Mobil versiya
Valideynlər narazıdırlar: Məktəblilərin iş dəftəri bəlası
Tarix: 22-09-2016 | Saat: 12:21
Bölmə:Manşet | çapa göndər



"Müəllimlərin tələb etdikləri iş dəftərlərinə ümumi məktəb alış-verişindən çox pulumuz çıxıb. Uşaqlar hər gün evə gələndə deyirlər ki, müəllim filan şeyi tapşırıb. Özü də mütləq yenisi olmalıdır"

Övladını dərsdən götürmək üçün N. Nərimanov adına 45 nömrəli tam orta məktəbə gələn Nəzakət Quliyevanın böyük qızı 4-cü, kiçik qızı isə 2-ci sinfə başlayıb. Nəzakət xanımın sözlərinə görə, dərslikləri Təhsil Nazirliyi ödənişsiz versə də, onlarla yanaşı hər fəndən bir neçə iş dəftəri də tələb olunur:

"Əsas fənlər üçün 3-4, digər fənlər üçün isə ən azı 1 iş dəftəri almalıyıq. 4-cü sinfin iş dəftərlərinin birinin qiyməti 5 manat 50 qəpikdir. Azərbaycan dili və riyaziyyat fənninə 3 əlavə vəsait tələb olunur: yarpaq test, iş dəftəri və qiymətləndirmə. Hətta musiqi və təsviri incəsənət üçün belə iş dəftəri tələb olunur. Ötən gün 4-cü sinifdə oxuyan qızım üçün aldığımız iş dəftərləri 50 manatdan çox pul tutdu".

Nəzakət xanım onu da qeyd edib ki, iş dəftərlərinin tələb olunması müəllimə görə dəyişir. Bir müəllimin tələb etmədiyi ləvazımatlar paralel sinifdə digər bir müəllim tərəfindən tələb olunur.

Hazırda ibtidai sinif şagirdləri üçün tələb olunan bəzi iş dəftərləri və testlərin qiymətləri isə belədir:

4-cü sinif üçün Azərbaycan dili və riyaziyyatdan iş dəftəri: 5,50 AZN

Həyat bilgisi: 5,50 AZN

2-ci sinif üçün yarpaq test: 3,50 AZN

1-ci sinif üçün sinifdən xaric oxu: 3,50 AZN

4-cü sinif üçün qiymətləndirmə: 4 AZN

4-cü sinif testləri: 2,80 AZN

İş dəftərlərinin sayının çox olması təkcə ailə büdcəsinə ağırlıq etmir, gündə ən azı 5-6 fənn keçən şagirdlər də məktəbə gedib-gələn zaman bu ağırlığı qaldırmaq məcburiyyətində olurlar. Müşahidələrimiz əsasında onu deyə bilərik ki, çox ağır olduğu üçün, əksər hallarda valideynlər övladlarının çantalarını özləri daşımalı olurlar:

"Birinci sinif uşağı bu ağırlıqda çantanı daşıya bilər? Hələ burada iş dəftərləri yoxdur, sadəcə kitablardır. Çalışırıq, valideyn olaraq çantanı özümüz aparıb gətirək".

Nəzərə alsaq ki, hazırda ölkəmizdə eyni zamanda 3-4 uşaq məktəbə yola salan ailələr var, bu zaman həmin ailələr üçün sadəcə iş dəftərlərinə lazım olan məbləğ təxmini 150-200 manata kimi qalxır.

Bağlı təhsil üzrə ekspert Kamran Əsədov bildirib ki, məktəblərdə iş dəftərlərinin məcburi tələb olunması kimlərinsə şəxsi maraqlarına xidmət edir:

"Orta məktəblərdə şagirdlər tərəfindən istifadə olunan bütün dərs vəsaitləri dövlət tərəfindən pulsuz olaraq verilir. Həmin dərs vəsaitində şagirdin keçdiyi mövzunu mənimsəməsi üçün bütün suallar və tapşırıqlar var. Dünya təcrübəsində də iş dəftəri kimi əlavə vəsaitlər arzuolunan deyil. Çünki bu, şagirdlərin əlavə yüklənməsinə səbəb olur. Ümumilikdə isə, hesab edirəm ki, iş dəftərlərinin məcburi tələb olunması, sadəcə olaraq, kimlərinsə şəxsi maraqlarına xidmət edir. 2010-cu ilə qədər iş dəftərlərinin istifadəsi bu qədər geniş hal almamışdı. Həmin zamanla müqayisə etsək, şagirdlərin bilik və bacarıqlarında elə bir fərqin olmadığını görərik.

İş dəftərlərinin qiymətinə də toxunan ekspert hesab edir ki, bir iş dəftərinin maksimum qiyməti 1 manatı keçə bilməz:

"Qiymətlərin yüksək olmasının başlıca səbəbi marketinq xərclərinin düzgün hesablanmamasıdır. Bir iş dəftərinin maksimum qiyməti 1 manatı keçə bilməz. Çünki çap xərcləri buna imkan yaradır. Qiymətdən əlavə, testlər, iş dəftərləri uşaqların çantalarının ağırlaşmasına səbəb olur. Təsəvvür edin ki, bir şagird azı 6 fənn keçirsə, hər fənnin ayrıca iş, test və qiymətləndirmə dəftəri varsa, bu, çantanın xeyli ağırlaşmasına səbəb olur. Mən hesab edirəm ki, iş dəftərlərindən imtina etmək lazımdır. Çünki bunların heç birinin təhsilin müsbət yöndə inkişafına təsiri yoxdur. Adicə olaraq, kurikulumun başlıca tələbi ondan ibarətdir ki, şagirddə nitq mədəniyyəti, danışıq qabiliyyəti yüksək səviyyədə olsun. Sadaladığımız bu ləvazımatlar isə, uşaqları bu bacarıqlardan məhrum edir".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024