Mobil versiya
14 sentyabr Kamran Vəlizadənin doğum günüdür
Tarix: 14-09-2023 | Saat: 11:15
Bölmə:Özəl | çapa göndər

14 sentyabr Kamran Vəlizadənin doğum günüdür

Kamran Vətənini canından əziz bildi

Kamran Əkbər oğlu Vəlizadənin də qismətinə Vətən yolunda  ölmək  şərəfi nəsib oldu. Belə ki, 44 gün çəkən İkinci Qarabağ müharibəsində xalqının   qeyrətini, namusunu canında  əziz tutaraq   müharibə meydanında düşmənlə son damla qanına qədər vuruşdu.  Ömrünün 24-cü   baharında bu dünyadan  köçməklə, gələcək nəsillər üçün örnək olacaq bir tarix yazıb qoydu.
Lənkəran rayonu, Nərimanabad kəndində hamı Əkbər kişini  halal zəhmətdən doymayan, xeyirxah, ürəyi təmiz, səmimi insan kimi tanıyır, xətrini əziz tutur.  Kamran belə bir halal ailə ocağında  boy atdığına görə   həyatı dərk edən gündən  bütün varlığı ilə Vətəninə, xalqına bağlanır. Nəcib, xeyirxah əməllərə tapınmaqla  2014-cü ildə orta məktəbi başa vurur,  Neft Akademiyasının energetika fakültəsinə  qəbul olur. Ülvi, humanist keyfiyyətlərə malik olan Kamran  insanlara daha çox fayda verməkdən ötrü ali məktəbi yüksək səviyyədə bitirir. Vətənini azad, xalqını xoşbəxt görmək istəyi onun qarşısında  yeni yollar açır. 2018-ci ildə  hərbi xidmətə gedir, Daşkəsənin Xoşbulaq kəndində  layiqli bir oğul olaraq  canından artıq sevdiyi  Azərbaycana oğulluq borcunu şərəflə verir.
Əsgəri xidmətdən  evinə üzüağ qayıdan  Kamran  sonra müəyyən işlərdə çalışır. Bitib-tükənməyən  arzuları onu el-obada  yalnız yaxşı işlər görməyə sövq  edir. Xeyirxahlığını, mərdliyini, vətənpərvərliyini  görüb onu yurd yerinin mənəvi dayağı, ilham verən qüvvəsi  sayırlar.  Elin sevimli oğlu  erməni daşnakların təcavüzünə məruz qalan Qarabağın taleyini də unutmur.  Vətənə olan sevgisi  Kamranı həmişə mübarizə  meydanına, yağıya  qarşı döyüşə səsləyir.  Odur ki, İkinci Qarabağ müharibəsi başlayan kimi, o,  Vətənin harayına birinci gedir. “Vətən uğrunda ölmək şərəfdir”- deyib  özünü odun-alovun içinə atır.  Haqq savaşımızın ən qaynar  nöqtələrdə qələbə sorağı eşidilir.  Özü öndə olmaqla onunla  çıyin-çiyinə  vuruşan  döyüş yoldaşlarını irəli aparmaq üçün belə deyir: “Biz mütləq qələbə qazanarıq. Bir də Vətəni qanımızla, canımızla yaşatmaq bizim borcumuzdur.”
Ağır müharibə meydanında güllə yağışı Kamranın başına sel kimi yağsa da, heç nədən qorxmur, daim irəli gedir.  Cəbrayıl, Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşur. Girdiyi hər savaşda  çoxlu sayda erməni dığasını məhv edir. 23 oktyabrda hər kəsə qismət olmayan şəhidlik zirvəsinə ucalır. Beləcə qəhrəman Vətən oğlunun torpağa axıtdığı qırmızı qan döyüşdüyü yerlərdə üç rəngli  bayrağımıza dönür...
Kamran Vəlizadənin həyat yolu qısa, qaldı ki, öz milləti üçün əbədi, parlaq yoldur.  Xalqın qəlbində yaşamaqla bərabər, o,  dövlət tərəfində  “Vətən uğrunda”, Cəbrayılın, Qubadlının  azadlığına görə, “Cəsur döyüşçü” medallarına layiq görülüb

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025