Mobil versiya
MÜSTƏQİL AZƏRBAYCAN GÜCLÜ VƏ QÜDRƏTLİ ÖLKƏDİR
Tarix: 30-08-2023 | Saat: 10:09
Bölmə:Özəl | çapa göndər

MÜSTƏQİL AZƏRBAYCAN  GÜCLÜ VƏ QÜDRƏTLİ ÖLKƏDİR

Müstəqillik, öz taleyinə sahib olmaq, öz dövlətini yaratmaq və inkişaf etdirmək hər bir xalq üçün ən böyük nailiyyətdir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə baxmayaraq, heç bir qüvvə Azərbaycan xalqının müstəqillik, dövlətçilik arzularını söndürə bilməmiş, şərait, imkan yetişən kimi xalqımız müstəqillik ideallarını gerçəyə çevirmişdir. Azərbaycan xalqı xoşbəxtdir ki, bu gün öz müstəqil dövlətinə sahibdir və dövlət müstəqilliyimiz xalqımızın milli sərvətidir. Tarixdə şəxsiyyətlərin rolu danılmazdır. Öz əməlləri ilə mənsub olduğu xalqın taleyini, tarixini dəyişdirmiş, milli kimliyini qürur və fəxarət mənbəyinə çevirmiş şəxsiyyətlər xalqının milli yaddaşında əbədiyaşarlıq hüququ qazanmışdır. Bu gün müstəqil kimliyi və öz dövləti ilə dünya səhnəsində yer alan xalqların taleyini də məhz belə tarixi şəxsiyyətlər müəyyənləşdirmişdir. Azərbaycan xalqı üçün belə möhtəşəm əməllərə imza atmış şəxsiyyət və böyük lider isə şübhəsiz ki, Ulu Öndər Heydər Əliyev olmuşdur. Təsadüfi deyil ki, bu gün Ümummilli lider Heydər Əliyevin adı müstəqil və suveren Azərbaycanın simvolu kimi səslənir. Çünki Ulu Öndər Heydər Əliyevin həyat amalı, zaman və məkan anlayışına sığmayan siyasi fəaliyyətinin əsas məqsədi azad və müstəqil Azərbaycan dövlətini qurmaq olmuş və o, müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində xalqımızın azadlıq və müstəqillik ideallarını gerçəkləşdirməyə nail olmuşdur. Heydər Əliyev şəxsiyyətinin böyüklüyü həm də onunla əlaqədardır ki, onun ideyaları konkret zaman və məkan məhdudiyyəti tanımır. Ulu Öndərin müəllifi olduğu dövlətçilik konsepsiyası, dəqiqliklə işləyib hazırladığı strateji kurs sonrakı dövrdə də ölkəmizin müstəqilliyinin möhkəmlənməsinə, inkişafına xidmət etmiş, Azərbaycanın gələcəyinə işıq tutmuşdur.
Yeni əsrin və yeni minilliyin başlanğıcında Ümummilli lider Heydər Əliyev siyasətini davam etdirmək gücündə və iqtidarında olan, başlanılan qlobal işləri, transmilli layihələri uğurla həyata keçirə biləcək, Azərbaycanı Ulu Öndərin görmək istədiyi zirvələrə qaldıracaq yeganə lider möhtərəm Prezident İlham Əliyev idi. Ümummilli Lider Heydər Əliyev də 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına tarixi müraciətində tam haqlı olaraq, cənab İlham Əliyevə böyük etimadını ifadə etmiş və bəyan etmişdir ki, "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək”. Təbii ki, Azərbaycan xalqı heç bir tərəddüd etmədən və əminliklə Ümummilli Liderin bu müraciətinə dəstək verərək Prezident seçkilərində cənab İlham Əliyevə yüksək etimad göstərmişdir. Beləliklə, xalqımız növbəti dəfə müdriklik göstərərək öz qərarını vermiş, Ulu öndər Heydər Əliyev siyasətinin ardıcıllığının təmin olunmasını dəstəkləmişdir. Ali kürsüdə fəaliyyətə başlayan ilk gündən cənab Prezident İlham Əliyev bəyan etmişdir ki, Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıca şərt ölkədə Ümummilli lider Heydər Əliyevin siyasətinin davam etdirilməsidir. Çünki təcrübəli siyasətçi, geniş dünyagörüşünə malik müasir lider cənab Prezident İlham Əliyev çox dəqiq müəyyən etmişdir ki, yalnız Ulu öndər Heydər Əliyev strategiyasını həyata keçirməklə, onun qoyduğu siyasi yolu davam etdirməklə Azərbaycanı güclü dövlətə çevirmək mümkündür. Ona görə də dövlət başçısı xalqa müraciətində demişdir ki, "Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Ümummilli lider Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”.
Bu gün Ulu Öndər Heydər Əliyevin ideyaları yaşayır və siyasi kursu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla  davam etdirilir. Ümummilli Liderin başladığı, lakin sona çatdıra bilmədiyi işlər dövlət başçısı tərəfindən ardıcıllıqla həyata keçirilir. Azərbaycanın müstəqilliyini əbədi, dönməz edən dahi şəxsiyyətin  ideyaları həmişə  yaşayacaqdır. Cənab Prezident İlham Əliyevin dövlət başçısı kimi nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti ilk gündən ona böyük ictimai dəstək, xalqın sonsuz inam və etibarını qazandırmışdır. Bu gün Azərbaycan xalqı, hər bir vətəndaşımız Ali Baş Komandanın və şanlı ordumuzun ətrafında yumruq kimi sıx birləşərək işğal altında olan bütün torpaqlarımızın azad ediləcəyi günü səbirsizliklə gözləyirlər. Və şübhə yoxdur ki, Ali Baş Komandan və onun rəhbərliyi ilə Azərbaycan Ordusu Azərbaycan xalqının ümidlərini yenə də doğruldacaq və Azərbaycan haqq işində zəfər çalacaqdır! Bu gün işğaldan azad olunmuş tarixi ərazilərimizdə üçrəngli Azərbaycan bayrağının qürurla dalğalanması isə müstəqillik günümüzə ən böyük hədiyyədir!

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatının sədr müavini
Elşən Əzizov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025