Mobil versiya
Məktəbə getmək neçəyə başa gəlir? - QİYMƏTLƏR
Tarix: 01-09-2016 | Saat: 14:42
Bölmə:İqtisadiyyat | çapa göndər

Məktəbə getmək neçəyə başa gəlir? - QİYMƏTLƏR

Yeni tədris ilinə sayılı günlər qalır. Məktəbyaşlı uşaqları olan ailələrdə bu günlərdə əsas mövzu sentyabrın 15-nə hazırlıqdır. Kimi məktəbli formaları almaq üçün mağazalara üz tutarkən, kimi də digər ləvazimatların qiyməti ilə maraqlanır.

Hələ iyun ayından məktəbli formalarının qiymətinin qalxması xəbəri valideynlərin kefinə soğan doğramışdı. Bəs məktəbli ləvazimatlarında vəziyyət necədir? Bunu öyrənmək üçün bu mağazalara baş çəkdik. Diqqət çəkən məqam hələ bu bazarda qızğınlığın müşahidə edilməməsidir. Satıcılar sentyabrın 5-dən sonra vəziyyətin dəyişəcəyini düşünür. Alıcılar az olsa da, satıcılar yeni qiymətləri çoxdan hazırlayıb.

Paytaxtın mərkəzi və nisbətən kənar ərazilərdəki mağazalarda qiymət fərqi hiss olunur. Qiymətlərin fərqləndiyi digər məqam məhsulların idxal edildiyi ölkələrlə bağlıdır. Məsələn, Rusiya istehsalı olan karandaş dəsti 6-7 manatdırsa, Çin istehsallı bu məhsul 1.5-2 manat arasında dəyişir. Yerli məhsul olaraq isə bazarda "Oyal" şirkətinin məhsullarını ala bilərsiniz. Qiymət baxımından Çin istehsalından baha, Rusiya və digər ölkələrdən ucuz olan bu şirkətin məhsullarının keyfiyyəti sual altındadır. Satıcılar şirkətin məhsullarının xaricdən gətirdiyini deyir. Amma hələ ki, məhsulların harada və necə istehsal edilməsi barədə hər hansı məlumat yoxdur. Bu vaxta qədər keyfiyyətinə şübhə etdiyinə görə Çin malı almaqdan çəkinən valideynlərin bu şirkətin məhsullarına marağı çox deyil. Bunu satıcılar deyir. Onların sözlərinə görə, uşağının sağlamlığını düşünən valideynlər imkanı çatdığı qədər xarici və keyfiyyətli məhsula üstünlük verir.
İndi isə ayrı-ayrı məhsullar üzrə qiymətlərlə tanış olaq.

Çanta: Hazırda məktəbli ləvazimatları mağazalarında çantalar 20 manatdan başlayır. Ancaq bu çantaları yaxından incələyənlər onu almaq fikrindən elə oradaca imtina edir. Nisbətən davamlı və uzunömürlü təəssüratı yaradan çantalar isə 30-40 manatdan başlayır. Əlbəttə, 100 manata və daha bahalı çantalar tapa biləcəyiniz istisna olunmur.

Dəftər: Digər məhsullarda olduğu kimi dəftərlərdə də yerli və xarici məhsullarda fərq var. Bu mənada dəftərlərin ölçüsü, səhifələrin sayı və vərəqin keyfiyyətindəki fərqi gözlə görmək mümkündür. Məsələn, 24 vərəqli Rusiya istehsalı dəftər nisbətən enlidir və vərəqləri daha qalındır, qiyməti 50 qəpikdir. Yerli məhsullarda isə 20 vərəqli dəftərlərin eni nisbətən balaca, vərəqin qalınlığı da fərqlidir, qiyməti 25-30 qəpikdir. Yerli 12 vərəqli dəftər 15-20 qəpik, 40 vərəqli dəftər 40-50 qəpik, 60 vərəqli dəftər 60, 100 vərəqli dəftər 90 qəpik 1 manatdır. Xaricdən gətirilən dəftərlər isə bundan 20-30 qəpik bahadır. Ümumiyyətlə, satıcılar bütün məhsullarda bu il azı 20 qəpik fərq olduğunu deyirlər. Nisbətən bahalı məhsullarda fərq daha çoxdur. Xatırladaq ki, ötən il 12 vərəqli dəftər 10 qəpik, 40 vərəqli dəftər 20, 60 vərəqli 40, 100 vərəqli 60 qəpik idi.
Digərləri:

Qələm 20 qəpikdən 1 manatadək, yazı lövhəsinin qiyməti 25 manatdan 150 manata qədərdir. Penallar 3-9 manat arası dəyişir. Ən ucuz sirkul 1.5 manatdır. Su qabları 8-10 manatdan başlayır, xətkeş 80 qəpikdən 4 manatadək, qayçı 80 qəpikdən 2 manata qədərdir. Pozan 20 qəpik 1 manat arası, plastilin qiyməti 1.2 manatdan 10 manatadək dəyişir, şəkil albomu 2 manat, karandaş dəstləri 3 manatdan başlayır. Yapışqan 30 qəpikdən başlayır 3 manata qədərdir, qələm yonanların qiyməti 30 qəpiklə 2 manat arasında dəyişir. Dəftər üzləri 20-30 qəpikdirsə, kitablar üçün üzlüklər 80 qəpikdən başlayır.
Ötən il isə qələm 20 qəpikdən 1 manatadək, tək karandaş 10 qəpikdən 40 qəpiyədək, karandaş dəstləri 1 manat 20 qəpikdən 7 manatadək, xətkeş 20 qəpikdən 50 qəpiyədək, pozanın qiyməti isə 20 qəpiklə 1 manat arasında təklif edilirdi. Şəkil albomları 1 manat 50 qəpik - 3 manat arasında olub.
Satıcılar deyir ki, hər ailəyə görə məktəb xərci dəyişə bilir. Belə ki, bəzi ailələr ən ucuz qiymətə olanı alır, bəziləri isə ancaq keyfiyyətli və baha olanları seçir. Amma bu fərq yalnız sentyabrdakı xərclərdə olur. Daha ucuz və keyfiyyətsiz mal alanlar bir neçə ay sonra yenisini almaq üçün təkrar mağazaların yolunu tutur.

Rəqəmlərdən belə bəlli olur ki, Orta səviyyədə 1 uşağın məktəb hazırlığı 100-150 manat civarındadır. Əlbəttə, təkcə çantanın qiyməti 100 manat olmazsa...



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə