Mobil versiya
İmmlinq Beynəlxalq Opera Festivalının rəsmi və təntənəli bağlanış mərasimi keçirilib - FOTOLAR
Tarix: 15-08-2023 | Saat: 10:21
Bölmə:Özəl / Seçki 2024 | çapa göndər

İmmlinq Beynəlxalq Opera Festivalının rəsmi və təntənəli bağlanış mərasimi keçirilib

13 avqust Almaniyanın mədəniyyət mərkəzlərindən sayılan Bavariyanın Badendorf şəhərində İmmlinq Beynəlxalq Opera Festivalının rəsmi və təntənəli bağlanış mərasimi keçirilmişdir.

Həmin gecə son illərin ənənəsinə uyğun olaraq Bavariya Festival Orkestri üç müxtəlif ölkənin tanınmış dirijorunun rəhbərliyi altında çıxış edirdi - Festivalın bədii rəhbəri Korneliya fon Kersenbrok (Almaniya/Avstriya), Azərbaycan Dövlət Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Respublikanın əməkdar artisti Əyyub Quliyev və Gürcüstan Dövlət Konservatoriyasının professoru Mixail Edişaraşvilinin ifasında operalardan Üvertura, ariya, duetlər, ansamblar və müxtəlif musiqi parçaları dinləyicilərə təqdim olunmuşdur.

Minə yaxın insanın izlədiyi konsert salonunda yer çatışmazlığı və pərəstişkarların xüsusi marağını nəzərə alaraq əsas giriş qapısı açılaraq küçədə əlavə oturacaqlar yerləşdirilmişdir. 4 saata yaxın davam edən konsertdə Almaniya, Meksika, Çili, Uels, Avstriya, Kosova, Qazaxıstan, Ukrayna, Koreya və Gürcüstandan dəvət olunmuş istedadlı müğənnilər böyük məharətlə çıxış etmişlər.

Gecənin sonunda dirijor Əyyub Quliyevin rəhbərliyində ifa olunan dahi Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baletindən fraqmentlər musiqi sevərlər tərəfindən sürəkli alqışlarla qarşılanmışdır. Ənənəyə sadiq olaraq festivalın son konsertində yekun əsər Azərbaycan bəstəkarına məxsus olur. 2022-ci ildə dahi Üzeyir Hacıbəylinin “Koroğlu” operasına Üverturası, 2021-ci ildə isə Maestro Niyazinin “Qaytağı” simfonik rəqsi dirijor Əyyub Quliyev və Bavariya Festival Orkestri tərəfindən səsləndirilərək böyük rezonansa səbəb olmuşdu. Qeyd etmək lazımdır ki, 10 iyunda Rixard Ştrausun “Salomeya” operası ilə başlayan İmmlinq Beynəlxalq Festivalı iki ay ərzində bir sıra əsərlərin yeni quruluşda təqdimatı - C. Verdinin “Nabukko” , A. Piazzolanın “Mariya Buenos Ayres” operaları və Q. Malerin 2-ci simfoniyasının uğurlu ifaları ilə yadda qalmışdır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə