Mobil versiya
Azərbaycanda əlverişli investisiya mühiti yaradılıb
Tarix: 28-11-2023 | Saat: 15:22
Bölmə:Özəl | çapa göndər

Azərbaycanda əlverişli investisiya mühiti yaradılıb

Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda son illərdə qeyri-neft sektorunun inkişafının təmin olunması, iqtisadiyyatın müxtəlif sahələrinin şaxələndirilməsi, respublikamızın ixrac potensialının artırılması, xarici sərmayənin cəlb edilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində bir sıra önəmli layihələr icra olunub. Bütün bunlar isə ölkəmizə xarici investisiya qoyuluşuna müsbət zəmin yaradıb. Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşuna marağın getdikcə artması, ilk növbədə, ölkəmizin siyasi cəhətdən sabit olması ilə bağlıdır. Bununla bərabər, hökumət tərəfindən həyata keçirilən düzgün iqtisadi siyasət, aparılan dərin islahatlar nəticəsində respublikada güclü iqtisadi potensial mövcuddur. Yaradılan əlverişli biznes və investisiya mühiti, Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınması, regionda əlverişli mövqeyə malik mühüm tranzit mərkəzinin olması da ölkəmizin investisiya qoyuluşu baxımından cəlbediciliyini artırır. Eyni zamanda, Azərbaycan beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini tam şəkildə və vaxtında yerinə yetirir.
Ölkəmizin təşəbbüskarı olduğu transmilli layihələr hazırda  Avropa İttifaqının enerji təhlükəsizliyinin gerçəkləşməsində mühüm rol oynayır. Hökumət, həmçinin ölkədə investisiya fəaliyyətinin genişləndirilməsinə, biznes mühitinin daha da yaxşılaşdırılmasına, sənaye istehsalının artırılmasına, qeyri-neft sektorunun inkişaf etdirilməsinə ciddi önəm verir. Bu istiqamətdə qarşıya qoyulan əsas vəzifələr  sərmayə qoyuluşlarının artırılması, sahibkarların ixrac potensialının gücləndirilməsi, investisiya imkanlarının genişləndirilməsi, potensial tərəfdaşların tapılması və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsidir. Prezident İlham Əliyev 24 noyabr tarixində Bakıda, Heydər Əliyev Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündə çıxışında qeyd etmişdir: “Biz ölkəmizdə əlverişli investisiya mühiti yarada bilmişik. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub ki, bunun da 200 milyard ABŞ dollarına yaxını qeyri-enerji sektorunun payına düşür. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub, Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib”.
Azərbaycanın dünya miqyasında sabit iqtisadiyyata malik dövlət kimi tanınması, beynəlxalq birliyin etibarlı tərəfdaşı olması amilləri də ölkəmizə investisiya axınını şərtləndirib. Bu məsələdə hökumət tərəfindən “açıq qapı” siyasətinin reallaşdırılması da  stimullaşdırıcı rol oynayıb. Bu, öz ifadəsini investorların hüquq və mənafelərinin qorunmasında, mülkiyyətin toxunulmazlığında, yerli və xarici sahibkarlara bərabər şəraitin yaradılmasında daha qabarıq büruzə verib. “İnvestisiya fəaliyyəti haqqında”, “Xarici investisiyaların qorunması haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunların və bir sıra normativ sənədlərin qəbulu məhz bu məqsədi daşıyıb. Bundan savayı, Azərbaycan hökuməti ilə xarici dövlətlər arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması ilə bağlı çox sayda saziş imzalanıb. Avropa İttifaqının 20-dən çox üzv ölkəsi ilə respublikamız arasında ikiqat vergitutma aradan qaldırılıb.
Hazırda Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri də postmüharibə dövründə azad edilmiş ərazilərdə münbit investisiya və biznes mühitinin yaradılmasıdır. Hazırda ölkə rəhbərliyi səviyyəsində həyata keçirilən layihələr dünyanın müxtəlif nüfuzlu şirkətlərinin bu ərazilərdə qlobal biznes layihələrini reallaşdırmasını stimullaşdırır. Təkcə onu demək kifayətdir ki, postmüharibə dövründə işğaldan azad edilən ərazilərdə biznes qurmaq istəyən sahibkarlardan İqtisadiyyat Nazirliyinə 1100-ə yaxın müraciət daxil olub. Müraciət edənlər arasında ABŞ, Avropa ölkələri, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Çin, Cənubi Koreya, İndoneziya və başqa ölkələrdən iş adamları var. İş adamları əsasən, ticarət, xidmət, tikinti, sənaye, kənd təsərrüfatı, turizm kimi sahələrə investisiya yatırmaq maraqlarını ifadə edirlər. Bundan əlavə, Sahibkarlığın İnkişafı Fondu tərəfindən maliyyələşdirilmiş layihə sayına görə regionlar arasında Qarabağ iqtisadi rayonu 17,6 faizlə ilk yerdə qərarlaşıb. Bütün bunlar isə deməyə əsas verir ki, Azərbaycan hələ uzun illər ərzində xarici investorlar üçün cəlbedici biznes və investisiya məkanı olaraq qalacaq.

Mərdan Cəlilov,
“P-Aqro” MMC-nin Salyan filialının direktoru, YAP fəalı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-01-2025