Mobil versiya
31 il Yeni Azərbaycan Partiyasının keçdiyi keşməkeşli və şərəfli yolun təqdimatıdır
Tarix: 21-11-2023 | Saat: 15:54
Bölmə:Siyasət | çapa göndər

31 il Yeni Azərbaycan Partiyasının keçdiyi keşməkeşli və şərəfli yolun təqdimatıdır

“Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, cəmiyyətin avanqard qüvvəsinə çevrilən Yeni Azərbaycan Partiyasının yaradılmasının 31 ili tamam olur. İllər keçdikcə baş verən hadisələrin, hər bir ölkənin həyatında dönüş nöqtəsi kimi dəyərləndirilən tarixi günlərin mahiyyəti daha dərindən dərk olunur. Yeni Azərbaycan Partiyası zamanın tələbi, xalqın istəyi ilə yaradılan partiya olmaqla yanaşı, ölkəmizin həyatında yeni bir mərhələnin başlanğıcı, dönüş nöqtəsi oldu. Müstəqilliyimizin bərpasının ilk illərində yaşananlar xalqın böyük əksəriyyətinin istəyini ifadə edən 91 nəfər ziyalının Ümummilli Lider Heydər Əliyevə tarixi müraciətində öz əksini tapmışdır. “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciəti özündə bütün məqamları ehtiva edirdi. Müraciətdə Yeni Azərbaycan Partiyasının yaradılmasını zəruri edən səbəblər, Ulu Öndər Heydər Əliyevin zəngin idarəçilik təcrübəsinin nəticəsində ölkənin düşdüyü ağır vəziyyətdən xilasının mümkünlüyü geniş şəkildə öz əksini tapmışdır. Belə bir əminlik ifadə olunmuşdur ki, əgər bu partiyanın bünövrəsini Sizin kimi güclü dövlət xadimi qoyarsa, o uzun illər xalqımızın bir neçə nəsli üçün də siyasi yetkinlik məktəbi olar. Ümummilli Lider Heydər Əliyev ziyalıların müraciətinə “Yeni, müstəqil Azərbaycan uğrunda” cavabında “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər” söyləməklə partiyanın bu gününə və gələcəyinə inamını ifadə etmişdir. Beləliklə, 1992-ci il 21 noyabr tarixində təsis konfransını respublikanın ayrı-ayrı bölgələrindən 550 nümayəndənin iştirakı ilə Naxçıvan Muxtar Respublikasında keçirən Yeni Azərbaycan Partiyasının yaradılması gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı.”

Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Malik Həsənov qeyd edib ki, Ulu Öndər Heydər Əliyev rəhbərlik etdiyi YAP qısa müddətdə cəmiyyətin aparıcı qüvvəsinə çevrildi. Ulu Öndər Heydər Əliyevin “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” tezisi reallıqda özünü doğrultmaqla yanaşı, bütün dövrlər üçün partiyanın atdığı addımlara bələdçilik edir.

“YAP ötən illər ərzində ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmişdir” söyləyən millət vəkili onu da əlavə edib ki, qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçib: “31 il keçilən keşməkeşli və şərəfli yolun təqdimatıdır. Partiya bütün sınaqlardan şərəflə çıxdı, ilk gündən xalqın partiyası kimi nüfuz qazandı. Buna əsas verən təbii ki, tutduğu yola, əqidəyə sadiqliyi, hər zaman dövlətə, xalqa xidməti fəaliyyətinin əsas prinsipi kimi qəbul etməsidir. YAP müxalifət partiyası kimi yaransa da heç zaman dövlətə, dövlətçiliyə müxalifətdə olmadı. Daim Azərbaycanın daha güclü, qüdrətli olmasına, xalqımızın yüksək rifah şəraitində yaşamasına səy göstərdi.”

Malik Həsənov bildirib ki, partiyanın qurultaylarında qəbul edilən qərarlar hər dövrün reallıqlarını, çağırışlarını özündə əks etdirməklə yanaşı, qarşıdakı dövr üçün hədəflərin müəyyənləşdirilməsində stimulverici amil oldu: “Bu baxımdan Ulu Öndər Heydər Əliyevin siyasi irsinə sadiqlik kimi dəyərləndirilən tarixi addımı xüsusi qeyd edə bilərik. Belə ki, 2003-cü ildə xalqa tarixi müraciəti ilə Azərbaycanın davamlı inkişafını təmin edən Ulu Öndər Heydər Əliyev bununla, eyni zamanda, Yeni Azərbaycan Partiyasının həyatında da yeni mərhələnin əsasını qoymuşdur. Həm Azərbaycan, həm də YAP davamlı uğurları ilə diqqətdə oldu. Yeni Azərbaycan Partiyasının 2005-ci ildə keçirilən III qurultayında cənab İlham Əliyev partiyanın yeni Sədri seçildi. Ümummilli Liderin yaradıcısı olduğu, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası cəmiyyətdə nüfuzunu daha da artırır, sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmləndirir. Hazırda partiyanın sıralarında 800 minə yaxın üzv birləşib.”

Millət vəkili vurğulayıb ki, hər dövrün öz tələbi vardır: “44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz bütün sahələrdə yeniliklərə, təkmilləşməyə yol açdı. Yeni Azərbaycan Partiyasının qarşısında yeni vəzifələr qoydu. Partiyanın VII qurultayı bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Yeni qərarların qəbulu YAP-ın gələcək fəaliyyətinə bələdçilik edir. Yeni tərkib formalaşdı, yeni Nizamnamə qəbul olundu. Dövlət başçısı, YAP Sədri İlham Əliyevin tapşırığına uyğun olaraq müasir dövrün yeniliklərini, çağırışlarını özündə ehtiva edən yeni Proqram hazırlandı və 2021-ci ilin sonunda təsdiqləndi. Yeni Proqramın əsas devizi “Biz birlikdə güclüyük!” oldu. Dövlət başçısı İlham Əliyev həmin qurultayda belə bir əminliyi də ifadə etdi ki, YAP bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq.”

Malik Həsənov belə bir ümumiləşdirməni aparıb ki, Azərbaycanın hər bir uğurunda öz payı olan Yeni Azərbaycan Partiyası yeni Proqramda əksini tapan hədəfləri zamanında reallığa çevirməklə Ümummilli Liderin şah əsəri olan müasir müstəqil, eyni zamanda, qalib Azərbaycanın daha da qüdrətlənməsinə öz töhfəsini verəcək. Hazırkı dövrün əsas hədəfi işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərini daha da sürətləndirmək, Böyük Qayıdış proqramını uğurla başa çatdırmaqdır. YAP “Biz birlikdə güclüyük!” deyib bu hədəfə tezliklə nail olmaq üçün bütün qüvvə və bacarığını səfərbər edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-06-2024