Mobil versiya
Akif Məmmədov: “Ali Baş Komandan cənab İlham Əliyev bütün dünyaya xalqımızın əzmkar ruhunu nümayiş etdirdi”
Tarix: 30-10-2023 | Saat: 11:22
Bölmə:Özəl | çapa göndər

Akif Məmmədov: “Ali Baş Komandan cənab İlham Əliyev bütün dünyaya xalqımızın əzmkar ruhunu nümayiş etdirdi”

“2020-ci ilin sentyabr-noyabr aylarında Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycanın apardığı 44 günlük Vətən müharibəsi Şanlı Ordumuzun və xalqımızın Zəfəri ilə başa çatdı. Biz bu tarixi Qələbəni Ali Baş Komandanımızın qətiyyəti, siyasi iradəsi və mükəmməl strategiyası, Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq. 30 illik münaqişəni 44 günə sona çatdıran bu qısa müharibə dünya hərb tarixinə misli görünməmiş savaş kimi düşdü. Azərbaycan Ordusunun gücünü, Azərbaycan xalqının qüdrətini bəşəriyyətə sübut etdi. Ona görə bu 44 günlük qəhrəmanlıq salnaməsi tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq.”

Bu sözləri Azərbaycanın tarixi Zəfərlə başa çatdırdığı Vətən müharibəsinin bitməsinin üçüncü ildönümü ilə bağlı saytımıza verdiyi müsahibəsində Bakı Şəhər Dezinfeksiya Stansiyasının baş həkimi Akif Məmmədov deyib.

Müsahibimiz xüsusi olaraq belə bir vacib məqamı vurğulayıb ki, Azərbaycan Vətən müharibəsinin nəticəsi olaraq öz qələbəsini həm hərbi, həm də siyasi müstəvidə təmin edib: “Uzun illər ərzində beynəlxalq vasitəçilər, demək olar, bütün aparıcı beynəlxalq təşkilatlar deyirdilər ki, münaqişənin hərbi həlli yoxdur. Lakin Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev isə dəfələrlə demişdi ki, əgər bu məsələ sülh yolu ilə öz həllini tapmasa, biz bu məsələni hərbi yolla həll edəcəyik və belə də oldu. 2020-ci il sentyabr ayının 27-də Azərbaycan Ordusu növbəti erməni təxribatına cavab olaraq hərbi əməliyyatlara başladı və bununla da özünün tarixi Zəfər yoluna qədəm qoydu. Ermənilərin 5 ilə işğal etdikləri və 30 il ərzində hərbi-mühəndis istehkamları ilə möhkəmləndirdikləri müdafiə xətlərini Azərbaycan Ordusu cəmi 44 günə dəf etdi. Ermənistan daha böyük faciələrlə üzləşməmək üçün noyabrın 10-da özünün faktiki kapitulyasiya aktı olan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Qısa müddət ərzində əldə olunmuş tarixi Qələbə möhtərəm Prezidentimizin güclü iradəsini, xalqımızın böyük əzmini və Azərbaycan dövlətinin, ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi. Savaş meydanında əldə olunmuş qələbədən sonra məsələ siyasi yolla həll olundu və tarixi ədalət bərpa edildi. Ölkə Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, indiki hadisələrin gedişatı, İkinci Qarabağ müharibəsindəki dövr və beynəlxalq güclərin hərəkətləri onu göstərir ki, bu məsələ heç vaxt danışıqlar yolu ilə öz həllini tapa bilməzdi. Çünki bizi, azərbaycanlıları bu vəziyyətlə barışdırmaq istəyirdilər. Dondurulmuş münaqişəni alternativsiz bir variant kimi təqdim etməyə və ən əsası da bunu bizə qəbul etdirməyə çalışırdılar. Lakin Azərbaycan Prezidenti hər zaman deyirdi ki, alternativ var və bu, torpaqların müharibə yolu ilə azad edilməsidir. 44 günlük Vətən müharibəsinin nəticələri dövlət başçımızn haqlı olduğunu bütün dünyaya göstərdi. Bu gün də Azərbaycan 2020-ci ildə qədəm qoyduğu Zəfər yolu ilə inamla irəliləyir. Cari ilin sentyabr ayının 19-da keçirilmiş lokal xarakterli antiterror tədbirinin nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa etdi. Bununla da Cənubi Qafqazda nəhayət ki, dayanıqlı sülhə nail olmaq üçün indiyədək mövcud olmayan unikal şərait yarandı. Azərbaycan bütün maraqlı tərəfləri bu fürsətdən maksimum yararlanmağa, Qafqazda sülhün və əməkdaşlığın qurulmasına, bütün region ölkələrinin və qonşu dövlətlərin bundan fayda əldə etməsinə çağırır.”

Daha sonra Akif Məmmədov bildirib ki, bu gün işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinin vüsəti bütün dünyaya xalqımızın yaradıcı ruhunu nümayiş etdirir və eyni zamanda da həmin torpaqlarda işğal dövründə törədilmiş vəhşiliklərin nəticələri erməni faşizminin əsl simasını bir daha ifşa edir: “Bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır. Çünki Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır. Bu gün bu, həm siyasi gücdür, iqtisadi gücdür, xalq-iqtidar birliyidir, hərbi gücdür və ölkəmizin regionda oynadığı aparıcı roldur. Qeyd olunmalıdır ki, bu gün Azərbaycanda davam edən, o cümlədən artıq işğaldan azad edilmiş ərazilərimizi də əhatə edən quruculuq işləri son illər Azərbaycanda Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilmiş önəmli islahatlar sayəsində daha da intensivləşmiş və onların səmərəliliyi daha da artmışdır. Hazırda işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinin birbaşa dövlətin xüsusi nəzarəti altında həyata keçirildiyini təsdiqləyən ən önəmli məqamlardan biri budur ki, həmin torpaqlarda tikiləcək ən əhəmiyyətli infrastruktur obyektlərinin təməlini möhtərəm dövlət başçımız şəxsən özü qoyur” – deyə, Akif Məmmədov fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-01-2025