Mobil versiya
31 avqust Rasim Rufullayevin doğum günüdür
Tarix: 31-08-2023 | Saat: 09:35
Bölmə:Özəl | çapa göndər

31 avqust  Rasim Rufullayevin doğum günüdür

Əbədiləşən qəhrəman ömrü

Vətənini öz canından artıq sevən, İkinci Qarabağ müharibəsində onun yolunda şəhid olan Rasim Yadigar oğlu Rufullayev Yardımlı rayonunun Zevin kəndində dünyaya göz açmışdı. İlahi sevginin gücü ona 23 yaşında gələcək nəsillərə örnək olacaq bir tarix yazdırdı. Rasim  öz xalqına torpağı Vətən edən, özünü qurban verməklə onu müqəddəs edən oğul oldu. O, həm də   milyonlarla  insanın yaddaşında  qoyduğu şərəfli adla doğma Yardımlıya  şöhrət oldu. Və bu dağlar yurdu bir igidin hünəri hesabına bütün Azərbaycanda   qəhrəmanlar məskəninə, qorxmaz oğullar diyarına döndü.
Arzusu, amalı xalqına ləyaqətli xidmət edib Azərbaycana əsl oğul kimi Tanrının verdiyi ömür payını yaşamaq olan Rasim 2015-ci ildə ordu sıralarına yollanır. Vətənə, dövlətə sədaqəti ilk gündən bilinir, cəsurluğu, mərdliyi  ona ehtiram gətirir.  Rasim əsgərliyini üzüağ başa vurur. Düşmən tapdağında olan Vətən torpaqların azadlığı naminə həyatını hərbiyə bağlayır. Tez də  Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrində Vətəni canı, qanı bahasına qorumağı, yaşatmağı bacaran qəhrəman oğullar cərgəsində layiqli  yer alır.
Şəhidliyi Vətən sevgisindən başlanan Rasim İkinci Qarabağ müharibəsinin birinci günü ən qaynar nöqtələrdə döyüşə girir. Ölüm-dirim savaşlarda erməni faşistlərinə vurduğu sarsıdıcı zərbələr Vətən torpaqlarına azadlıq gətirir. Düşmənin çoxsaylı canlı qüvvəsini, saysız-hesabsız  texnikasını, silah-sursat anbarlarını məhv edir, onlarla yaralı əsgəri, zabiti müharibə meydanından çıxarır. Qəhrəman əsgər xüsusi rəşadət göstərməklə  Şuşaya qədər şərəfli bir döyüş yolu keçir və erməni quldurlardan arzuladığı qisasını tam ala bilir. Noyabrın 7-də şəhidlik zirvəsinə ucaldığı sonuncu döyüşdə ölümcül yaralansa da düşmənə əyilmir, son nəfəsinə qədər mübarizə aparır. “Şərəf duyuram ki, artıq müqəddəs, əzəli yurd yerimiz Qarabağ  azaddır” deyim  ömrünü Vətəninə verir.
Yardımlı camaatı Rasimin  adını hər yerdə, həmişə əziz tutur. Çünki o, Vətən, torpaq uğrunda şəhid oldu. Dövlət də Rasimin müharibədə göstərdiyi qəhrəmanlığını yüksək tutmaqla onu “Vətən uğrunda” “Laçının  azad olnmasına görə” medallara layiq gördü.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025