətbiq edilir. Azərbaycanda da növbədənkənar seçkilərin təyin olunması Prezidentin səlahiyyətlərinə aid olan bir məsələdir. Seçkilərin növbədənkənar keçirilməsi ölkə vətəndaşlarının öz siyasi iradələrini sadəcə olaraq vaxtından əvvəl ifadə edəcəkləri anlamına gəlir. Digər tərəfdən isə, bu seçkilər cənab Prezident İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisi kimi dəyərləndirilməlidir. Heç bir şübhə yoxdur ki, bu seçkilərdə də Azərbaycan xalqı öz Prezidentinin xarici və daxili siyasətini, o cümlədən Qarabağda və ölkənin digər bölgələrində apardığı quruculuq işlərini fəal şəkildə dəstəkləyəcəyini bir daha nümayiş etdirəcək.”

Fikirlərini davam etdirən müsahibimiz Cənubi Qafqaz regionunda Azərbaycanın yaratdığı yeni reallıqları hələ də həzm edə bilməyən bəzi qüvvələrin təxribatlarının qarşısını almaq baxımından siyasi sistemin gücləndirilməsinin vacib olduğunu vurğulayıb: “Azərbaycan üç il bundan əvvəl II Qarabağ savaşının gedişində hərb meydanında əldə etdiyi tarixi Qələbəsini sonradan siyasi müstəvidə təsdiqlədi, özünü dünyaya yeni geosiyasi reallıqların müəllifi kimi, tamamilə fərqli bir simada təqdim etdi. Lakin bu gün biz görürük ki, Fransa kimi bəzi Qərb dövlətləri hələ də ölkəmizin bu Qələbəsini həzm edə bilmirlər. Təəssüflər olsun ki, ölkəmizdə fəaliyyət göstərən bəzi radikal siyasi qüvvələr də növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı qərəzli fikirlər səsləndirməklə sadəcə düşmən dəyirmanına su tökürlər. Halbuki, növbədənkənar seçkilərin keçirilməsinə dair qərar ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olunub. Bununla da seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara bərabər imkanlar yaradılıb. Bu yanaşma ölkədə ədalətli rəqabət mühitinin təmin edildiyinin bariz nümunəsidir. Seçki Məcəlləsinə əsasən bütün namizədlər bərabər hüquqa malikdirlər və bərabər öhdəliklər daşıyırlar, namizədlərin hamısına seçkiqabağı fəaliyyət üçün bərabər şərait təmin edilir, o cümlədən təşviqat aparılması üçün mediadan bərabər istifadə şərtləri müəyyənləşdirilir. Birmənalıdır ki, potensialı və elektoratı olan bütün siyasi qüvvələr üçün seçkilərin keçirilməsi faktı universal fürsətdir. Bu mənada seçkilərin keçirilməsi ilə bağlı olan istənilən narazılıq yalnız məhdud potensialın təcəssümü kimi dəyərləndirilə bilər” – deyə, Seymur Qədəşov fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə