Mobil versiya
Qubadlıda hələ işğala qədər beş il ərzində dinc əhaliyə qarşı terror aktları məqsədyönlü şəkildə həyata keçirilib
Tarix: 26-10-2023 | Saat: 20:31
Bölmə:Gündəm / Özəl | çapa göndər

Qubadlıda hələ işğala qədər beş il ərzində dinc əhaliyə qarşı terror aktları məqsədyönlü şəkildə həyata keçirilib

Tarixi Azərbaycan torpaqlarında yaradılmış Ermənistanla həmsərhəd olması Qubadlı rayonu üçün hər zaman təhdid və təhlükə mənbəyi olub. Hələ ötən əsrin əvvəllərində Qubadlı dəfələrlə erməni işğalçı qüvvələrinin hücumlarına məruz qalıb. Həmin dövrdə bütövlükdə Zəngəzurla birlikdə Qubadlının kəndləri yandırılıb, dinc əhaliyə divan tutulub. Bununla belə, bütün çətinliklərə və əzab-əziyyətlərə baxmayaraq hər dəfə işğalçı erməni qoşunları torpaqlarımızdan qovulublar.
1988-ci ildən başlayaraq həm Ermənistanla, həm də Qarabağın ermənilər yaşayan əraziləri ilə sərhəddə yerləşən Qubadlı rayonuna hər iki tərəfdən təcavüzkar hücumlar həyata keçirilib, dinc əhaliyə qarşı terror törədilməsi sistemli şəkildə davam etdirilib.
Laçın, Ağdam, Füzuli, Cəbrayıl rayonları işğal olunduqdan sonra faktiki yarımmühasirə vəziyyətinə düşən Qubadlı rayonu 1993-cü il avqust ayının 31-də təcavüzkar Ermənistan ordusu tərəfindən işğal olundu. Erməni işğalı nəticəsində 30 min nəfərdən artıq Qubadlı sakini yurd-yuvalarından didərgin düşdü, respublikanın 2 şəhər və rayonunda məcburi köçkün kimi məskunlaşdılar. Rayonun 1,2 milyard ABŞ dolları dəyərində şəxsi və ictimai mülküyyətdə olan əmlakı erməni işğalçıları tərəfindən talan və məhv edilib. Ermənilər Qubadlıda 205 mədəni-məişət obyektini, 12 tarixi abidəni yandırıb və talan ediblər. Həmçinin Qubadlı rayonunun Hacılı kəndində mişar daşı yatağı, Bərgüşad çayının sol sahilində yəşəm yatağı, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı yataqları, o cümlədən Mollabürhan kəndinin cənubunda tuf daş yatağı, Xanlıq kəndində qum-gil yatağı, Eyvazlı kəndində əqiq yatağı ermənilər tərəfindən qanunsuz istismar edilib, yeraltı sərvətlərimiz talan olunaraq xaricə daşınıb. Lakin Şanlı Azərbaycan Ordusu Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə 2020-ci ilin 27 sentyabr tarixində əks-hücum əməliyyatları kimi başladığı və sonradan Vətən müharibəsi kimi davam etdirdiyi II Qarabağ savaşında cəmi 44 günə əldə etdiyi tarixi Qələbə ilə bütün bu haqsızlıqlara son qoydu.
Möhtərəm Prezidentimiz 2021-ci il oktyabrın 25-də Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə keçirdiyi görüş zamanı xüsusi olaraq vurğulamışdı ki, bu tarix Qubadlı rayonu üçün ən əlamətdar və əhəmiyyətli bir gündür. Çünki 2020-ci ilin məhz 25 oktyabrında müzəffər Azərbaycan Ordusu Qubadlı şəhərini erməni işğalından azad etmişdir. Həmçinin dövlətimizin başçısı 25 oktyabr tarixinin ümumiyyətlə Vətən müharibəsinin gedişində önəmli yer tutduğunu qeyd etmişdi. Çünki Qubadlı azad olunandan sonra Laçın istiqamətində yol açıldı və bir neçə gündən sonra Azərbaycan Ordusu Laçının cənub hissəsində yerləşən kəndləri də azad etdi. Bununla da Laçın dəhlizi nəzarətə götürüldü. Bu isə artıq müharibənin taleyinin həll olunması demək idi. Həqiqətən də, bundan bur neçə gün sonra, noyabr ayının 8-də Şuşa işğaldan azad olundu və iki gün sonra düşmən kapiyulyasiya aktını imzalamağa məcbur oldu. Azərbaycan Ordusu noyabrın 9-dək Qubadlı şəhərini və rayonun 41 kəndini azad etmişdir.
Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi məqsədilə dövlətimiz tərəfindən görülən tədbirlərdən biri də 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalının təsis edilməsi oldu. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15212 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Dövlət başçımızın 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Bu Sərəncama əsasən 25 oktyabr Qubadlı şəhəri günü kimi müəyyən olunub.
Qeyd edək ki, bu gün azad edilmiş bütün digər ərazilərimizdə olduğu kimi, Qubadlı rayonunda da intensiv quruculuq işləri aparılır və buna paralel olaraq, zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması üzrə fəaliyyətlər davam etdirilir. Görülən işləri şəxsən nəzarətində saxlayan cənab Prezident İlham Əliyev bu məqsədlə mütəmadi olaraq işğaldan azad edilmiş rayonlara səfərlər edir. O cümlədən iki il bundan öncə Azərbaycan Ölkə Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı rayonunda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışında iştirak ediblər. Yeni hərbi hissə Ali Baş Komandanımızın tapşırığına əsasən Ermənistanla sərhəddimizin Qubadlı və Laçın rayonları ərazisindən keçən hissəsinin mühafizəsini təmin etmək məqsədilə yaradılmışdır.
Bu gün işğaldan azad edilmiş ərazilərdə görülən bütün işlər yalnız bir məqsəd naminə – keçmiş köçkünlərin tezliklə öz doğma torpaqlarına, dədə-baba yurdlarına qayıda bilmələri üçün həyata keçirilir. Cənab Prezident İlham Əliyevin bu ilin may ayında Qubadlıya növbəti səfəri çərçivəsində Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməli qoyulub. Dövlət başçısının öz əli ilə qoyduğu hər bir təməl daşı Qubadlı sakinlərinin doğma şəhər və kəndlərinə daimi yaşamaq üçün qayıdacaqları günü daha da yaxınlaşdırır.

Gülər Sultanzadə
Azərbaycan Texniki Universitetinin tələbəsi, YAP Yasamal rayon təşkilatının fəal üzvü.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-01-2025