Mobil versiya
Gülər Sultanzadə: “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması hərbi-siyasi qələbənin təcəssümüdür”
Tarix: 28-08-2023 | Saat: 09:30
Bölmə:Gündəm / Özəl | çapa göndər

Gülər Sultanzadə: “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması hərbi-siyasi qələbənin təcəssümüdür”

“Laçın məsələsi Ermənistanın və onun havadarlarının, ən əsas da Qarabağda yaşayan azərbaycanlılara qarşı hələ 30 il bundan əvvəl qiyam qaldırmış, həmin qondarma qurum rəhbərliyinin növbəti təxribatıdır. Azərbaycan tərəfinin Laçın sərhəd-buraxılış məntəqəsindən bütün humanitar yüklərin buraxılması üçün lazımi şəraiti yaratmasına baxmayaraq, oradan hətta Beynəlxalq Qırmızı Xaç Komitəsinin humanitar yüklərinin sırasında aidiyyəti olmayan yüklər keçirilməyə cəhd olundu və bunun da üstü açıldı. Bundan sonra dəfələrlə Azərbaycan tərəfi, istər oradakı müvəqqəti yerləşən Rusiya sülhməramlılarına, istərsə də onların vasitəsilə həmin qurumun rəhbərliyinə, erməni ictimaiyyətinə, həmçinin Ermənistan rəhbərliyinə xəbərdarlığını etdi ki, bu yol həm uzundur, həm də təhlükəlidir. Bildiyiniz kimi, qarşı tərəfindən dəfələrlə bizim mövqelərimizə atəş açılıb. Ona görə də ən qısa və sərfəli yol olan Azərbaycanın Ağdam rayonu istiqamətində karqo açıla bilər və buradan istər Rusiya sülhməramlıları, istərsə də erməni əhalisi üçün humanitar yüklər daşına bilər.
Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılmasını həzm edə bilməyən Ermənistan tərəfi və onu himayə edən qüvvələr, ölkəmizi guya Ermənistanla sərhəddə vəziyyəti gərginləşdirməkdə, Qarabağ bölgəsində humanitar böhran yaratmaqda təqsirləndirirlər. Rəsmi İrəvan bu cür cəhdlərlə Azərbaycanın daxili işlərinə müdaxilə etməklə yanaşı, uzun illərdən bəri ölkəmizə qarşı həyata keçirilən təcavüzkar siyasətlərinə fərqli don geyindirməyə çalışır.”

Bu sözləri AİA.Az-a verdiyi açıqlamasında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin əməkdaşı, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının fəal üzvü Gülər Sultanzadə deyib.

Müsahibimiz bildirib ki, “Ermənistan tərəfinin öhdəliklərindən boyun qaçıraraq öz silahlı qüvvələrini Azərbaycan ərazilərindən çıxarmamasının, yalnız humanitar məqsədlər üçün istifadə olunan Laçın yolundan Azərbaycanın təbii sərvətlərinin daşınması, o cümlədən mina təhdidinin davam etdirilməsi məqsədilə istifadə etməsinin regionda sülh və təhlükəsizliyin bərqərar edilməsinə maneə olduğu bir danılmaz həqiqətdir.
Eyni zamanda sərhədimizin toxunulmazlığının təmin olunması məsələsi ölkəmizin milli təhlükəsizliyi ilə yanaşı, qanunun aliliyinin də tələbidir. Dövlət təhlükəsizliyinin pozulmasına yönəlik təhdidlərə qarşı suveren ərazimizdə sərhəd-buraxılış məntəqəsinin yaradılması beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq tam qanuni addımdır. “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması yaxın gələcəkdə Qarabağda qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələrinin çıxarılması, həmçinin separatçıların tərksilah olunması baxımından böyük önəm daşıyır. Tarix boyunca “miskin millət” obrazını təbliğ edən rəsmi İrəvanın manipulyasiyaları həqiqətin təhrif olunması və süni qalmaqallar üzərindən qurulmuşdu. Odur ki, “Laçın” sərhəd-buraxılış məntəqəsi ətrafında aparılan oyunları bilavasitə Azərbaycana qarşı yönəlmiş informasiya müharibəsinin təzahürü kimi qəbul olunmalıdır.
Ermənilər və onların havadarı olan bəzi dövlətlər “humanitar böhran” bəhanəsi ilə Azərbaycana təzyiq göstərməyə, yolun erməni separatçıları üçün maneəsiz fəaliyyət göstərməsinə çalışır, müxtəlif məkrli oyunlara əl atırlar.
Lakin Azərbaycan tərəfi öz mövqeyini dəyişməyəcək. Çünki indiyədək baş verənlərin hamısında ölkəmiz öz mövqeyi üzərində dayanıb. Həmin separatçı rejimin və onların rəhbərliyinin haqlarını hər hansı hüquq müstəvisində Azərbaycandan tələb etmək haqqı yoxdur. Ermənilərin 1988-ci ildə başladıqları mübarizə çox qısa zamanda silahlı təxribat, terror və dinc insanlarımıza qarşı müharibəyə çevrildi. Nəinki Ermənistanda, eləcə də Qarabağın bütün rayonlarında münaqişə zəminində silahlı terrorçuların təzyiqi nəticəsində insanlarımız öldürüldü, əsir-girov götürüldü, itkin düşdü və doğma yurdlarından didərgin oldular. Hesab edirəm ki, ona görə də ermənilər vaxt itirirlər və Azərbaycan dövlətinin onlara təkliflərinə mütləq şəkildə adekvat cavab verməlidirlər. Əks halda, onlar Qarabağı tərk etməlidirlər. Belə ki, orada əlisilahlı 10 mindən çox terrorçu var. Buna isə heç bir normal və sivil ölkə dözüm göstərə bilməz.”-deyə müsahibimiz fikrini yekunlaşdırıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025