Mobil versiya
Cənab Prezident Ilham Əliyevin sərəncamına uyğun olaraq bundan sonra 17  oktyabrı Füzuli şəhəri günü kimi qeyd edəcəyik
Tarix: 18-10-2023 | Saat: 09:31
Bölmə:Özəl | çapa göndər

Cənab Prezident Ilham Əliyevin  sərəncamına uyğun olaraq bundan sonra 17  oktyabrı Füzuli şəhəri günü kimi qeyd edəcəyik

Cənab Prezident tarixi qələbəmizi və şanlı tarixləri əbədiləşdirmək məqsədi ilə cari ilin 31 iyul tarixində işğaldan azad edilmiş şəhər günlərinin təsis edilməsi barədə Sərəncam imzalamışdır. 17 oktyabr 2020-ci il Füzuli rayonunun erməni işğalından azad olunduğu gündür. Cənab Prezidentin qeyd etdiyim sərəncamına uyğun olaraq bundan sonra 17  oktyabrı Füzuli şəhəri günü kimi qeyd edəcəyik. Məhz 17 oktyabr 2020-ci il tarixində cənab Prezident xalqa müraciətində xalqımızı təbrik edərək Füzuli şəhərinin erməni işğalçlarından azad edilməsi müjdəsini vermişdir.  Həmin vaxt çıxışında cənab Prezident bildirmişdir ki, bu gün tarixi bir gündür, on yeddi oktyabr nəinki füzulililərin xatirəsində, Azərbaycan dövlətinin tarixində əbədi qalacaqdır. Budur, biz artıq 17 oktyabr tarixini  Füzuli şəhəri günü kimi qeyd edirik.
1386 km² ərazisi olan  Füzuli rayonu işğaldan öncə 140 min nəfərdən çox əhalisi ilə ölkəmizin ən qədim yaşayış məntəqələrindən biri idi. Bu rayonumuz əvvəllər Qaryagin adlandırılmışdır. 1959-cu ilin aprelində böyük şairimiz Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılmışdır. Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Ermənistanın  silahlı qüvvələri ilə mübarizədə  rayon sakinlərindən 400 nəfərədək müharibə əlili olmuş, 663 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkin düşmüşdür.
1994-cü ilin yanvar ayında, atəşkəsə dair Bişkek protokolu imzalanmamışdan əvvəl, Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində Füzuli rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuş, o cümlədən, Horadiz qəsəbəsi də həmin vaxt düşməndən azad edilmişdir.
Vətən Müharibəsi zamanı isə Füzuli əməliyyatı Azərbaycan Ordusunun  cənub-şərq cəbhəsində apardığı ən əhəmiyyətli döyüşlərdən biri olmuşdur. Füzuli uğrunda aparılmış döyüşlər həm də müharibənin ən ağır döyüşlərindən idi. 30 il ərzində düşmən  təmas xəttində möhkəm istehkamlar qurmuşdur. Normal şəraitdə 30 il ərzində qurulmuş müdafiə xətlərini yarmaq üçün ən azı bir neçə ay vaxt lazımdır. Lakin qələbə əzmli Ali Baş Komandan və onun Müzəffər Ordusu müharibənin başlamasından bir ay keçməmiş onlarla kəndin, Cəbrayıl rayonun azad edilməsinin ardından Füzulini də düşmən işğalından azad etdi. Füzulinin azad edilməsi bizə həm mənəvi güc, həm də strateji üstünlük qazandırmışdır.
Füzuli əməliyyatındakı bu qələbələr təəssüf ki, itkisiz başa gəlməmişdir. Onlarla hərbçimiz Füzuli uğrunda gedən döyüşlərdə həlak olmuş, şəhidlik zirvəsinə yüksəlmişdir. Şəhidlərimizin  xatirələrini böyük ehtiramla anırıq.  Şəhidlərimizə və qazilərimizə göstərilmiş ən böyük diqqət onların dövlət səviyyəsində təltif edilməsi olmuşdur. 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edilmişdir. Prezident İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25325 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Ötən il isə 27 sentyabr-Anım Günündə cənab Prezident Füzulinin Qaraxanbəyli kəndi yaxınlığında şəhidlərimizin şərəfinə ucadılmış xatirə lövhəsinin açılışını etmişdir.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Füzuliyə səfərlərini xatırlayaq:
16.11.2020:
• Füzuli şəhərində Azərbaycan bayrağının ucaldılması;
• Füzuli-Şuşa avtomobil yolunun – Zəfər yolunun təməlqoyma mərasimi.
14.01.2021:
• Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoyulması.
14.02.2021:
• Füzuli şəhərlərinin Baş planın təsdiqlənməsi;
• Horadiz-Ağbənd, Ağdam-Füzuli yollarının inşası ilə tanışlıq;
• 180 çarpayılıq xəstəxananın təməlqoyma mərasimi.
15.03.2021:
• Füzuli-Hadrut avtomobil yolunun təməlqoyma mərasimi.
29.08.2021:
• Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanışlıq;
• Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda son tamamlama işləri ilə tanışlıq.
17.10.2021:
• Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüş;
• Füzuli-Ağdam avtomobil yolunun təməlqoyma mərasimi;
• Dövlətyarlı kəndində “Ağıllı kənd”in təməlqoyma mərasimi;
• Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin təməlqoyma mərasimi;
• Çoxmənzilli yaşayış məhəlləsinin təməlqoyma mərasimi;
26.10.2021:
• Cəmi 8 ay ərzində inşa olunan və “Qarabağın hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi.
10.05.2022:
• Peşə Liseyinin təməlqoyma mərasimi.
27.09.2022:
• Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 Sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsinin ziyarəti.
07.11.2022:
• Füzuli rayonu ərazisində Müdafiə Nazirliyinin yeni istifadəyə verilmiş “N” saylı hərbi hissəsində yaradılan şəraitlə tanışlıq.
05.05.2023:
• Füzuli rayonunun Pirəhmədli kəndinin təməlinin qoyulması;
• Füzuli-Hadrut avtomobil yolunun açılışı;
• Füzuli rayonunun Dədəli kəndinin təməlinin qoyulması;
• Füzuli yaşayış kompleksinin tikintisinin gedişi ilə tanışlıq;
• Füzuli şəhərinin daxili yol-küçə şəbəkəsinin təməlinin qoyulması;
• “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzinin açılışı;
• Füzulidə inşa edilən 960 şagird yerlik məktəb binasında tikinti işlərinin gedişi ilə tanışlıq;
• Füzuli şəhərinin içməli su təchizatı, kanalizasiya və yağış suları sistemləri kompleksinin təməlini qoyulması.
23.08.2023:
• Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Füzuli Beynəlxalq Hava Limanında qarşılanması;
• Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılışı;
• Füzuli şəhər yaşayış kompleksində yaradılmış şəraitlə tanışlıq;
• Füzuli şəhərinin Baş planı ilə tanışlıq.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-01-2025