Mobil versiya
DAİMA UCA ZİRVƏLƏRDƏ DALĞALANAN ŞANLI BAYRAĞIMIZ İLƏ QÜRUR DUYURAM!
Tarix: 04-11-2023 | Saat: 09:41
Bölmə:Özəl | çapa göndər

DAİMA UCA ZİRVƏLƏRDƏ DALĞALANAN ŞANLI BAYRAĞIMIZ İLƏ QÜRUR DUYURAM!

Hər bir dövlətin bayrağı onun milli kimliyinin və milli ideologiyasının ifadəsidir.Bayraq elə bir atributdur ki, o, özündə millətin dilini, mədəniyyətini, dini-mənəvi əxlaqını təcəssüm etdirir. Bu ali dəyərdə xalq öz tarixini yaşadır , bu gününü görür, gələcəyini müəyyənləşdirir. Dünənini, bu gününü, sabahını bilən xalq kimi bizim də simvolumuz, and yerimiz üçrəngli bayrağımızdır. Azərbaycan bayrağı! "Qədim dövrlərdən xalqımız öz bayrağı uğrunda, onu qorumaqdan və ucalarda tutmaqdan ötrü canlarından keçmişdi. Bugünkü müstəqil Azərbaycanın Dövlət rəmzi olan üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət bayrağı günü kimi qeyd edilir. 9 noyabr günü ölkədə qeyri-iş günü olan bayramlar siyahısına daxil edilmişdir. Dövlət bayrağı gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır. Üçrəngli Dövlət bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda hökumətin iclasında Dövlət atributu kimi qəbul edilib. "Türkçülüyü, müasirliyi və islamçılığı" özündə əks etdirən bayrağımızın müəllifi Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan, böyük mütəfəkkir Əli bəy Hüseynzadə olmuşdur. 1990-cı ildə Azərbaycanda hakimiyyətdə olanlar SSRİ rəhbərlərinin qorxusundan üçrəngli bayrağımızın adını belə çəkə bilmədikləri vaxt 1990-cı il noyabrın 17-də üçrəngli bayrağımız Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə Məclisin sessiyasına gətirilmiş və Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı olaraq təsdiq edilmişdir.
Bu gün müstəqil Azərbaycanın Dövlət bayrağı kimi üçrəngli bayrağımızın qəbul edilməsində Ulu öndərin müstəsna xidmətləri olmuşdur. Naxçıvan Muxtar Respublikasının Milli Məclisinin sədri olaraq ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Milli Məclisi adından Azərbaycan SSRİ Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi Dövlət bayrağı kimi tanınması haqqında vəsatət qaldırmışdır. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Sovetində həmin vəsatətə baxılmış və Azərbaycan Respublikası Ali Soveti "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" Qanun qəbul edərək onu yenidən Dövlət bayrağı elan etmişdir. 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun Dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsinə əsasən hər bir vətəndaş Azərbaycan Respublikasının Dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməlidir. Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Cənab Prezident İlham Əliyev hər zaman gənclərə bayrağımıza hörmətlə yanaşmağı və onu sevməyi tövsiyyə etmişdir. Cənab İlham Əliyev "Bayrağımız eşidən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir" demişdir. Ölkə başçımız işğaldan azad edilmiş bütün ərazilərimizə səfəri zamanı ilk olaraq həmin yerdə Azərbaycan bayrağını dalğalandırır. Bu, dövlət başçısının Dövlət bayrağına olan böyük sevgisinin və ehtiramının bir nümunəsidir". "Vətən Müharibəsi zamanı əsgərlərimizin bayrağımıza olan sevgilərinin, ehtiramlarının necə böyük olduğunun şahidi olduq.
Hər bir əsgərimiz işğaldan azad edilmiş torpaqlara Azərbaycan bayrağını sancmaqdan qürur duyurdu. Azərbaycan bayrağı bu gün Qarabağda, Şərqi Zəngəzurda dalğalanır. Möhtəşəm Azərbaycan bayrağı hər zaman ucalarda dalğalanacaq".2020-ci ildə Vətən müharibəsində qələbə qazandıqda hər yerdə üçrəngli Azərbaycan bayrağı dalğalanırdı. Bir uğurumuz da ondan ibarətdir ki, 44 günlük müharibədə qələbə əldə etdikdən sonra hər yerdə Azərbaycan bayrağı ilə yanaşı Türkiyə Cümhuriyyətinin bayrağı da dalğalanırdı. Ulu Öndərin də dediyi kimi, bir millət, iki dövlət olduq. Daha sonra 2023-cü ilin sentyabrında antiterror tədbirlərində uğurlar əldə etdik və yenə də bayrağımızı yüksəklərə ucaltdıq. Bu bayraq tariximiz, şərəfimiz və namusumuzdur". Son olaraq qeyd edim ki, ölkə başçımız, Müzəffər Ali Baş Komandanımız heç bir təzyiq qarşısında əyilmədiyi halda yalnız şanlı bayrağımız qarşısında əyilərək onu öpüb alnına qoyaraq göndərə çəkir. Bu hər birimizə örnək olmalıdır. Hər birimiz dərk etməliyik ki, bizim qarşısında əyiləcəyimiz çox az dəyər var ki, onlardan biri də milli qürurumuzun simvolu olan Azərbaycan bayrağıdır.

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi
Sevinc Əhədova



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-01-2025