Mobil versiya
Vətən sevdalıları... -Fotolar
Tarix: 21-10-2023 | Saat: 10:37
Bölmə:Özəl | çapa göndər

Vətən sevdalıları...

Xalq, dövlət qarşısında xüsusi xidmətləri olan, İkinci Qarabağ müharibəsində son damla qanına qədər döyüşüb, öz qəhrəmanlığı ilə dastan yazan Mirməhəmmədəli Rzazadə, Qüdrət Məmmədzadə, Sənan Ağazadə və Əmrah Cəfərli Lənkəran elində boya-başa çatıblar. Bu, Vətən sevdalıları qısa ömür yaşasalar da, doğma Azərbaycanına canını fəda etməklə əbədi parlaq günəşə çevrildilər. Lənkəran camaatı qəhrəmanlıq simvoluna dönən oğlanlarını ürəyində yaşatmaqla, bir an belə onları unutmurlar. Həm də adlarını özünə həkk edən yeni-yeni yadigarlar qoyurlar.
Artıq Vətən sevdalıların əbədiyyət dünyasına qovuşduğu gündən üç il ötür. Bu münasibətlə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının rəsmi şəxsləri, rayon ictimaiyyətinin nümayəndələri və şəhid ailələrinin üzvləri adı yeni, şanlı tariximizə düşən igid oğlanların uyduğu məzarlarını ziyarət edib, xatirələrinə ehtiram əlaməti olaraq onlara tər güllərdən çələng hörüblər. Həmçinin rayon rəhbəri şəhid ailə üzvləri ilə söhbət edib, qayğı və problemlərini öyrənib.
23 yaşında canını Vətəninə, torpağına fəda edən Mirməhəmmədəli Tərlan oğlu Rzazadə Lənkəranın Şilavar kəndindəndir. Özünü bilən gündən yağı düşmənin Qarabağa ədalətsiz təcavüzü onu çox narahat edib. Həqiqi hərbi xidməti döyüş bölgəsində keçib, doğma Azərbaycanın keşiyini layiqincə çəkib, hər an işğal altında olan Vətən torpaqların azadlığı uğurunda canını qurban verməyə hazır durub. Əsgərliyi başa vurub üzüağ evinə dönsə də, əlinə silah alıb döyüş meydanında düşmənin ilan başını əzmək istəyi onu bir an belə rahat buraxmır. Odur ki, İkinci Qarabağ müharibəsi başlanan kimi Mirməhəmmədəli döyüşə yollanıb. Ölümdən qorxmadan erməni dığalarına vurduğu sarsıdıcı zərbələrlə Vətənə olan məhəbbətini bir daha sübut edib. 17 oktyabrda Cəbrayıl döyüşləri zamanı Mirməhəmmədəli namərd gülləsinə tuş gəlib şəhadətə yüksəlib. Şərəfli ölümü ilə ürəklərə köçən qəhrəman döyüşçü həm də dövlət tərəfindən “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Cəbrayılın, Qubadlının azadlığı uğrunda medallarına layiq görülüb.
44 gün çəkən İkinci Qarabağ müharibəsində Vətən torpaqlarını düşmən tapdağından azad etmək üçün döyüş meydanına atılan Qüdrət Tofiq oğlu Məmmədzadə Lənkəranın Sütəmurdov kəndində doğulub boya-başa çatıb. Haqq savaşımızın ilk günündə qəhrəmanlığını müharibə meydanında göstərməklə 19 yaşında şəhid olub. Ölüm-dirim müharibədə düşmənin çox saylı canlı qüvvəsini, saysız-hesabsız texnikasını məhv edib. Vətən uğrunda canından keçməyi özünə şərəf bilən igid döyüşçü Qüdrət Goranboy rayonu, Tapqaraqoyunlu kəndində şəhid olub. Qisa ömür yaşasa da, yazdığı tarixlə əbədiyyət qazanır. Şəhidimiz Qüdrət Məmmədzadə ölümündən sonra Ali Baş Komandanın sərəncamları əsasında “Vətən uğrunda”, “Cəsur döyüşçü” və digər medallarla təltif edilib.
Hələ uşaq yaşlarında həyatının mənasını xalqının, doğma yurdunun xoşbəxtliyində görən Sənan Nizami oğlu Ağazadə  2000-ci ildə Lənkəran rayonunun Göyşaban kəndində dünyaya göz açıb.   Bu, Vətən sevdalısının həqiqi   hərbi xidməti  qaynar bölgələrin birin də keçib. 1 il 3 ay xidmət etdikdən sonra İkinci Qarabağ müharibəsi başlanıb. Sənan əlinə silah alıb Füzuli istiqamətində gedən döyüşlərdə  hünər göstərib. Belə ki, dığalara qarşı qəhrəmanlıqla vuruşub, onlara qan qusdurub. Elə Füzuli savaşında adını tarixə yazmaqla, şəhidlik zirvəsinə ucalıb.
Sənan Ağazadənin şücaətinə dövlətimiz tərəfindən yüksək  qiymət verilib. O, ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olmasına görə” , İgidliyə görə” medallarına layiq görülüb.
İndi ruhu parlaq ulduzlar dünyasında dolaşan, qəhrəmanlığı dillərdə dastan olan Əmrah Yusif oğlu Cəfərli Lənkəranın Şirinsu qəsəbəsində anada olub. İkinci Qarabağ müharibəsi başlayanda 30 il işğal altında qalan Azərbaycana məxsus torpaqları azad görmək arzusu onu da minlərlə Vətənin qeyrətli oğlu kimi yağıya qarşı döyüşə aparıb. Heç nədən çəkinmədən odun-alovun içinə atılır, əzmlə vuruşur. Xocavənd savaşında isə düşmənə göz açmağa imkan verməyən Əmrah aldığı qəlpə yarasından şəhidlik zirvəsinə ucalıb. 23 yaşında gələcək nəsillər üçün örnək olacaq bir tarix yazan Lənkəranın qəhrəman oğlundan həm də dövlət tərəfindən layiq olduğu “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları yadigar qalıb .
Bəli, Vətən bölünməz, şəhidlər ölməz. Vətən torpaqların hər qarışının azad olunması üçün Mirəhəmmədəli, Qüdrət, Sənan, Əmrah kimi qeyrətli oğullara borcluyuq...

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-01-2025