Mobil versiya
Ağammədi ucaldan halal əməyidir
Tarix: 06-09-2023 | Saat: 09:11
Bölmə:Özəl | çapa göndər

Ağammədi ucaldan halal əməyidir

Sadə peşə sahibi olan, aydan arı, sudan duru bir həyat yaşayan, ömrünü-gününü xeyirxah əməllərə verən Ağamməd Mirmənsim oğlu Hadıyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Azneft» İstehsalat Birliyinin 1 saylı  İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsində çalışır. Yeraltı təmir işi qaldırıcı maşinistdir. Qəlbində Vətəninə, xalqına sevgisi güclü olduğuna görə cəmiyyətdə yaxşı mövqe və hörmət sahibidir. Vətənin, xalqın xoşbəxtliyi naminə namusla yaşamaq, çalışmaq əzəldən onun taleyinə yazılan ən müqəddəs amala dönüb. İllərin səfində etibardan, düz ilqardan ürəklərə yol aldıqca, gördükləri həyatlara daha çox xoşbəxtlik gətirir. İnsanlığa məhəbbət, haqqa rəğbət məhz belə saf, qeyrətli, iç aləmi sevdalı insanların yaşamaq, yaratmaq eşqindən boy verir. Ağamməd də şərdən-xətadan uzaq bir dünyanın sahibi olmaqla millətinə yaxşılıq naminə işinə həvəslə yanaşır, tanrının verdiyi ömrünü incə ruhla, açıq qəlblə yaşayır. Beləcə, başqasına yanmaqla özünə xoşbəxtlik çələngi hörübdür. Artıq 65 yaşın işıqlı əməlləri onu insanlığın ən kamil zirvəsinə qaldırıbdır. Sadəlik, yaxşılıq, doğruluq ona örnək olan adamların sırasında xüsusi yer edibdir. Ən çox sevdiyi şer parçası da belədir:
Yaxşılıq ucadır ömürcə, yşca,
Yaxşılıq gözündə yaşa doluruq.
Yaxşılıq ucadır bizdən də uca,
Onunla biz uca insan oluruq.
Sədaqəti, şan-şöhrəti zəhmət qapısında axtarmaqla ləyaqətli həyat yolu keçən Ağamməd Lerik rayonunun Bradi kəndində dünyaya göz açıb. Özünü biləni atası, halal zəhmət adamı Mirmənsim kişidən görüb-götürdüyü saf və ulu məqsədlərə doğru əqidə təmizliyi olub. Mirmənsim dövrün çörək verən, çətin günün kişisi olaraq el-obada ehtiramla qarşılanıb. Ömrü boyu düzlük, halalıq, zəhmətsevərlik onun həyat amalı olmuşdur. Belə bir millətin mənəvi-əxlaqi dəyərlərini özündə yaşadan ailədə böyüyən, tərbiyə alan Ağamməd yetkinlik yaşına çatanda yaşadığı dünyanın mənasını insanların səadəti naminə çalışmaqda görür. Və buna nail olmaqdan ötrü döyünən qəlbində, damarında qaynayan qanında Vətən eşqi, yurd sevdası duyulmaqla ilk cığırı 113 saylı Lənkəran Şəhər Peşə Məktəbindən açır. Burada oxuyub sürücülük peşəsinə yiyələnir. Və işıqlı sabahlara doğru fayda vermək istəyi ilə ona tam bağlanır...
Gələcəyə zəhmətlə, halallıqla, xeyirxahlıqla başlayan Ağamməd Hadıyevi 1977-ci ildə ordu sıralarına çağırılır. Xidmət etdiyi Rusiyada Azərbaycan xalqının gözəl əxlaqi dəyərlərini bütün millətlərin nümayəndələrinə sevdirir. Mərdliyi, saflığı, dözümü zamanın bütün bərkinə-boşuna qalib çıxır, Ağamməd üzüağ 1979-cu ildə adına can dediyi doğma Azərbaycana qayıdır. Xeyirxah əməllərə köklənib comərd, istiqanlı bir həyata başlayır.
Qoynunda dünyaya gəldiyi torpağı, Vətəni hər qarışını özünə əziz bilməklə canından artıq sevən Ağamməd 1980-ci ildə Bakıda Toxuculuq Fabrikində işə düzəlir. İlk gündən Uca Tanrı onun üzünə gülür. Necə deyərlər, fəhlə əlləri zəhmətdə bərkiyib-bişdikcə özü də halal əməyin qanadlarında ucalır. İşıqlı qayəsi, saf insanlardan görüb götürdükləri tezliklə bu, gənc oğlana uğur gətirir. Necə deyərlər, burada çalışdığı iki il müddətində həyatın adi, gündəlik axınında gördüyü təmiz iş seçilir, öz saflığı, mənəvi-əxlaqi keyfiyyətləri nümunə göstərilir...

İndi 41 ildir ki, Ağamməd Hadıyev «Azneft» İstehsalat Birliyinin 1 saylı  İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsində sükan arxasındadır. Gərgin zəhməti, nəcib istəyi həmişə gərəkli, faydalı olubdur. Yüksək mənəviyyatı, insanpərvərliyi da öz yerində. İş yoldaşı Mirzəkişi Məmmədov deyir:- Uzun illərdir Ağamməd kişini tanıyıram. Millətin qeyrətini çəkən, təmiz və halal adamdır. Peşəsinin sərrafı olmaqla, ona elə məhəbbətlə yanaşır baxan həsəd aparır. Hər dəfə ürəklə, həvəslə, qurub yaratmaqla sükanın arxasına qalxır. Texnikanı səliqəli idarə edir. Gördüyü iş daha səmərəli və keyfiyyətli olur. Çətində yoldaşını darda qoymaz. Yaxşı işin çəmini gənclərə öyrətməkdən mənəvi zövq alır. Sözün qısası bu, sadə zəhmət adamın həyat eşqi, bütün əmək fəaliyyəti nəcib məqsədlər üzrə qurulub, vətəndaşlıq məsuliyyətini düzgün dəyərləndirir, xalqa, dövlətə sədaqətlə xidmət edir, ömür payını şərəflə yaşayır.
Ağamməd Hadıyev Bakının Binə qəsəbəsində yaşasa da, ata yurdu Bradi kəndini heç vaxt unutmur. Alın təri ilə qazandıqlarından buranın inkişafına səxavətlə xərcləyir. Köməksizə, yardıma ehtiyacı olana əl tutmaq onun qanındadır. Əlləri qabarlı, qəlbi kövrək, düşüncəsi dərin olan bu, insan xeyirxah olduğu qədər başqaların qəlbinə də xeyirxahlıq toxumunu səpməyi bacarır. Söz düşəndə deyir ki, insanı insan edən, həyatına dəyər qatan, getdiyi yola işıq saçan başqaları üçün yaşamaq sevdasıdır. Kiməsə etdiyin yaxşılıq haçansa sənin qarşına çıxar.
Bütün bunlarla bərabər, Ağamməd kişi həm də ailəyə bağlı, sədaqətli atadır. Ömür-gün yoldaşı Gülçöhrə ilə 3 övlad- 2oğlan, bir qız böyüdüblər. Hadıyevlərin mənəvi təmələ, pak arzulara tapınmış milli ailə modelı cəmiyyət tərəfindən nümunə göstərilir. Övladların hər üçü ailə həyatı qurubdur. Mənalı yaşayır, dəyərli işləri ilə gözəl gələcəyə gedirlər. Ümumiyyətlə, Ağamməd kişi başda olmaqla ailənin hər bir üzvündən düzlük, təmizlik, vətənsevərlik dərsi almaq olar.
Bəli, Ağamməd Hadıyevin keçdiyi 65 illik ömür yollu göstərir ki, xeyirxah əməllər, yaxşı işlər, Vətən, xalq təəssübkeşliyi olan yerdə yaşadığın dünya heç vaxt öz şirinliyi və dəyərini itirmir.

Zəfər Orucoğlu
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025