Mobil versiya
Günəş ömürlü igid
Tarix: 23-10-2023 | Saat: 09:38
Bölmə:Özəl | çapa göndər

Günəş ömürlü igid

İkinci Qarabağ müharibəsində öz şəhadəti ilə tarix yazan qəhrəmanlardan biri də Vüsal Aslan oğlu Məhərrəmovdur. Qanı bahasına torpağı Vətən edən bu, qartal balası 1979-cu ildə Masallının Hişkədərə kəndində dünyaya gəlib. Həyatı dərk edən gündən Tanrının bəxş etdiyi ömrünü doğma Azərbaycana qurban verməyi özünə şərəf bilən Vüsal Vətən torpaqların azadlığı uğrunda ölüm-dirim savaşında bu missiyasını yerinə yetirir. Və nəticədə bir ilahi sevgidən yaranan möhtəşəm şəhidlik səadəti onu elə Vətən səmasının əbədi parlaq günəşinə çevirir.
Bəli, ata ocağında halal süfrə, təmiz ad görən Vüsal kənd məktəbi əla qiymətlərlə bitirib indiki Azərbaycan Dövlət Aqrar Universitetinə daxil olub. Tələbəlik illərində oxuyub öyrənmək həvəsi, bacarığı, qabiliyyəti, saf əqidəsi ona böyük hörmət qazandırır. Zəngin, şərəfli həyat yolunun ilk pilləsi belə qoyulur və xalqına fayda vermək əzmi, qətiyyəti ona xoşbəxt gələcəyin ünvanını göstərir.
Vüsal xeyirxah məqsədlər naminə ali təhsilini başa vurur. Birinci canına yağı dadanmış yurdumuzu azad görmək eşqi onu ordu sıralarına aparır. 2003-cü ildə Naxçıvanda leytenant rütbəsində doğma Azərbaycana xidmət edir. Müqəddəs Vətən torpaqları işğalda saxlayan yağı düşməndən alacağı öcə kimi onun keşiyində durmaq istəyi ürəyinə hakim kəsilir. Və xidmət zamanı nümunəvi hərbiçi olaraq zabitlərin, əsgərlərin arasında böyük nüfuz sahibi olur. Həm də leytenant Vüsalın şəxsi keyfiyyətləri hərb hissədə hamının qəlbində Vətənə məhəbbət, cəsurluq, kişilik, düşmənə nifrət hiss yaradır.
Bəli, sentyabrın 29-da başlanan Vətən müharibəsində Vüsal Məhərrəmov Füzuli, Qubadlı, Xocavənd və Şuşanın azadlığı uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmancasına iştirak edir. Odlu-alovlu səngərlərdə sarsıdıcı zərbələri ilə yağıya qan qusdurur. Noyabrın 6-sı Daşaltı kəndində, Şuşa uğrunda gedən döyüşlərdə yaralı döyüş yoldaşlarını ön xətdən çıxaran igid leytenantımız dördüncü əsgəri xilas etməyə çalışan zaman düşmən gülləsinə tuş gəlir. Beləcə əbədi olaraq sevdalandığı Vətən adlı sevgisinə qovuşur. Şərəfli ömür yolu gələn nəsillərə örnək olmaq üçün tarixə yazılır.
Dövlət tərəfindən Vüsal Məhərrəmovun Vətən müharibəsində göstərdiyi şücaəti ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” medalına, 3-cü dərəcəli “Rəşadət” ordeninə layiq görülüb.
Hişkədərə kəndi, el-obası isə fəxr edir, öyünür ki, Azərbaycana Vüsal kimi günəş ömürlü qəhrəman bir oğul bəxş edib.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-01-2025