Mobil versiya
Vətən ona oğul dedi...
Tarix: 29-11-2023 | Saat: 12:42
Bölmə:Özəl | çapa göndər

Vətən ona oğul dedi...

( Şəhid Taleh İsmayılovun 37 yaşı tamam oldu)
26 noyabr 1986-cı ildə Lənkəran rayonunun Boladi kəndində dünyaya göz açan Taleh Səndəl oğlu İsmayılov həyatın yaxşılardan görüb-götürməklə yetkinlik yaşına çatır. Ömrünün gözəl, şirin illərini yaşasa da, canına yağı dadanmış yurdumuzdan ötrü çox darıxır. Onu da yaxşı başa düşür ki, düşməni məhv edib, öz əzəli, əbədi torpağına sahib olmaq yalnız qeyrətli oğulların işidir. Vətənə sevgi , cəsarət, ərənlik ana südü ilə birgə qanına hopmuş Taleh elə bu istəklə 2004-cu ildə ordu sıralarına yola düşür.
Taleh cəbhə bölgəsində torpağına, daşına ürəkdən bağlandığı, hər zaman adına can dediyi doğma Azərbaycana xidmət edir və onun uğrunda canını hər an qurban verməyə hazır durur. Məqamında sözünü əməldə göstərmək üçün bütün hərbi təlimlərdə mərdliyi, cəsurluğu bilinir. Vətənə, onun torpağına olan məhəbbətini əsgər yoldaşları nümunə götürürlər. Ən çətin anlarda sinəsini Vətəninə sipər etməyi bacaran Taleh əsgəri borcunu şərəflə yerinə yetirib, üzüağ evinə qayıdır. Bu ailədə sevinc olsa da, Talehə sanki dərd-qəm gətirir. Axı, yurdunu yağmalayıb qəsb edən yağı düşməndən qisasını ala bilməmişdi. O gündən ötrü Vətən sevdalı qəlbi intiqam hissi ilə alovlanırdı...
Taleh qollarını çırmalayıb zəhmət meydanına girir. Saf arzu, istəklə çalışır. Elin tərəqqisi naminə qurub-yaratmaqdan doymur. Haqdan gələn əməlləri həmişə onu elə sevdirir. Qəlbində neçə-neçə arzular boy atır. Qarabağı azad görmək bunların ən əsası olur. Bir də daxili məni, qüruru onu Qabağa- erməni dığalarına qarşı döyüşə çəkib aparır. 2014-cü ildə Ağdam istiqamətində bir neçə hərbiçimizin şəhid olması artıq onu haqq yolundan döndərə bilmir, hərbi qulluqçu kimi xidmətə yazılır. Artilleriya divizionunda hərbinin döyüş “dilini” mükəmməl öyrənməklə, düşməndən qisas anını gözəyir. Çox keçmir ki, tam yetişmiş hərbi qulluqçu olaraq tanınır. Talehin 122 mm-lik D-30 topu barədə bildikləri, eləcə təlimlərdə fəallığı 2016-ci ilin Aprel döyüşlərdə özünü göstərir. Lələ təpənin düşməndən azad olunması xalqı böyük qələbəmizə inandırır. Artıq quduz düşmənin sonu görünürdü. Həm də bu qələbədən sonra sanki döyüş əzmi hər bir əsgərin, zabitin qanına işlədi. Odur ki, Vətən müharibəsi başlanan gündən heç kim qorxmadan-çəkinmədən haqq savaşımızda özünü odun-alovun içinə atdı. Yenə də Taleh lap öndə döyüşənlərin sırasında olur. 39 gün ən ağır müharibə meydanlarında sinəsini Vətənə sipər etməklə düşmənə qan qusdurdu. Savaşdığı torpaqlarda Azərbaycanın qələbə bayrağını ucalda-ucalda Şuşaya qədər rəşadətlə döyüşdü. Burada canını Vətənə qurban verərək əbədi olaraq gözlərini yumdu. Zəfər sevincini yaşamaq Talehə nəsib olmasa da, torpağa tökdüyü qanla millətinin başını uca etdi.
Qəhrəman şəhidin həyat yoldaşı GÜLAY deyir:- Sonucu gün Şuşada olanda evlə danışdı. Səsindən hiss etdim çox qürurludur. Atıq hər şeyin bitdiyini, qələbəni görürdü. Şuşada olduğuna çox sevinirdi. Axırda dediyi söz belə oldu:” Mən xoşbəxtəm ki, sizə müharibəni deyil, müqəddəs üçrəngli bayrağımızı vəsiyyət edirəm.” Başımın tacı, uşaqlarımın atası tez getdi bu dünyadan. Taleh təmiz ürəkli, vicdanlı, olduqca qeyrətli idi. Vətənini canından artıq sevirdi. Onun adı mənim qürur yerimdir. Taleh milyonların könlünə köçməklə dövlət tərəfindən də 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenə, “Şücaət görə”, “Döyüşdə fərqlənməyə görə” və digər medallara layiq görülübdür.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-01-2025