Mobil versiya
Dostluq, qarşılıqlı anlaşma, strateji tərəfdaşlıq
Tarix: 19-12-2023 | Saat: 10:21
Bölmə:Siyasət / Özəl | çapa göndər

Dostluq, qarşılıqlı anlaşma, strateji tərəfdaşlıq

Prezident İlham Əliyevin xarici siyasəti və qlobal təşəbbüsləri beynəlxalq münasibətlər sistemində ölkəmizin nüfuzunu artıraraq, ona regionda yeni geosiyasi güc mərkəzi statusu qazandırıb. Onun rəhbərliyi ilə Azərbaycan bütün dünyada tolerantlığın, multikulturalizmin, fərqli mədəniyyətlər arasında hörmət ruhunun örnəyini yaradır.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu enerji siyasəti Azərbaycana iqtisadi dividendlərlə yanaşı, siyasi zəmanət də qazandırır.
Dünyada baş verən hadisələrlə əlaqədar yaranan mövcud vəziyyət Azərbaycanda hasil olunan təbii qaza tələbatı artırır. Ölkəmiz Türkiyə, Gürcüstan, Yunanıstan, Albaniya və İtaliyanın qaz təchizatında önəmli rol oynayır. Artıq Bolqarıstan da onların sırasına daxil oldu. Bolqarıstan Prezidenti Rumen Radev mətbuata bəyanatında açıqladı ki, Rumıniya, Macarıstan və Slovakiya əlavə qaz həcmini almaq və nəql etmək istəyindədirlər. Bu, onu göstərir ki, Mərkəzi, Qərbi və Cənubi Avropa ölkələri üzləşdikləri enerji böhranından xilas yolunu Azərbaycanla əməkdaşlıqda görürlər.
Dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində çıxış edənAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bildirmişdir ki, “Bu, Serbiya və Bolqarıstanın enerji təhlükəsizliyinə böyük töhfə verə biləcək layihədir. Eyni zamanda, Azərbaycan xalqını təbrik etmək istəyirəm. Çünki Azərbaycanın qaz ixracı coğrafiyası daha da genişlənir. Hazırda biz təbii qazımızı səkkiz ölkəyə ixrac edirik, Serbiya doqquzuncu ölkədir. Bu doqquz ölkənin yeddisi Avropa ölkəsidir və təbii ki, bugünkü mərasim - interkonnektorun fəaliyyətə başlaması Avropanın enerji təhlükəsizliyinə də önəmli töhfə verəcəkdir.”
Avropa İttifaqı ilə ölkəmiz arasında strateji tərəfdaşlığın inkişaf etdiyini, əməkdaşlığın yeni çalarlar qazandığını qeyd edən ölkə başçısı bu əməkdaşlığa töhfə verəcək münasibətləri yüksək qiymətləndirmişdir:
“Bildirməliyəm ki, keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır və bu memorandum icra edilir. Bu memoranduma görə, Azərbaycan 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artırmalıdır. Artıq rəqəmlər onu göstərir ki, biz inamla bu hədəfə doğru gedirik. 2021-ci ildə bizim Avropa məkanına qaz ixracımız 8 milyard kubmetrdən bir qədər çox olmuşdursa, bu il bu, təxminən 12 milyard kubmetrə çatacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir.”
Onu da qeyd etmək lazımdır ki, uzun illər Azərbaycan beynəlxalq bazarda və ilk növbədə, Avropa bazarında etibarlı neft təchizatçısı olub və hazırda etibarlı qaz təchizatçısına çevrilməkdədir. Ölkə başçımız bildirib: “ Bizim tərəfimizdən irəli sürülmüş və icra edilmiş layihələr Avropanın və Asiyanın - Avrasiyanın enerji xəritəsini böyük dərəcədə yenidən tərtib etmişdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri bu gün Azərbaycan neftini Aralıq dənizinin və Qara dənizin bazarlarına çatdırır. Cənub Qaz Dəhlizi - uzunluğu 3500 kilometr olan nəhəng infrastruktur layihəsi Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə verir. Təsadüfi deyil ki, Avropa Komissiyası, onun yüksəkvəzifəli şəxsləri Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı kimi dəyərləndirirlər. Onu da bildirməliyəm ki, - bu sözləri əminəm ki, dostum Rumen də təsdiq edə bilər, - bizim Bolqarıstana qaz təchizatımız iki il bundan əvvəl başlamışdır. 2021-ci ildə 270 milyon kubmetr qaz təchiz edilmişdir. Keçən il 500 milyon kubmetrdən bir qədər çox. Bu il isə bu rəqəm 1 milyard kubmetrə yaxın olacaqdır.”
Bütövlükdə, Azərbaycanla enerji sahəsində tərəfdaşlıq əhəmiyyətli strateji dividendlər vəd edir və çoxşaxəli tərəfdaşlıq nöqteyi-nəzərindən yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi adlandırırlar. Ölkəmizin başçısı da eyni mövqeni bölüşərək bildirmişdir ki, Azərbaycan, sözün əsl mənasında, etibarlı tərəfdaşdır, dostluq ənənələrinə həmişə sadiqdir və dostluğu yüksək qiymətləndirir. Məhz dostluq, qarşılıqlı anlaşma, strateji tərəfdaşlıq üzərində qurulmuş əlaqələr bir çox ölkələrin maraqlarını təmin edir və qaz sahəsində əməkdaşlıq, eyni zamanda, genişmiqyaslı regional əməkdaşlığa da güclü zəmin yaradır. Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi, Avropa məkanı və Azərbaycan, Avropa İttifaqı əlaqələri - bütün bu istiqamətlər müsbət məcrada inkişaf edir və bizim gələcək planlarımız da bu istiqamətlərə xidmət göstərəcəkdir.

Bəxtiyar Mustafayev,
YAP mingəçevir şəhər təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə