Mobil versiya
AZƏRBAYCAN-ÖZBƏKİSTAN ƏLAQƏLƏRİ MÖHKƏM TƏMƏLLƏR ÜSTÜNDƏ QURULUB!
Tarix: 24-08-2023 | Saat: 18:57
Bölmə:Özəl | çapa göndər

AZƏRBAYCAN-ÖZBƏKİSTAN ƏLAQƏLƏRİ MÖHKƏM TƏMƏLLƏR ÜSTÜNDƏ QURULUB!

Azərbaycan və özbək xalqları arasında ənənəvi dostluq və qardaşlıq əlaqələri tarixən mövcud olub. Eyni kökə malik, ortaq tarixi, dini və mədəniyyəti bölüşən iki dost və qardaş xalqlar arasında əlaqələrin tarixi qədim dövrlərə çıxır. Ölkələrimiz müstəqillik qazandıqdan sonra isə diplomatik münasibətlər 1995-ci il oktyabrın 2-də qurulub. İki qardaş xalq arasında mədəni əlaqələr sovet dönəmində də xeyli inkişaf edib. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı onminlərlə azərbaycanlı Özbəkistanda sığınacaq tapıb. 1966-cı ilin aprelində dağıdıcı zəlzələdən sonra Daşkəndin bərpasında azərbaycanlılar da yaxından iştirak ediblər. Bu gün 70 minə yaxın azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir. Azərbaycanla Özbəkistanın dövlət müstəqilliklərini əldə etdikdən sonra tarixi dostluq, qardaşlıq münasibətləri daha da inkişaf etdirilib və uzun illərin sınağından çıxaraq bugünkü səviyyəyə gəlib çatıb. Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında və dövlətlərarası münasibətlərin formalaşmasında Ulu Öndər Heydər Əliyevin və Özbəkistanın sabiq prezidenti İslam Kərimovun müstəsna xidmətləri olub. Hazırda Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri də həlledici rol oynayır. Təsadüfi deyil ki, hər iki prezident dövlət səfərləri və rəsmi səfərlərdən əlavə, müxtəlif beynəlxalq tədbirlər çərçivəsində də tez-tez görüşürlər. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin avqustun 22-də baş tutan Azərbaycana dövlət səfəri qardaş ölkələrimiz arasında münasibətlərin tarixində yeni səhifə olmuşdur.
Səfər çərçivəsində Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və çoxşaxəli əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib. Son illərdə Özbəkistanla Azərbaycan arasında münasibətlər keyfiyyət baxımından yeni inkişaf mərhələsinə qədəm qoyaraq "strateji dərinlik" əldə edib. Qarşılıqlı səmərəli əməkdaşlıq üçün yeni perspektivlər açılmaqdadır. Bunun əsasını 130-dan artıq dövlətlərarası, hökumətlərarası və idarələrarası razılaşmaları əhatə edən böyük miqyaslı hüquqi müqavilə çərçivəsi təşkil edir. Azərbaycanla Özbəkistan arasında əlaqələr, yüksək səviyyəli münasibətlər yaxın 5-10, hətta 20 ilə təsadüf etmir. Bakı ilə Daşkənd arasında ikitərəfli münasibətlərin tarixi əsrlərə dayanır. Səlcuqlar, Xarəzmşahlar, Teymurilər, bütövlükdə Türküstan adlanan dövrdən formalaşan bu əlaqələr əsrdən-əsrə keçdikcə yeni mahiyyət və məzmun almış, Azərbaycanla Özbəkistan arasında ikitərəfli əməkdaşlıq keyfiyyətcə yeni bir mərhələyə qədəm qoymuşdu. Hər nə qədər qəbul etməsək və bu günlər imperiya deyib lənətləsək də etiraf etmək lazımdır ki, Bakı ilə Daşkənd arasında əlaqələrin inkişaf etdirilməsində keçmiş SSRİ-nin də “payı” az olmayıb. Hər iki ölkənin müttəfiq respublikalar tərkibində olması bu əlaqələri təkcə ittifaqdaxili deyil, eyni zamanda, ikitərəfli formatda da inkişaf etdirirdi. Azərbaycan-Özbəkistan əlaqələri son illər yeni çağırışlara uyğun inkişaf edir, dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri, aparılan danışıqlar ikitərəfli əməkdaşlığın inkişafında mühüm əhəmiyyət kəsb edir. Eyni soy-kökə və uzun tarixə söykənən Azərbaycan-Özbəkistan əlaqələri bu gün yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilir. İki ölkə arasında bu vaxtadək imzalanmış 160-dan çox sənəd, o cümlədən Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə bu əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradıb.
Azərbaycanın Özbəkistan, eləcə də digər Orta Asiya ölkələri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin və xalqlarımızın, həm də bütün türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verməkdədir. Cənab Prezident İlham Əliyevin bütün səfərləri zamanı əldə edilmiş razılaşmalar Mərkəzi Asiyanın aparıcı ölkələrindən olan Özbəkistanla əlaqələrimizin yeni mərhələdə əsas konturlarını müəyyənləşdirib. İki ölkə arasında dostluğun rəmzi olan beş korpusdan ibarət məktəb binası Özbəkistan dövlətinin işğaldan azad olunmuş Füzuli torpağına və füzulililərə qardaş töhfəsidir. İllər keçəcək, zaman ötəcək, amma qardaş ərməğanı yaddaşlarımızda əziz xatirə kimi qalacaq.

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi
Aqşin Əliyev



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025