Mobil versiya
Fariz Zülfüqarzadənin şəhadətə qovuşduğu gündən 3 il ötür
Tarix: 20-10-2023 | Saat: 09:12
Bölmə:Özəl | çapa göndər

Fariz Zülfüqarzadənin şəhadətə   qovuşduğu gündən 3 il ötür

İgid ömrü
Vətən müharibəsi zamanı düşmənə qan uddurub adını zəfər tariximizə yazan Azərbaycanın igid, mərd övladı Fariz Fərhad oğlu Zülfüqarzadə Lənkəran elində dünyaya göz açmışdı. Qeyrətli Vətən oğlu 30 il düşmən əsarətində olan ulu yurd yerlərinin azadlığı naminə can qoyanda ömrünün 28-ci ilini yaşayırdı. Tankçı kimi növbəti hücum zamanı xain erməni hərbçilərinin belini qırandan sonra şəhidlik zirvəsinə ucaldı. 
Həyat yolu indi Vətən, torpaq sevgisinə dönərək gənclərə nümunə olan Fariz Zülfüqarov 2012-ci ildə həqiqi hərbi xidmətə gedir. Müqəddəs borcunu şərəflə yerinə yetirir, əsgər dostlarının, zabitlərin sevimlisinə çevrilir. Cəbhə xəttində dəfələrlə erməni dığaları ilə qarşılaşır və hər dəfə də onların cavabını layiqincə verir.
Fariz əsgəri xidmətini bitirib evə qayıdandan sonra il yarım Lənkəranda mülki sahədə işləyib və xətir-hörmət qazanıb. Amma onun kimi mərd oğullar Vətənin ağır günlərində dalda-bucaqda gün keçirə bilməzdi. Məhz buna görə Fariz hərbçi olmağa qərar verib. Milli Ordu sıralarında ürəyinin səsinə qulaq asaraq müqavilə əsasında müddətdən artıq xidmət etməyə başlayıb. 
Fariz öz tankı ilə ilk dəfə 2016-cı ilin məlum Aprel döyüşlərində qarı düşmənlə üz-üzə gəlir. Lələtəpənın, eləcə də digər strateji mövqelərin azad olmasında böyük rəşadət göstərir. Buna görə Müdafiə Nazirliyinin fəxri fərmanlarına layiq görülür.
Vətən müharibəsində də Silahlı Qüvvələrin sərrast tankçısı daim öndə gedərək şiddətli mövqe döyüşlərinin cəngavəri olur. Daim döyüş meydanında cəsarətlə cövlan edir, sərrast atəşlər açır, düşmənin çoxlu sayda canlı qüvvəsini, hərbi texnikasını sıradan çıxarır. 
İgid döyüşçü Qubadlının azad olunmasında erməni dığaların üstünə onlardan qənimət götürülən tankla gedib, işğalçıları pərən-pərən salıb və onlar öldürülən, eləcə də yaralı yoldaşlarını döyüş meydanında qoyaraq qaçıblar. Beləcə, Fariz hər döyüşdə düşmənə ağır itkilər verib. Özü isə 2 dəfə yaralansa da, geri durmayıb. Oktyabrın 19-da yenə də onun tankı qarşı tərəfdən atılan top mərmisinə tuş gəlib. Fariz ekipaj üzvlərini xilas etsə də, özü tankın içərisində qalaraq qan itirmə nəticəsində həlak olub. 
Ölməz qəhrəmanın Vətən naminə xidmətləri dövlətimiz tərəfindən “Vətən uğrunda”, “İgidliyə görə”, həmçinin Füzuli, Zəngilan və Qubadlının azad olunmasına görə medallarına layiq görülüb. 

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-01-2025