Mobil versiya
19 sentyabr tarixli antiterror tədbirlərin səbəbi
Tarix: 18-10-2023 | Saat: 13:29
Bölmə:Özəl | çapa göndər

19 sentyabr tarixli antiterror tədbirlərin səbəbi

Prezident İlham Əliyev cari ilin 11 oktyabr tarixində MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçıları ilə görüşündəki çıxışı zamanı bir sıra mühüm məqamlara toxunmuşdur. Azərbaycan MDB-nin işində iştirak etməyə həmişə böyük əhəmiyyət verib. Bütün istiqamətlər üzrə, o cümlədən təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində sıx təmasların mövcud olduğunu vurğulayan dövlətimizin başçısı bildirib: “Sizin işiniz, həmçinin həmkarlar arasında qarşılıqlı fəaliyyət hazırkı mürəkkəb beynəlxalq şəraitdə xüsusi əhəmiyyətə malikdir, çünki təhdidlər artır, yeni qeyri-sabitlik ocaqları yaranır və ölkələrimizin sabitliyi və təhlükəsizliyi bir çox hallarda sizin strukturların operativ işindən asılıdır”. Prezidentimiz İlham Əliyev 19 sentyabr tarixli antiterror tədbirlərinin səbəbi haqqında bildirdi ki, “Sentyabrın 9-da qondarma “Dağlıq Qarabağ”ın qondarma hakimiyyət orqanları “seçki” keçirdilər, özlərinə yeni başçı seçdilər, bu isə mövcud reallıqların tam şəkildə inkar edilməsi demək idi və sentyabrın 19-da Azərbaycana antiterror tədbirləri keçirmək və öz suverenliyini tam şəkildə bərpa etmək üçün başqa seçim yolu qoymadı”. Bir sutkadan da az davam edən antiterror tədbirləri nəticəsində Ermənistanın Qarabağdakı ordusu tamamilə tərk-silah edildi, 10-15 min nəfərlik kontingent silahsızlaşdırıldı və ərazimizin üzərində tam nəzarət bərpa olundu deyə ölkə başçımız bildirdi.
Azərbaycanla Ermənistan arasında Rusiya Federasiyasının vasitəçiliyi ilə imzalanmış 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın 4-cü bəndini, - "Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir", - Azərbaycan öz gücü ilə reallaşdırdı. Hazırda müvafiq dövlət qurumlarımızın nümayəndələrindən ibarət şəxslər tərəfindən Qarabağdakı qanunsuz silahlı birləşmələrin tərksilah olunması və Azərbaycan ərazisindən çıxarılması prosesi davam etdirilir. Halbuki 3 ilə yaxın bir dövrdə Ermənistan nəinki bu öhdəliyin yerinə yetirilməsinə cəhd göstərirdi, əksinə, onu əvəz etmək üçün bölgədə yerləşən məlum sülhməramlı kontingentin və bu ölkəni revanşizmə həvəsləndirən dövlətlərin (Fransa, Hindistan, İran və sair) və qüvvələrin dəstəyi ilə daha intensiv silahlanmaqda idi. Azərbaycanın sentyabr ayının başladığı anti-terror tədbirləri Ermənistanın ölkəmizə qarşı apardığı məqsədyönlü və planlı terror siyasətinin cavabı kimi gözlənilən idi.Məlum olduğu kimi, Ermənistan silahlı qüvvələrinin Qarabağda yerləşdirilmiş birləşmələri tərəfindən Azərbaycana qarşı törədilən son terror-diversiya aktları da insan itkilərinə səbəb olmuşdur.Belə ki, sentyabrın 19-da erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində mülki şəxslər həlak olub. Yenə də həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsi də ermənilər tərəfindən quraşdırılmış minaya düşərək partlayıb və hərbi qulluqçularımız həlak olub.Təbii ki, Azərbaycan bütün bunları cavabsız qoya bilməzdi. Buna görə də sentyabrın 19-da Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu lokal xarakterli antiterror tədbirlərinə başladı. Bu, Azərbaycanın bütün beynəlxalq konvensiyalarda təsbit olunmuş legitim hüququdur və heç bir beynəlxalq təşkilat bu tədbirlərin keçirilməsinə görə ölkəmizi qınaya bilməz.Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir və bu birləşmələr dərhal, qeyd-şərtsiz zərərsizləşdirilməlidir.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası 2023-cü il sentyabrın 19-da yaydığı məlumatda Azərbaycan dövlət adından antiterror tədbirlərinin dayandırılması üçün 3 şərt açıqlamışdı: qanunsuz erməni silahlı dəstələri ağ bayraq qaldırmalı, bütün silahlar təhvil verilməli, qanunsuz rejim özünü buraxmalıdır. Əks-təqdirdə, lokal antiterror tədbirləri sona qədər davam etdiriləcək. Bir neçə ay ərzində Azərbaycan nümayəndələri ilə görüşdən imtina edən Qarabağın erməni icmasının nümayəndələri səhəri gün bu şərtləri qəbul etmək məcburiyyətində qaldılar. Sentyabrın 21-də isə ermənilərin bir vaxt ordu ilə gələcəklərini iddia etdikləri Yevlax şəhərində Azərbaycan Respublikası Prezidentinin nümayəndəsi ilə onların görüşü baş tutdu. Rəsmi məlumata görə, bu görüşdə qarşı tərəfə bir sıra mesajlarla yanaşı, Azərbaycan Respublikası Konstitusiyasını qəbul edib, onun normalarına uyğun yaşayacaqları təqdirdə, çoxmillətli, çoxkonfessiyalı dövlətin bərabərhüquqlu üzvünə çevriləcəkləri aydın şəkildə çatdırılıb. Yəqin xunta rejiminin təzyiq və təhdidlərindən qurtarılmış Qarabağın erməni icması Azərbaycanın bu humanitar münasibətinə uyğun davranmaqla özünün firavan gələcəyinə zəmin yarada biləcək.Ermənistanın məğlub ölkə kimi imza atdığı üçtərəfli Bəyanatın müddəalarına məhəl qoymaması, hərbi təxribatlarını davam etdirməsi, işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinə ciddi şəkildə mane olmağa çalışması antiterror tədbirlərini qaçılmaz etdi.Bu gün fəxarətlə deyə bilərik ki, Azərbaycan növbəti dəfə tarixi uğura imza atdı. Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri ağ bayraq qaldırdı, qeyri-qanuni erməni silahlı dəstələri döyüş mövqelərindən və hərbi postlardan çıxaraq tərk-silah oldular. Həmçinin bütün silah-sursat və ağır texnika təhvil verilir. Bu isə erməni separatizminin iflasıdır.

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-05-2025